четверг, октября 02, 2008

İNTİZARınla və ya MÜNTƏZİRin DUASI

Gəl Mövlam, sənsiz olmur.

Gəl ki, iman çeşməsini cadar-cadar olmuş qəlblərə axıt, dodaqlar zikrinlə islansın.

Gəl ki, məsxərə edənləri rəzıl et, məsxərə olunanları əziz et…

Gəl ki, insaniyyət əsl hədəfini anlasın, qəlblər mütməin olsun.

Gəl ki, mehrab qanı yerdə qlmasın, əhdi pozanların burnunu yerə sürt.

Cəddin Rəsuli-Əkrəm buyurub: "Əsl yetim İmamından ayrı düşən və əli ona çatmayandır". Belə isə gəl ki, yetimlik damğasını götür üstümüzdən.

Gəl ki, pünhan qəbri tanıtdır bizlərə, Ya Mövla. Ona şəhid uşaqlardan, məhbəsdəki müntəzirlərdən, xaraba qalan müsəlman torpaqlarından, qıfıl vurulmuş məscidlərdən xəbər verək.

Başqa kimimiz var ki?!!!

Mövlam, gəl ki, qəsb olunmuş Məscidul-Əqsada, Fələstində, İraqda, Qarabağda və digər müsəlman torpaqlarında daima azan səsi ucalsın.

Mövlam, sənin həsrətinlə neçə-neçə müntəzirlərin gözü yolda qalıb. Dilində adın, qəlbində həsrətin dünyadan köçüblər. Hər cüməni qurtuluş cüməsi kimi gözləyiblər. Hər dəfə Ərafatda gözləri səni gəzib. Kərbəla, Məşhəd, Nəcəf zəvvarlarından səndən soraq gözləyiblər.

Gəl Mövlam, sənsiz olmur.

Bəlkə də əsl müntəzir sənsən. Axı gəlişin insanların mərifətinə bağlıdır. Bəli əsl müntəzir sənsən. Çünki sən demisən: "Mənim zuhurum üçün dua edin, çünki sizin qurtuluşunuz ona bağlıdır". Sən bizi gözləyirsən. Qurtuluş cüməsinin əsl müntəziri sənsən.

Bəlkə də «bəsdirin keçici dünyaya baqi axirətdən çox bel bağladiniz» deyərək ali-Muhəmməd yetimlərinin oyanışını gözləyirsən.

Mövlam, qəflətimiz cürətimizə səbəb olub. Bunu etinasızlıq, saymamazlıq kimi qəbul etmə. "RABBƏNA LƏ TUAXİZNA ƏV NƏSİYNA ƏV ƏXTƏNA" («İlahi, bizi yanıldiqda və unutduqda cəzalandırma», «Bəqərə», 286) ayəsinə sığınırıq.

Gəl Mövlam! Alı Muhəmməd yetimlərini sənsiz qoyma.

Gəl Mövlam! Sənsiz olmur…

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: