четверг, октября 02, 2008

Əli Həsən və Mərvan

O gün şəban ayının son günləri idi. Artıq mübarək Ramazan ayı öz rəhmət və bərəkəti ilə gəlməkdə idi. Şəbanın son günlərini əksər digər müsəlmanlar kimi Əli Həsən də adəti üzrə oruc tutmaqla başa vurub bu orucunu mübarək Ramazan ayının orucuna birləşdirərdi. O, inanclı bir adam olmaqla özünün gün-güzaranını, ailəsi və himayəsindəki valideynlərinin ruzisini odun yarıb satmaqla təmin edirdi.

Həmin gün həmişəki kimi Əli Həsən yenə ağzı oruclu yorğun-arğın meşədən evinə qayıdırdı. Gözlənilmədən bir dəstə meşəbəyi və köməkçiləri onun qarşısını kəsərək onunla “meşənin cunqliyası” adlanan talaya getməli olduğunu bildirdilər. Əli Həsən “Cunqliya qanunları”na bələd olduğundan bir söz demədən onlarla birlikdə yola düşdü. Talaya az qalmış onların başçısı Mərvan adlı meşəbəyidən soruşdu:

- Axı mən neyləmişəm, məni nə səbəbə “bu” talaya aparırsınız?

Dəsətənin başçısı Mərvan ona cavab verir:

- Sənin geyimin heç xoşumuza gəlmir. Hələ çiynindəki ipindən danışmıram.

Əli Həsən:

- Nə var geyimimdə? Bəlkə odunçunun çiynində ip gəzdirməsi qadağan-zaddır? Bunda ki, heç kim üçün bir problem yoxdur.

Mərvan:

- Sən də odunçusan və sənin də ipin var. Buna görə sən də bizim axtardığımız odunçulardansan.

Əli həsən:

- Düzdür odunçuyam, ipim də var. Axı bunların sizin axtardığınıza nə aidiyyəti? Mən sadə bir odunçuyam və bu yolla halal ruzimi qazanıram. Axı siz nə axtarırsınız ki, bunların ona da dəxliyyəti olsun? Axı nə olub?

Artıq suallardan hirslənmiş Mərvan qəzəblə cavab verir:

- Nə özünü xəbərsizliyə vurmusan? Meşənin “Səbər talası”nda ağacların budaqlarını kəsiblər. Bunu ancaq iplilər edə bilər. Sən də onlardansan. Məgər sən də Səbərdə odun yarmırsanmı?

Artıq indi nə baş verdiyini yavaş-yavaş anlamağa başlayan Əli Həsən bir qədər özünə gəlib deyir:

- Deyəsən indi başa düşürəm məndən nə istədiyinizi. Əvvəla, mən Səbər talasına getmirəm. Baxın, mənim ipim də ora gedənlərinki kimi uzun və səliqəsiz deyil. Mənim ora gedən odunçulara heç bir aidiyyətim yoxdur.

Bununla Əli Həsən elə zənn etmişdi ki, artıq Mərvangilin onunla işi olmaz və onu buraxarlar, gün boyu yorulmuş odunçu evinə qayıtsın. Lakin Əli Həsən öz zənnində olsun, görək Mərvan və dəstəsi nə edir. Mərvan Əli Həsənə bildirir ki, “Özünü darıxdırma, səninlə bir “xırda işimiz” olacaq. Onsuz da sənə uzun ip gərək deyil, sənin ipini bir qədər qısaldacayıq. Bunu sənə bir meşəbəyi kimi deyirəm, özün də etiraz-filan etmə. Sən ki, biz meşəbəyiləri tanıyırsan?!!!

Əli Həsən baxdı ki, etiraz etsə də bunu edəcəklər, etməsə də. Onlar artıq Cunqli talasına çatmışdılar. Burda Əli Həsən gördüyündən heyrətə gəlmişdi. Etirazçılardan birinin nəinki ipini qısaltmışdılar, hətta baltasını da əlindən almışdılar. Vəziyyətin çıxılmazlığını görən Əli Həsən qısaldılmış iplə “Cunqliya”nı tərk edərək kor-peşman evinə qayıtmalı oldu. Ax səni, indi bu qısa iplə şələni necə bağlayacaq…

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: