четверг, октября 02, 2008

Bumlar ölkəsində – 3

Düzü bu mövzuya bir daha qayıdacağımı düşünmürdüm. Hər dəfə bu mövzuda düşünəndə belə sinirlərim bumlanır. Yəqin ki, siz də eyni hissləri keçirirsiniz. Amma qoy bumkratiya belə tez sevinməyə tələsməsin. Zamanının mətbuat kapitanı Nəcəf Nəcəfov (ruhuna salavat) dövrünün senzor bumuna ürəyi dözməyib 44 yaşında dayananda, bizlər artıq ürəklərimizin qəliblərini daha möhkəm etdik. Bu yazıda mətbuatımızda yaşanan, söz azadlığına edilən bumlardan söz açmağa qərar verdim.

Sentyabrın 8-i Jurnalistlərin Beynəlxalq Həmrəylik günü idi. Bu münasibətlə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycan jurnalistlərini, baş redaktorları, QHT rəhbərlərini, siyasi partiya liderlərini və özünü azad medianın yanında görən hər kəsi Fəxri Xiyabanda "Monitor" jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun məzarını ziyarət etməyə dəvət etmişdi. Düzü mənə orada iştirak həvalə olunanda digərlərini deyil, məhz xeyli sayda mətbuat nümayəndələrinin iştirak edəcəyini düşünürdüm. Amma necə deyərlər sən saydığını say, oxu gör bumxana-3 nə yazır.

Qara mərmərlər və zəbt olunmuş boş qəbir yerlərilə bumlanmış "ll Fəxri Xiyabana" çatanda məni bum götürdü. 3 media kapitanı xaric digər kapitanlar həmrəng deyildilər. Mətbuat həmrəyliyinə, mübarizə həmrəngliyinə, söz azadlığına növbəti bum edildi. Bir çox media kapitanları var idi ki, qələm şəhidi Elmarın dəfnində hər zaman birlikdə olacaqlarını iqrar edərkən artıq bu gündə bu məkanda yox idilər. Amma unutmamaq gərək ki, günlərin birində bumların kratiyasında Elmarın həyatı bir, iki, bəlkə də daha çox namərd "bum"unun güdazına getdi. Məgər o, kim və nə üçün bumlandı? Məgər bu həmrəyliyə qatılmamaqla bir daha Elmarı bumlamadıqmı?

Yazını hazırlayarkən növbəti bum gəldi. Pres-klub, BMM və digər mətbuat məkanlarının bağlanmasından sonra növbə Caspian Plazanın konfrans zalına çatıb. Alternativ fikirlərin deyilə biləcəyi məkan olaraq qalmış bu yerdə məlumatlara çox yaxın müddətdə ən azı seçkilərədək qapadılacaq. Səbəbsə çox sadədir, mətbuat zalı təmirə bağlanır. Deyim ki, sözügedən konfrans zalı hazırkı durumu ilə qətiyyən təmirə ehtiyaclı deyil. Bu mətbu zal mətbuat və təqdimatlar üçün bütün standartlara ən yüksək səviyyədə cavab verir; ən son texniki, istilik və işıqlandırma avadanlıqları ilə təchiz olunub. Hər hansı bir yerində zərrə qədər də təmirə gərək yoxdur əslində. Bəs nədən indi buna səbəb və şərait yarandı? Bəli, Elmarın bumunda sonadək həmrəy olmayanlar bir gün özlərinin də, uğruna çalışdıqları söz və mətbuat azadlığının da, informasiya əldə etmənində, mənbəələrində sonadək bumlanmasına səbəb olacaqlar.

Zatən prosses başlanmış görünür. Yaxın keçmişimizin N.Nəcəfov və E.Hüseynov bumunun arxasından B.Həziyev, Q.Zahid, M.Sakit, E.Fətullayev, E.Hüseynov, M.İsmayıloğlu və A.Xəlil bumları gəldi. "Namizəd bumlar" da yox deyildir. Dəyərli kapitanlar, dəyərli həmkarlar, haqq sözə qarşı bumların qarşısında həmkar həmrəyliyi indi daha çox zərürətə çevrilməli bir fenomendir. Bu gün bu edilməzsə, sabah gec ola bilər. Həmrəylik və qələbə ümidilə Allaha əmanət olun!

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: