Bu yaxınlarda başıma qəribə bir hadisə gəlib. Əslində, qəribə deyil, hamının dəfələrlə rastlaşdığı bir vəziyyətdir. Yadımda deyil, harasa tələsirdim, tələm-tələsik marşruta mindim, içəridəki vəziyyət də qeyri-normal... (Hicablı xanımın daima qarşılaşdığı çətinliklər baxımından) Üstəlik müəyyən müddətdən sonra sürücü başladı mənzil başına çatanadək fasiləsiz olaraq siqaret çəkməyə. Ən pisi isə odur ki, heç kəs etirazını bildirmədi. Amma camaatı da qınamaq olmaz. Kim ki istəyir ağzını açıb desin, “Haqqımızı tapdalayırsınız, niyə bizə zülm edirsiniz?...” Cavabında sürücü: “Xoşun gəlmir, minməzdin də, məcbur edən yox idi ki?!...” və yaxud digər xoşagəlməz sözlər...
Haqqını müdafiə etmək istəyən də dediyi sözlərə peşiman olur və başlayır özünü danlamağa.
Amma bu dəfə vəziyyəti ağırlaşdıran havanın soyuq və yağışlı olması idi. Havanın dəyişkənliyi, temperaturun aşağı düşməsiylə işim yox. Təbii haldır, lakin bu, səbəb oldu ki, marşrutun pəncərələrini bərk-bərk bağlayaq. Və görəndə ki, sürücü ağsaqqal, ağsaçlı yaşlı bir kişidir, əhvalım büsbütün dəyişdi. Dedim, elə indi “boğulacaq” tüstüdən və qalacağıq yarı yolda.
İstər-istəməz beynimdə bəzi suallar yarandı, özümlə danışa-danışa suallarımı cavablandırmağa, sanki dünyanı xilas edəcəkmişəm kimi, siqaret bəlasından qurtulmaq yollarını axtarmağa çalışdım. Amma nə fayda, suallarımın çoxu cavabsız qaldı. Problemin həlli üçün doğru-dürüst çıxış yolu tapa bilmədim. Elə bu fikirlər yelkənində üzürdüm ki, gözüm marşrutun qapısı üstündə çəkilən şəklə və qabağında yazılan sözlərə sataşdı. Etiraz əlaməti olaraq yanan siqaret çubuğunun üzərindən çarpaz xətlər çəkilmiş və “no smoking” və ya “avtobusda siqaret çəkmək qadağandır” şüarı...
Yenə də başladım ürəyimdə sürücü ilə danışmağa. Bəs bu şüarı ancaq biz görürük, yəni sərinişinlər? Sürücülər necə?! (Şübhəsiz, sərnişinlər arasında da bu bəlaya düçar olanlar var. Amma ən azından onlar marşrutda siqaret çəkmirlər. Nə isə...) Özlərini sahib olduqları marşrutun qapı-pəncərəsindən xəbərləri yoxmu? Və ya bilmirlərmi ki, siqaret çəkməklə nəinki özlərini, həm də ətrafdakı insanları zəhərləyirlər? Əgər bilirlərsə, bəs nədən insanlığın qəsdinə durublar? Bəlkə də siqaret çəkmək vərdişə çevrilib?! Amma vərdişləri yaradan insanın özü deyilmi? Üstəlik o insan ki iradəli varlıqdır və cəhd etsə bunun da öhdəsindən gəlməzmi? Siqareti həyatının ayrılmaz bir hissəsi hesab edənlər, nədən acizlik göstərirsiniz? Necə ola bilər ki, hər gün bilə-bilə bu zəhərdən udmaqla qurban verdiklərinizin fərqinə varmayasınız? Heç yanıb kül olan pullarınızı, vaxtsız və hədər yerə itirilən sağlamlığınızı düşündünüzmü? Halbuki sağlamlıq İlahi əmanətdir və ona görə sorulacaqsınız. Bir fikirləşin: Bu cür riskə dəyərmi? Əlbəttə ki yox... Elə isə təcili olaraq siqareti tərk etməyin yollarını axtarın. Məyus olmayın. Heç də fikirləşməyin ki, daha gecdir. Axı ziyanın yarısından da qayıtmaq xeyirlidir! Öz gücünüzə inanın. Bu zəhərdən qurtulmaq yolunda addım atın və əmin olun ki, mütləq buna nail olacaqsınız. Unutmayın ki, bizlər sizə əlimizdən gəldiyi qədər kömək etməyə hazırıq. Allah hamımızın yardımçımız olsun.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий