четверг, октября 02, 2008

MƏKTƏBƏ GEDƏNLƏRİMİZ

(və ya məktəbə gedən yol bazardan keçir)

Budur, yay arxada qaldı. Növbəti dərs ili başlamaqdadır. Kimiləri birinci olduqlarından həvəslə onlar üçün təzə alınmış çantalarını götürüb dərsə yollanacaq. Kimisi də belinə bir qırxvərəqli dəftər taxıb üz tutacaq məktəbin həyətinə.

Şagird olanda ən çox sevdiyim vaxtlar bu vaxlar idi. Belə ki, dərs ilinin açılışına bir həftə qalmış anam əlimdən tutub məni bazara aparardı. Karandaş çərtəndən tutmuş köynəyədək hər şeyin təzəsin alıb evə qayıdardıq. Yadımdadır, o vaxt dərs başlayanadək mənə alınan təzə paltarları hər gün ən azı iki dəfə geyinib evin işində gəzərdim. Məktəblərin açılmağın həvəslə gözləyərdim ki, təzələrimi geyinib məktəbə gedim.

İndi də ətrafımdakı məktəblilərin həmin həyacanı və sevinci keçirdiyini görürəm. Ancaq görəsən valideyinlər necə? Onlar da yeni dərs ilinin açılmasına şagirdlər qədər sevinirlərmi?

Belə ki, necə ki, mən heç anamın pul kisəsin nəzərə almadan “bunu da al, bu da lazımdır” deyirdim. Və anam da mənim könlümü qırmamaq üçün nə istəsəm alırdı. Bu cür də indiki şagirdlər. Nə gördülər, istəyirlər. Özü də təzəsindən və yaxşısından. İndi gəl iyirmi birinci əsrin şagirdinə valideyinlik elə, görüm neçə edirsən.

Bazarlar da, maşaallah, qiymətlərin istisindən od tutub yanır. Qiymətlər şişib olub dağ boyda. Orta aylıq əmək haqqını götürüb bazara getsən, heç sənə salam da verməzlər. Uzağı üç-dörd dəftər, bir ucuzvarı çanta, bir də xırım-xırda – vəssalam. Evə gəlməyə yol pulun qalsa, böyük şeydi.

Adam bazardakı qiymətləri görəndə heç məktəbə getmək belə istəmir. Hələ mən hər gün bufet pulu, süpürgə pulu, zibil pulunu demirəm. Bunları qabaqcadan fikirləşən valideyn hələ yayın başlanmasından pul yığmaqla məşğuldu. Əgər bu valideyn müəllimdirsə, onda heç. Ta denən uşaq məktəbə zada getməsin dəəə.

Onları da qınamaq olur. Neyləsinlər axı? Bu cəmiyyətdə ən hörmətli peşə müəllimlikdi, onların da aldığı məvacıb yol polisinin bir günlük “qazancı”na bərabərdi. Hələ bəlkə də azdı. Həmən müəllim də oturub fikirləşir neyləyim-neyləyim, axırda məcbur olur əlavə məşğələ keçməyə. Və beləliklə öz yaşayışını təmin edir.

Şagirdlər də dərsdə öyrəndiyi “yüksək” bilikləri müəllim yanına getməklə möhkəmlədirlər. İndi Azərbaycanda müəllim yanına getmək moddur. Əgər sən onuncu və ya on birinci sinifdə oxuyursansa müəllim yanına getmirsənsə, deməli qlobal miqyaslı qəbahət bir iş görürsən. Bəlkə evinizə BMT-dən, ATƏT-dən zəng-zad da gəldi ki “a bala, sənə nə olub? Nəyə görə oturmusan evdə, hazırlığa getmirsən?”

Zarafat bir yana, müəllimlərin və şagirdlərin birgə “səyi” nəticəsində ölkədə bir düz-əməlli təhsil yoxdu. Kimisi bunu atır müəllimlərin məvacibinin üstünə, kimisi də kompüter, cib telefonlarının üstünə. Güya onlar şagirdlərə dərs oxumağa imkan vermir. Bu cür fikirləşənlərə demək istəyirəm ki, sizin o sevdiyiniz Qərbdə bunlardan “N” qədərdi. Özü də sənin uşağın hələ “klaviaturadakı” həriflərin yerini axtaranda, qərbdəkilər sayt-zad acırlar. Bu məntiqlə onlar “avaranın” böyüyü olmalıdılar. Amma olmurlar. Əvəzində Kembriç kimi təhsil oçağı meydana gəlir. Niyə? Çünki onlarda uşaq vaxtlarından dərsə həvəs oyadılır. Elə belə də olmalıdı.

Şagirddə dərsə həvəs olmaldı. Əgər dərsə həvəs olsa, o, mütləq bir təhər oxuyacaq. Bu həvəs də göydən düşmür, ailədən ötürülür. Əgər ailə uşağa düzgün istiqamət versə, onu elmə, təhsilə həvəsləndirsə, şagirdlərdə də həvəs olar.

Ailədə bu istiqamətin verilməsi üçün gərək onun təməlləri möhkəm olsun. Belə ki, dədə-babalarımızdan bizə ötürülən dəyərlərə sahib çıxsaq, təməli möhkəm ailə qurmaq mümkündür. Yoxsa ki, bu gün televizordan, küçədəki reklamlardakı şəkillərdən və s. gələn əxlaqsızlığı ailə evin yüxarı başına keçirirsə, onda nə sağlam ailədən, nə dərsə həvəskar şagirddən, nə də yüksək təhsildən danışmaq olmaz. Vallah olmaz.

Əgər mənə inanmırsınızsa, pəncərənin pərdəsini aralayıb bir küçəyə baxın. Onda nə dediyimi anlayacaqsınız....

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: