пятница, октября 24, 2008

NAZİRİNİ SAYMAYAN "MÜƏLLİMLƏRİN GÜNLÜYÜ"

(Və ya birincilərdən 10 manatdan, yuxarı siniflərdən isə 35-50 manat arası haqq yığılır)

Vallah, mən həmişə müəllimlərimin şərəfli missiyanın davamçıları olduğuna inanmışam. Həzrəti Rəsulullah (s) bəşərə necə əxlaq, kamillik, insanlıq, "bəndə"lik və "qul"luq dərsləri verirdisə, bundan qidalanmış müəllimlərimin bu xətti davam etdirdiklərinin şahidi olmuşam. Amma indi müəllimlərin əksəriyyətinin hansı missiyanı icra etdiyini deyəsən heç özləri də bilmir.

Hələ yeni təhsil ili başlamamış mətbuata açıqlamarında təhsil naziri Misir Mərdanov məktəblərdə bütün yığımların ləğv edildiyini və bunun qeyri-qanuni olduğunu dəfələrlə bildirmişdi. Bu günlərdə o, növbəti açıqlamasında 5 oktyabr Müəllimlər Günü ilə bağlı heç kəsin şagirdlərdən hədiyyə və pul tələb etmək ixtiyarı olmadığını bildirmiş, bunu rəsmən qadağan etdiyini söyləmiş, eyni zamanda belə halların qarşısının hamılıqla alınmasının vacibliyini də vurğulamışdır.

İndi mən də cənab nazirin son çağırışına adekvat reaksiya vermək istəyirəm. Görək onun adekvatlığı da dediklərin təsdiqləyəcəkmi? Konkret və aydın baş verən faktlara müraciət edəcəyəm ki, nazirin bu korrupsion (maliyyəçi) müəllimlərə qarşı mücadiləsində əziyyəti minimum olsun. Axı o, gecə-gündüz bu çətinliklərlə baş-başadır.

5 oktyabr Müəllimlər Günü münasibətilə pul yığımını nazir şəxsən və rəsmən qadağan etsə də Suraxanı rayonun Hövsan qəsəbəsi 281 saylı orta məktəbin bəzi "işgüzar" müəllimələri iclasda birincilərin valideynlərindən bu münasibətlə hər şagirdə görə 10 manatdan gətirmələrini tələb ediblər. Bəzi valideynlər məbləğin 7 manata endirilməsini istəsələr də buna nail ola bilməyiblər. Hətta onlar bu istəklərinə görə cəzalandırılıblar da. Onların nəzərlərinə çatdırılıb ki, şagirdlər üçün məktəb döşəməsinin silinməsində istifadə olunan yağ və löhvədə yazmaq üçün qələmlər (flomaster) üçün də pul ödəməlidirlər.

Suraxanı təhsilində "maliyyə-işgüzarlıq mühiti" bununla daralmır. Hövsan qəsəbəsi 196 saylı orta məktəbdə tələbat nəticəsində açılacaq yeni siniflərdə dərs deyəcək müəllimlərə dərs saatları yalnız bir şərtlə verilir: məktəbin rəhbərliyi "bu xidməti müqabilində" müəllimlərin hər birindən növbəti əmək haqqlarından 50 manat hədiyyə etmələrini mütəvazehcəsinə diləyib. Özü də deyilənlərə görə bu məbləğ direktora deyil, yuxarılara çatasıdır. "İnanmayan bizim təhsilə dönsün!" Amin!

Təhsilimizdəki qayğı gün-gündən çiçəklənməkdədir. Digərləri kimi təhsilimizin günü də unudulmur: məlumatlara əsasən bununla əlaqədar ən yüksək məbləğ 9 və 11-ci sinif şagirdlərindən tələb edilir: aşağı siniflərdən 10-20, 9-11-ci siniflərdən isə 30-50 manat "könüllü və halal bəxşişlər" yığılır. Məsələn, Nizami rayonundakı 272 saylı orta məktəbdə 9-cu sinif şagirlərindən 30-40 manat verməli olduqları dərsi keçilib və s. Təhsilimizdəki işgüzar maliiyə mühiti o qədər inkişaf edib ki, şagirdlərimiz evdən məktəb adı ilə çıxaraq işləyir, təhsilimizin və müəllimlərimizin inkişafı yolunda əllərindən gələni əsirgəmirlər. Axı məktəblərimizə saydıqlarımızsla yanaşı, jurnalın, fond, süpürgə, hətta bu ildən təzə yığım növü - dərslikləri gətirən sürücü üçün vəsait də lazımdır axı!??? Heç amerikan maliyyəsi də belə işləmir.

Sonda bütün məllimlərimi təbrik edirəm, halal zəhmətlərini halal etmələri diləyilə,

Allaha əmanət olun!

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: