вторник, октября 07, 2008

Qadının dəyəri

Dinimiz qadına bir bütövün yarısı nəzəriylə baxır. Qadın elə bir bütünün hissəsidir ki, digər hissənin işə yaraması üçün onun mövcudiyyəti şərtdir.

Yalnız xanımlar deyil, əslində kişilər də gerçək qiymətlərini və şəxsiyyətlərini İslamla tapmışlar. Peyğəmbərimiz (s) həqiqi kişiliyi zorbalıq, kobudluq və qabalıqda deyil, nəfsinə hakim olmaqda, comərdlikdə və fəzilətdə olduğunu göstərmişdir. Dinimizdə qadın eynilə kişi kimi ictimai həyatın bir parçası olaraq qəbul edilir. Onun fikri nəzərə alınar və onunla müşavirə edilər. Bunun praktikada ən gözəl nümunəsini də şəxsən kainatın fəxri - Həzrət Peyğəmbərimiz (s) vermişdir.

Onun ki, qarşısına çıxan bütün məsələ və problemlərin həllini birbaşa Allah tərəfindən həll edilmişdir. Bununla belə o Həzrət, çox vaxt həyat yoldaşıyla oturar və bir yoldaş kimi onunla bəzi məsələlərin müzakirəsini aparardı. Allah Rəsulunun (s) belə bir şeyə ehtiyacı yox idi, amma o, ümmətinə bir şey öyrətmək istəyirdi: Qadın o günə qədər olduğundan çox fərqli bir yerə oturdulacaqdı və Həzrət (s) həyatda bu əhəmiyyətli vəzifəni əmələn təmsil edirdi.

Quran əslində kimlərin qadına necə dəyər verdiyini açıq bir dillə izah edir. Ayələrə əsasən müşriklər qadına dəyər verməz, əksinə onu daima həqiqi dəyərindən dəfələrcə alçaltmışlar. Müqəddəs kitabımız bu haqda buyurur; "Dedilər ki: "Bu heyvanların qarınlarında olanlar yalnız kişilərimizə aiddir, qadınlarımıza isə haram buyurulmuşdur. Əgər (bala) ölü doğularsa, o zaman (qadın-kişi) hamısı onda ortaqdır". Allah bu dəyərləndirmənin cəzasını vərəcəkdir" («Ənam», 139). Başqa bir yerdə Allah müşriklərin qadına verdiyi dəyər haqda buyurur: "Onlardan biri qızla (övladı) müjdələndikdə qəzəblənərək üzləri qaralar. Özünə verilən müjdənin pisliyindən qövmündən gizlənər. Onu (körpə qız uşağını) alçalmış kimi yanında saxlasın, yoxsa torpağamı basdırsın! Baxın ki, verdikləri hökm nə qədər pisdir"! («Nəml», 58-59)

Müşriklərin qadına belə yanaşmasından tam fərqli olaraq İslam üzağardıcı, qəlbləraçıcı bir baxış, yanaşma təqdim etdi bəşərə. İslamı bu yanaşması ilə xilas etdi bəşəri qadina olan yalnış və həlakedici rəftarından. Qadını bir bütünün bərabər parçası olaraq təqdim edən İslam buyurur: "Onlar sizin üçün libas,geyim, sizdə onlar üçün libassız". («Bəqərə», 187).

Bir gün Əsma binti Umeys öz əri Cəfər ibn Əbutaliblə Həbəşistandan qayıdandan sonra Allahın Peyğəmbərinin (s) xanımlarının yanına gedib dedi: "Bizim (qadınlar) barəmizdə də Quranda bir şey varmı?" Dedilər: "Yox". Əsma Allahın Peyğəmbərinin (s) yanına gəlib ərz etdi: "Ey Allahın Peyğəmbəri (s), qadınlar məhrum və uduzmuşlardır". Allahın Rəsulu (s) buyurdu: "Nəyə görə"? Əsma dedi: "Çünki onları kişilər kimi yaxşılıqla xatırlamırlar". Sonra Allah-Təaladan bu ayə nazil olur: "Müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, itaətə davam edən kişilər və itaətə davam edən qadınlar, doğru kişilər və doğru qadınlar, səbr edən kişilər və səbr edən qadınlar, təvazökar kişilər və təvazökar qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, namuslarını qoruyan kişilər və (namuslarını) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və zikr edən qadınlar var ki, Allah məhz bunlar üçün bir məğfirət (bağışlanma) və böyük mükafat hazırlamışdır" («Əhzab», 35).

Bu hissələrdən hər biri digərinin həqiqi dəyərini tanıması baxımından əhəmiyyətli bir əsasdır. Əlverişli olar ki, Rəbbimizin qoyduğu ölçülərə riayət edilsin və tarazlıq üçün yaradılan bir şey tarazlığın əleyhində istismar edilməsin... Peyğəmbər (s) hərəkətləriylə qadınlara qarşı necə lütfkar davranırdısa, sözləriylə də həmişə bu şəkildə davranmağı təşviq edirdi. Bir hədisdə Həzrət (s) belə buyurur: "Möminlərin iman baxımından ən qüsursuzu əxlaqı ən gözəl olanıdır".

Digər hədisdə isə belə buyurur: "Əxlaqı ən gözəl olanınız da qadınlarınıza ən gözəl davrananlarınızdır".

Bir başqa yerdə buyurur: "Bəndənin imanı artdıqca, onun qadına olan sevgisi də artar".

İmam Cəfər Sadiq (ə) qadını sevməyin bəyənilməsi haqqında belə buyurur: "Qadın sevgisi peyğəmbərlərin əxlaqındandır".

Hədisləri çoxaltmaq da olar. Məlum olanı budur ki, qadınlıq o Həzrətin (s) nurlu bəyanlarıyla öz şərəfinin zəmanəti altına girmiş, o günə qədər ayaqlar altında tapdalanan, xor və alçaq bir varlıq olmaqdan xilas olmuşdur.

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: