пятница, октября 31, 2008

Fitrə, yoxsa kəffarə?!

Mübarək Ramazan ayının sonu gəlib yetişməkdədir. Və ayın sona çatması iman əhlini heyfsləndirir: - Kaş ki, bu ilahi ay bitməyəydi! Kim nə bilir növbəti Ramazan ayına hansı halla çıxmaq bizə nəsib olacaq. Ömür vəfa qılacaq, ya yox.

Ramazan ayı öz nemətlərini bəndələrinə əsirgəməyən uca Rəbbimizin bəşər övladına bir hədiyyəsidir ki, bəndə paklansın, nə vaxtsa etdiyi qələti təkrar etməsin.

Rəbbinə iman gətirən bəndə də anlayır ki, bu ilahi ziyafət ayında behişt qapıları açıq, cəhənnəm qapıları isə bağlıdır. Xüsusi qeyd etməyə ehtiyac var ki, bu ay şeytanın əli-qolu bağlı olur. Əlbəttə, bu sadaladığımız sözlər sizlərə mübarək rəvayət və hədislərdən məlumdur. Amma gözünüzlə görüb qulağınızla eşitdiyiniz, şahidi olduğunuz hadisələr sizdə cürət yaradır ki, deyəsiniz "şeytanın əli-qolu heç də həmişə bağlı olmur".Çünki onun elə dostları var ki, "səni darda qoymarıq" deyib lənətlyi tam surətdə əvəz etməyə çalışır.

Nə isə şeytana və onun dostlarına cəmən lənət deyib, keçirəm söhbətimin əsas məğzinə. Mənə gələn zənglər, məktublar və onların içərisindəki suallardan az qalmışdı özümü elm əhli sayım (bax bu - şeytan vəs-vəsəsidir). Suallar məmləkətin halından xəbər verdiyi üçün sizinlə paylaşmaq istədim. Suallar demək olar ki bir növ ümumi idi. Biri sual edirdi: suyumuz yemək-içməyə çatmır dəstəmazı necə alım? O biri hamamdan zəng vururdu: su kəsilib, sabun gözümü çıxarır, necə paklanım? Digəri həyacanla soruşurdu: qara rəngli su ilə qüsl almaq olar, ya yox (bulanıq, lil suyu nəzərdə tuturdu)?

Hörmətli oxucu elə zənn etməsin ki, mən Azərsu işçisiyəm. Bu qəliz sualları cavablandırarkən mən təyəmmüm cavabını qaralayırdım. İndi siz də hiss etdiniz ki, bu ilahi ziyafət ayında Azərsu nə qədər "savab"aparıb. Deyilmi?

Növbəti suallar marşrutdan gəlirdi: "Probkadayam", mənzil başına çatmamışam, yolun yarısı qəsr sayılmır ki? Və yaxud digər orijinal bir sualdan anlamaq olurdu ki, şəhər meriyasının payına nə qədər "savab" düşür: Küçədəki zibil qutusundan gələn qatı qoxu burnumu "deşir" - orucumu batil etməz ki? İndi mən nə etməliyəm ... ...?

Mən də halımı pozmadan təmkinlə cavab verirdim ki, orucunuzun batilliyi barədə dəqiq cavab deyə bilmərəm, ancaq lütfən söyüş söyməyin.

Əslində bu suallar məzlum xalqın (və yaxud iqtisadiyyatı hər gün dirçəlişdə olan xalqın) gündəlik həyat tərzindən doğur.

Yuxarıda sadaladığım suallar məzlum sualları idisə, harın suallar da az deyildi. Hansı ki, il boyu başqasının malını yeməkdən boynu şişmanlaşmış, bəzi acgözlər mədələrinin "deşik" olmasından şikayətlənirdilər: Hiss edirəm mədəmdə yara var, mənə oruc tutmaq olar, ya yox?

Mən də belə cavab verdim: siz ilahi ziyafətə tam yararsızsınız.

Yadıma düşmüşkən sizə bu yerdə bir lətifə danışım. İmanı tərk etmiş bir kişi oruc tutmaq istəmir. Səbəbini soruşanlara da deyir ki hələ ayı görməmişəm. Üstəlik öz-özünə söz verir ki, göyə baxmasın - birdən ayı görmüş olar. Bu minvalla ayın üçdə ikisini yola verir. Bir gün gecə vaxtı çay kənarı ilə gedərkən birdən ayın şəklini suda görüb qəzəblənir, ağacını suya vura-vura: «Nə gözümə girirsən, nə istəyirsən məndən? Səni görmək istəsəydim elə göyə baxardım. Gözümə girsən də orucu tutan deyiləm!».

Son günlərdə məndən soruşulan sualları da sizə nəql edim ağlar gözünüz gülsün. Günün duasını oxuyub qurtarmışdım və Rəbbimdən məğfirət, eyblərimi örtməyi, elmimin artmasını (o cümlədən, tanışların suallarını cavablandırmaq üçün) diləyirdim ki, birdən zəng gəldi. Tanış səs idi. Söylədi ki, rəsmən buyurublar sentyabrın 30-u bayramdır. Ayı görməmiş ağzı oruclu bayram namazı qıla bilərəmmi? Cavab verdim ki, bunu psixoterapevtdən soruş. Növbəti sualı isə daha maraqlı oldu: Ayı görməmiş orucumu açıb bayram namazı qılsam, mənə fitrə vermək vacibdirmi? Cavab verdim ki, qaqa, bu halda sənə fitrə yox, kəffarə vermək vacibdir.

Sonda təkrarən qeyd edim ki, Uca Allah orucu ona görə vacib edib ki, "...bəlkə təqvalı olasınız".

Təbiət Hüseyn
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: