воскресенье, октября 12, 2008

GÜNƏŞ ÜMÜD GƏTİRİR


(Azad Qarabağ, azad Qüds həsrəti ilə)

Gecənin zülmət qaranlığı hər tərəfə çökən zaman bir səssizlik hökm sürür hər dəfəsində. Tezliklə bu səssizliyi şəfəqdən doğan günəş pozacaq. Gəlişi ilə oyanış gətirəcək cəmiyyətə və təbiətə. İnsanlar oyanacaq, heyvanlar oyanacaq, bitkilər oyanacaq... Öz nurunu saça-saça qərbə tərəf tələsəcək. Qaca-qaca. Baxmayaraq ki, gedir hər gün bu yolu, baxmayaraq ki, bu yol ona doğmadı... Hər dəfəsində həsrətindədi. Tələsir. Çünki onu gözləyənlər var. Qocalar var, uşaqlar var, körpələr var...

Günəşın gəlməsini istəyən təkcə insanlar deyil. Torpaqlar da intizar çəkir. İlıq şuasını öz sinəsində hiss edən zaman ümid yaranır nədənsə torpaqlarda, ümüd yaranır nədənsə Məkkəmizdə, Mədinəmizdə, Kərbalamızda, Fələstinimizdə, Qüdsümüzdə, Kəşmirimizdə, Qarabağımızda, Süşamızda, Laçınımızda, Cəbrayılmızda, Xocalımızda, Zəngilanımızda, Xocavəndımizdə, Ağdərəmizdə, Ağdamımızda, Füzulimizdə... Ümüd yaranır ona görə ki, bir gün bu doğan günəş özü ilə sevinc gətirəcək, xoşbəxtlik gətirəcək. Özü ilə gətirəcək onların əsl sahiblərini. Yəni bizi. Qərib olmayacaqlar günəşin bizi onlara aparmasından sonra. Bizi öz sinələrində hiss edən zaman sevinəcəklər. Bəlkə də ağlayacaqlar sevincəklikdən. Çünki gözləyirlər hər gün o torpaqlar sahiblərini pərvanələrin şamın odunun onları yandıracaq qədər isinməsini gözlədiyi kimi. Gözləyirlər hər gün o torpaqlar sahiblərini körpələrin günəşi gözlədiyi kimi. Amma şam pərvanəni intizarda qoymaz heç vaxt, tez isinər. Amma günəş körpələri intizarda qoymaz. Hər səhər doğar şərqdən. Yubanmadan, yorulmadan. Bəs biz bizim intizarımızda olan torpaqların həsrətinə nə vaxt son qoyacağıq - yubanaraq, yorularaq???

Suallar, suallar. Hər dəfəsində bu suallara cavabımız bir “ah” şərtsiz refleksindən başqa heç nə olmur. Ürəkdən gələn dərindən bir “ah” çəkərək bu suallara cavab vermiş sayırıq özümüzü. Aldadırıqmı “mən”imizi??? - yenə sual, yenə eyni cavab gəlir müxtəlif məzmunlu suallarımıza. Ancaq biz nə qədər qaçmaq istəsək də, suallar öz cavablarını almayıca yığılıb qalacaqlar. Axırda bir sual kitabçamız olacaq qabağımızda. Hər dəfə günəş nur verdiyi müddətdə oxuyacağıq o sualları. Axşam günəş nurundan məhrum olanda, heç nə olmamış kimi həmin kitabçanı balışımızın altına qoyaraq gedəcəyik dərin yuxu dünyasına. Vicdanımız sızıldayacaq bəlkə də. Amma zamanla onu da öldürəcəyik içərimizdə...

Hər dəfə günəşı görəndə sevinc gətirdiyinə ümüd edən torpaqlardan biri də Qüdsdü. Davud (ə), Süleyman (ə) kimi adlarla yanaşı, adı tarix səhifələrində bizə çatmayan yüzlərlə peyğəmbər vətəni olmuş, Həzrət İbrahimi (ə) görən Qüds, Öz qövmünü Firon zülmündən qurtararaq buraya gətirmiş Həzrət Musanın (ə) özünün gəlib çata bilmədiyi Qüds. Sonuncu peyğəmbər Həzrət Mühəmmədin (s.) meracının şahidi olan Qüds. Bu o Qüdsdür ki, bizim ilk qibləmiz olmuş, bu o Qüdsdür ki, bu torpaq uğrunda tökülən saysız-hesabsız qanları, kəsilən baş və bədənləri, qırılan gənc ömürləri özünə hopdurmuşdür.

Tarix boyu bu müqəddəs torpağa dövrünün ən böyük “liderləri” göz dikmişlər. Romalılar, assuriyalılar, səlibcilər... Amma nəyə görəsə hər dəfəsində bir Səlahəddin peyda olmuş və onların bu torpaqda höküranlığına son qoymuş. Onlar əldə silahla bir müddət sahibi olmuş bu torpağı tərk edərək getmək məcburiyyətində qalmışlar.

Amma tarix bu səfər öz növbəsini dəyişdi. “Azad Qüds”, “qəsb Qüds”, “azad Qüds”, “qəsb Qüds”... növbələşməsi “qəsb Qüds” hissəsində natamamlanıbdı. Hələ tamamlanmayıb. Səlahəddini gözləyir. Nə vaxt tamamlanacaq?... Nə vaxt gələcək o? Yenə də suallar. Hər zaman qaçdığımız suallar. Hər dəfəsində qarşımıza çıxır. Və hər dəfəsində öz cavabını tələb edir bizdən. Əks halda sual kitabçamıza növbəti cavablanmamış sual kimi daxıl olacaq....

Necə ki, biz “Azad Qüds” sualına vaxtı ilə cavab verməkdən yayındıq və nəticədə “azad Qarabağ” sualı qarşımıza çıxdı. Bəlkə də bu təbiətin qanunudu. Suala sualla cavab vermək. Amma biz hələ də günəşı səmada görməyəndə heç nə olmamış kimi sual kitabçamızı başımızıın altına qoyub yata bilirik. Bu qədər suallarımız cavabsız qaldığı halda. Çünki biz neçə manatlıq telefon almağımızı vacibləndirən suallara cavab veririk heç tərəddüt etmədən.

Yarım saat sonra yaşayıb-yaşamayacağını bilməyənlərin olduğunu fikirləşəndə yarım saat bədənimiz titrəmək əvəzinə heç biz yarım dəqiqə belə sukut etmirik. Görəsən niyə? - Növbəti sual və növbəti sualdan qaçış usulu. Klassik dərindən bir “ah”. Vəssalam. Və sual kitabcamıza əlavə olunan növbəti cavabsız sual.

Bu gün isə tək ümüd yerimiz günəşdi. Əslində biz də günəşın doğmasının intizarındayıq. Ən azı ona görə ki, intizarında olduğumuz torpaqlara hər gün səfər edən odur. Günəş hər gün bir dəfə baş çəkir Qarabağımıza , Qüdsümüzə.

Gərək salam göndərək o yerlərə günəş vasitəsi ilə. Gərək deyək darıxmasınlar. Sevindirək bizi gözləyən o əziz torpaqlarımızı. Ümüd verək onlara, qəribliyi hiss etməmələri üçün, ümüd verək onlara ümüd axırıncı öldüyü üçün, ümüd verək onlara ümüdsüzlük ölüm olduğu üçün...

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: