İslam rəvayətlərində yalan "Günahların açarı" hesab olunur. Əli (ə) buyurur: "Doğruluq yaxşı işlərə, yaxşı işlər isə beheştə dəvət edir".
İmam Muhəmməd Baqirdən (ə) hədis oxuyuruq ki, «Allah Təala şər və pis işlər üçün qıfıl qoymuşdur və bu qıfılın açarı şərabdır. Sonra isə əlavə edir: yalan şərabdan da pisdir».
İmam Həsən Əsgəri (ə) buyurur: "Bütün pisliklər bir otaqda yerləşir və onun açarı yalandır".
Yalan ilə günah bir-biri ilə sıx rabitədirlər. Belə ki, günahkar insan heç zaman doğru söyləyə bilməz, çünki doğru söz onun rüsvayçılığına səbəb olar və günahın səbəbini ört-basdır etmək üçün mütləq o şəxs yalan deməlidir.
Başqa sözlə desək, yalan insanı günah qarşısında azad buraxır və doğruluğa məhdudiyyət qoyur. Yalan danışan insan daim təşvişdədir, çünki günahkardır. Günahlarının üzə çıxmasından qorxan bu şəxs əvvəl yalan işlədir sonra isə hədislərdə deyildiyi kimi başqa günahların da qapısını açmış olur. Kiçik saydığımız bir yalanın bu qədər fəsadlar yaradacağı heç ağlınıza gələrdimi?
Yalan imanla harmoniya yaratmır, yəni onunla uyğun gəlmir. Belə ki, hədisdə belə oxuyuruq: "Peyğəmbərdən (s) soruşdular ki, imanlı insan mümkündürmü ki, qorxaq olsun? Deyir: Bəli. Yenə soruşublar: Mümkündürmü ki, paxıl olsun? Buyurdu: Bəli. Mümkündürmü ki, yalançı olsun? Buyurdu: Xeyr."
Çünki yalan nifaqın nişanələrindən sayılır və nifaq da imanla uyğun gəlmir. Bu haqda Həzrət Əlidən (ə) hədis nəql olunur: "İnsan heç vaxt yalanı tərk etmədən imanın dadına baxa bilməz, istər zarafatla olsun, istərsə də ciddi."
Yalan insanların etimad və etibarını da məhv edir. Düzgünlüyə çatmaq və yalanı tərk etməyin ən mühüm dəlillərindən biri də elə budur. İslam hədislərində oxuyuruq ki, din rəhbərləri həmişə yalançı tayfa ilə dostluqdan uzaq olmağı tövsiyə edirlər, çünki onlar etimad edilməli insanlar deyildirlər. Həzrət Əli (ə) də bu haqda buyurur: «Yalançılarla dostluqdan çəkinin, çünki onlar ilğım kimidirlər. Uzağı sənin üçün yaxın və yaxını sənin nəzərində uzaq göstərərlər».
Beləliklə nəticədə deyə bilərik ki, kiçik saydığımız və ona çox əhəmiyyət vermədiyimiz yalanı uşaqlara gərək kiçik yaşlarından tanıdaq və onun törətdiyi fəsadla tanış edək ki, böyüyəndə günah əhli olmasınlar və yalan danışan insanlardan uzaq olsunlar. Çünki yalan bütün günahların qapısıdır, o qapını aralasan günah aləminə daxil olmuş olarsan. Allah bizə o qapını açmaq tofiqi nəsib etməsin! Amin!
«Dəyərlər»
Комментариев нет:
Отправить комментарий