Ay qardaş, deyirəm insanları heç tanımaq olmur. Qardaş, hər gün rastlaşdığın, salam-sağolun olan insanlardan bir də görürsən elə hərəkətlər çıxır, qalırsan lap mat-məəttəl. De, qonşumuz Dayandur kişi. Hamının hörmətini, izzəttini qazanmış ağsaqqal. Bu kişi elə bir neçə qohum-əqrəbası ilə qonşu məhəllədə yaşayır. Keçən gün evə gəlirəm, nə görsəm yaxşıdır?! Yalan olmasın daha rayonun ən ali məmuru qalmamışdı ki, topalaşmasın onun blokunun ağzına. Day məmurlar, qonşular, jurnalistlərin əlindən tərpənmək mümkün deyil. Fikrimə elə gəldi ki, yəgin yazıq kişinin evində bir qəza baş verib. Sən demə bu kişi nə işlərdən çıxırmış?! Deyim siz də qulaq asın.
Bu ağsaqqal, sən demə evində elə bir həyati təhlükəli silahlardan istifadə edirmiş ki, bunların adını çəksəm dəhşətə gələcəksiz. Bundan xəbər tutan məmur yazıqlar da neyləsinlər?! Dərhal tökülüşüb baş verə biləcəklərin qarşısını alıblar. Sən bu yaşda bu kişinin istifadə etdiyi alətlərə bax. Məni ən çox bu alətlərdən narahat edəni bıçaq və baltalar oldu. Sən bu “radikal”da cəsarətə bir bax. Ay qardaş, adam da bu qədər qəddar olar ki, evində bıçaq saxlasın. Daha dözə bilmirəm, ee bu insanın hərəkətlərinə. Gəlsənə bütün üzə çıxarılmış silah-sursatı sayım. Özü də qeyd edim ki, o, bunları dediyim o binalarındakı qohumları ilə birgə toplayıb. Özünüzü hazırlayın və qorxmayın sayım. Deməli, Azərbaycanın xəritəsi, 2 və 5 manatlıq sim kart, iynə-sap, çəkmələr, özü də firminni, bir putulka yanacaq rəngində sok (sarı duşes), mişar, qısaqol köynək və daha nələr nələr. Ay başuva dönüm, ən dəhşətlisi, millət aclıq içində olduğu bir vaxtda bunlar birləşib qış üçün küllü miqdarda qida məhsulları tədarük ediblər.
Sən “yekəbaşlığa” bax. İndi ha qışqır mən terrorist deyiləm. Bu insan utanmayaraq üstəlik bir indiyədək özünü bizə dindar kimi göstərərək saqqal-zad da saxlayıb. Axtarış zamanı evindən lezva da tapılıb. Biabırçılığa bax! Kişi indiyədək süni saqqal taxırmış. Kişini maşına mindirərkən son söz olaraq qonşulara məsləhət verməyi də unutmayıb. “Camaat vallah mən terrorist deyiləm. Amma neyləyim nəfsimə qurban olub, lazımlı şeyləri tədarük etmişəm, inflasiyadan ötrü. Amma qoymadılar. Sizə məsləhətim budur ki, heç kəsin gözünə pis görsənməyin. Özünüzü gözləyin. Əlvida. Mənim də kitabım bağlandı”.
Adama deyərlər a kişi günahlı ola-ola bir yazıq sifəti də eliyirsən. Onsuz da daha sənə çarə bulunmayacaq.
«Dəyərlər»
Комментариев нет:
Отправить комментарий