(və ya Qababağ fidanlarının nalələri)
Mübarək Ramazan ayının 24-cü gecəsi, saatlar 02:10-u göstərir. İsti yatağımdaykən bayırda rəhmət yağışı yağır, soyuq külək yağışı 4 cəhətə çatdırmağa tələsirdi. Bir an artıq yata bilməyəcəyimin fərqinə vardım. Haradansa mənə yetişən fələstinli bir uşağın məktubundakı hisslərini, arzularını xatırladım. Sonra bu payız gecəsi yağış damcılarının sədaları altında xəyalım məni Hərami düzünün əqrəbli çöllərinə, İmişli, Bərdə, Biləsuvar və digər qaçqın düşərgələrindəki, sərhəd bölgələrindəki yaşayan körpələrin, məktəblilərin yanına apardı. Yüyənini durdura bilmədiyim xəyal atı sürətlə məni İraqa, Əfqanıstana, Kəşmirə, Afrikanın sərvətləri sovrularaq körpələri çarəsiz buraxılan regionlarına aparır.
Davam edir xəyal atımın səfəri Qarabağın çöllərində, düzlərində, boşaldılmış kəndlərində, sahibsiz buraxılmış məscidlərində, azan sədalarına muştaq minarələrində, ziyarətlərinə həsrət qəbir daşlarında, Mil düzündə, İsa bulağında, Ağdam bazarında. Sonra bir də keçir xəyalım ikiyə parçalanmış Fələstindən, qəsb olunmuş, təməlləri qazılmış Qüdsdən, Əqsa məscidindən, qalın və hündür betonlarla hasarlanmış sionist çəpərindən, sionist işğala məruz qalmış bütün müsəlman torpaqlarından.
Artıq tükənir tabu-təvanım, kəsilir səbru-qərarım. Siz əzizlərimlə bölüşməyə qərar verdim bu məktubu. Məktubu bir daha oxuyarkən eyni hissləri bir qulağıma fələstinli uşaq, digərinə qarabağlı uşaq pıçıldayırdı, bir gözümdə Fələstin faciəsi, digərində isə Qarabağ faciəsi canlanırdı. Bir tərəfdə qaçqın düşərgələrimiz və sərhəd bölgələrindəki balalarımızın çarəziszlikləri, digər tərəfdə fələstinli balalarımıza olunan zülmlər. Buyurun, məktubla tanış olun, müsəlman balalarının fərqlənməyən düşüncələri ilə bir daha tanış olun.
"Mən fələstinli uşağam, - bütün dünyanın uşaqları kimi. Lakin haqlarımdan digər uşaqlar kimi istifadə edə bilmirəm. Evimdə televizora baxarkən uşaqlar oyun oynayırlar, qaçırlar, gülürlər, dalaşırlar. Onları gördüyüm an mən diqqət edirəm: "mən bütün bu şeylərdən məhrum qaldım. Mənim də haqqım var; bu həyatda digər uşaqlar kimi normal yaşamaq istəyirəm".
Qəlbimdə bir acı hiss edirəm, içimdə bir həsrət var. Bu mənim ən gözəl çağlarımdır. Bütün vaxtım evdə keçir. Sanki, sanki evdə həbsxanadakı kimiyəm. Hər yerdə israilin hücumları və raketləri var. Mən həbsxanadan çıxış yolunu tapa bilmirəm.
Mən bu uşaqları televizorda görəndə onlar idman zallarına, kitabxanalara, parklara, istirahət mərkəzlərinə gedirlər. Və mən öz-özümə düşünürəm; "Niyə mən onlar kimi deyiləm? Mənim günahım nədir ki, onlar kimi ola bilmirəm"? Butün arzum onlar kimi ola bilməkdir. Təmənnam oxumaq, oynamaq, ayrı-seçkilik olmadan fəaliyyət göstərməkdir. "İNSAN KİMİ YAŞAMAQ İSTƏYİRƏM"! BÜTÜN İNSANLAR KİMİ MƏNİM DƏ BUNA HAQQIM ÇATIR, MƏNİM DƏ BELƏ BİR HAQQIM VAR. Amma bunu deməyə utanıram.
Bəli, HAQQIM! Yemək yemək, qış gələndə qızınmaq, yatmaq... Amma soyuqda və ac ikən yatmaq istəmirəm. Xərcliyimi almaq da haqqımdır, amma bunu atamdan istəyə bilmirəm. Ürəyimin istədiyi şeyləri ala bilmirəm. İstəyirəm ki, vəziyyət düzəlsin. Gözəl bir həyat istəyirəm və haqqlarımız əlimizdən alınmasın. Həyatda gözəl bir gələcəyimiz olsun. Bərabərlik içində gözəl bir gələcək istəyirəm".
Ya Sahib-əz-Zaman (ə.f.), bu balalar hamısı bir qibləli, eyni inanclı, bir məzlumiyyətli, eyni zülmə məruz müsəlman balalarıdır.
Ya Əba Saleh (ə.f.), Gəl! Gəl və bu uşaqların haqqlarını bərpa et ki, rəngindən, dinindən, irqindən, milliyətindən asılı olmayaraq bütün balalar xöşbəxt yaşasınlar!
Amin! Ya Rəbbəl-Aləmin!
İntizarın bitməsi ümidilə Allaha əmanət olun!
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий