пятница, октября 31, 2008

ƏSL “KİŞİLİK” MƏKTƏBİ

(Bir əsgərin tarixcəsi)

Bura “N” saylı hərbi hissədi. Mən də artıq bir neçə vaxdır ki, burada qulluq edirəm. Əslində mənim qulluq etdiyimi başqaları deyir. Mən bu çür yaşayışa qulluq yox, istirahətdə keçən on səkkiz ay deyərdim. Nəyə görə belə deyirəm, indi sizə izah edərəm.

Deməli, mənim on səkkiz yaşım olan kimi həvəslə hərbi hissədən gələn “çağırış vərəqəmi” gözləyirdim. Amma o vərəqə gəlmirdi ki, gəlmirdi. Dostlarım isə bir-bir vətənə olan borclarını ödəməyə gedirdilər. Düzünü desəm, onlara paxıllıq eləyirdim. Nəhayət bir gün o gözlənilən an gəldi, evimizin qapısını bir nəfər döyüb “çağırış vərəqəsini” mənə verdi. Həmin gün evdə toy-bayram idi.

Nəhayət. pal-paltarımı yığıb getdim vətənə borcumu ödəməyə. Çünki, heç kəsə borclu qalmağı xoşlamıram.

İlk gün üç-dörd əsgər mənə yaxınlaşıb “çibimdə nə var, ver bizə” - dedi. Çox təəccüblü halda onlara baxdım. Və onlardan şikayət edəcəyimi söylədim. Elə bunu demişdim ki, gözüm yumuldu. Gözümü açanda başımın üstündə iki həkim dayanmışdı və məni ayıltmağa çalışırdılar. Sonradan başa düşdüm ki, o iki əsgər məni o qədər döyüblər ki, huşumu itirmişəm.

Nə isə. Özümə gələndən sonra onlardan şikayət ərzəsi yazmaq fikrinə düşmüşdüm. Ancaq mənim bu fikrimi eşidən mənə nəyə görəsə gülürdü. Axırda biri mənə başa saldı ki, onlar “dembel”di, sən isə “molodoy”san. Onların səni döyməsi normaldı. Bu adı etik qaydalardı. Hər kəs bu mərhələni keçməyə məcburdu. Bu hərbi hissənin «mənəvi» nizamnaməsində yazılıb.

Bir necə ay mən hər iki gündən bir döyülürdüm. “Dembel” deyilən o məxluqlar təkcə məni yox, mənimlə birlikdə gələnlərin hamısına bu “qanunu” tətbiq edirdilər. İş təkcə döyülmək də deyil. Yeməyimizi əlimizdə alır, bizə evdən gələn paketlərin əsl sahiblərinə çevrilirdilər. Bəzən bizi düzüb mənəvi təziqlər edirdilər – söyürdülər, alçaldırdılar.

Biz də bunların heç birinin cavabını vermirdik. Çünki, adi halda etdiklərinin on qatını edirdilər cavab qaytaranlara. Ancaq ürəyimizdə biz də onlara ağzımıza və ağlımıza gələni deyirdik. Təkcə təskinlik tapdığımız bu olurdu.

İndi, şükür Allah, hər şey qaydasındadı. Çünki o məxluqlar yoxdu. Çıxıb gediblər evlərinə. Və bu səfər “dembel” olmaq sırası məndədi.

Mənim “dembel” həyatım çox qəribə keçir. Təkcə onu deyim ki, hərbi hissə tarixində mənim kimi “dembel” görməyib. Belə ki, keçən dəfə dostlarımdan biri dedi ki, əvvəlkilər mənim yanımda “toya getməli” imişlər.

Mən indi “molodoy”lara elə divan tuturam ki, adlarıda yadlarından çıxır. Nə edim axı bu qanundu və hamı qanuna əməl etməlidi. Mən də hərbi hissənin bu «mənəvi» nizamnaməsinə layiqincə əməl edirəm.

Bu yaxınlarda mənim qəhramanlığıma aid bir qısametrajlı kinoda çəkilib. Yəqin onu mətbuatda görmüsünüz. Orada mənim bacardıqlarımın və etdiklərimin heç bir faizi də göstərilmir. Burada kəsf etmişəm ki, məndə çoxlu potensial var imiş.

Kəşf etdiyim ikinçi şey isə kişilik anlayışı olub. Sən demə mən kişiliyi səhv başa düşürmüşəm. Əsgərliyə gəlməmişdən əvvəl elə bilirdim ki, kişilik qeyrətli olmaq, vətəni sevmək, məzlumu qorumaq və daima haqlının yanında olmaq deməkdi.

Ancaq indi baxıram ki, nə qeyrət, nə zad. Və ya nə vətəni sevmək, a kişi! Vətəndən mənə nə? Mənim hərbi hissədəki əsl işim zəifləri döymək, “molodoylara” öz yerini bildirmək və onların yemək payını, paltarlarını əlindən almaqdı. Məhz əsl kişilik də budu. Əsl kişilik budur ki, səni söyələr, sən də onlara heç nə deməyəsən. Çünki bu yazıq “molodoy”lara mən hərbi hissənin «mənəvi» nizamnaməsini oxuyanda ən azı ürəyində ağlına və ağzına gələni mənə deyirlər. Və mən də bunu bilirəm. Amma bu mənim vicdanıma təsir eləmir. Belə çıxır ki, mənim qeyrətim yoxdu? Yox, bu əsla belə deyil! Bu – əsl kişilikdi.

Yoxsa qabaqlar xam xəyal ilə yaşayırmışam. Sağ olsun, bura mənə doğrudanda kişilik dərsi keçdi. Sən demə əsgərlik əsl kişilik məktəbi imiş.

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: