Artıq payız fəsli öz gözəl sarı ləçəkləri ilə qonağımızdır. Bu gün susuz qalan təbiət doyunca yağış suyundan bəhrələnəcək. Nə yaxşı ki, Uca Yaradan bizi tənha qoymur.
Bəli, səhər yağan yağış öz sərin damcılarını üz-gözümə vurur və təbiətin gözəlliyinə heyran olurdum. Gözəl, belə desək, yaxşı əhvalla evdən çıxıb işə yola düşdüm. Hələ də təbiəti seyr edir, bizi və hər şeyi yoxdan var edən Varlıq haqqında düşünürdüm. Maşın səsləri məni düçüncələrimdən ayırdı. Özümü yeni salınmış körpümüzün yanında gördüm. Körpünü keçib, marşrutla getməli idim. Lakin körpünün altında əmələ gəlmiş gölü görəndə fikrimdən döndüm. Mən ya geri dönməli, ya da bir qayıq tədarük etməli idim ki, yeni, adsız gölü keçib işə gedim. Vallah nə deyim, belə hallarla qarşılaşanda evdən çıxmağıma peşiman olursan. Əziyyətlə də olsa, bu xoşagəlməz mənzərəni keçib, getdim. Marşrutda əyləşib pəncərədən yollara baxırdım. Kələ-kötür yerlərdən keçərkən təkərlərin maşınlara, bəzən də insanların üst-başlarına çırpdıqları palçıqlı sular, mənə yolları yuyan su maşınlarını xatırlatdı. Görəsən indi bu su maşınlarını hardan tapmaq olar? Bəlkə də ölkəmizdə maşınların çoxluğundan su maşınlarına yer qalmayıb. Hər səhər küçələrə su səpib, təmizləyən maşınlara baxanda çox rahat olurduq. Çünki yerin çirkləri yuyulub, təmizlənirdi. Amma indi bir ümid qalıb yağışa. Və biz şükr etməliyik ki, Allahın göndərdiyi yağışla nəinki yollar, hətta torpaq və ağaclar da su ilə təmin edilir.
İnsan gərək abadlaşdırma işi aparanda onu bərbadlaşdırmasın. Əgər biz yol, körpü çəkiriksə və yaxud başqa işlər görmək isəyiriksə bunu səliqə, səhmanla etməliyik. Başqalarını düşünmək borcumuzdur. Hər gün evdən çıxıb, narahatçılıqla qarşılaşan insanlara yazığım gəlir. Axı on beş dəqiqəlik yolu bir saata və yaxud bir saatlıq yolu iki saata getmək zülm deyil, bəs nədir?! Bəzən də tıxaclardan bezən sürücülərin, sərnişinlərin əsəbləşməsi adamı yorur. Bilmirsən işə gecikmək haqqında düşünəsən, ya bu əsəbi adamları başa salasan. Hələ marşrutda siqaret tüstüsünü demirəm. Sürücü biri sönməmiş o birisini yandırıb, qoyur damağına. İstəyirsən deyəsən ay sürücü qardaş, siqaretin tüstüsü sərnişinlərə təsir edir axı! Sürücü elə danışır ki, soz deməyə peşman olursan.
Nə isə... Deyəsən mənim dərdim, şikayətim çoxdur, əlacı da yoxdur. Amma Uca Varlıqdan ümid kəsilməz. Bir də, hər kəs nə edir özünə edir. Bəs yaxşı deyiblər "Nə tökərsən aşına, o da çıxar qaşığına".
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий