воскресенье, октября 12, 2008

«Ey ismi dəva, zikri şəfa…»


Yəqin ki, sizlərdən çoxuna tanışdır bu sözlər. Quran sətirlərində, hədislərdə, dualarda rast gəlinən bu kəlmələr ibadət əhli üçün yeni deyil. Amma ola bilsin ki, kimlərsə ilk dəfədir bu sözlərlə rastlaşırlar və ilk səthi oxunuş zamanı “dəva”, “şəfa” kəlmələrinin fonunda ola bilsin ki, onların zehnində bir “xəstəlik”, “problem” anlayışı da yada düşür.

Məşhur “Kumeyl” duasının bu sətrini məqaləmizə başlıq seçməyimiz təsadüfi deyil. Çünki biz bu gün böyük bir problemlə, xəstəliklə rastlaşmışıq. Söhbət hansısa bir fərdin problemindən getmir. Haqqında danışdığımız problem daha qlobaldır. Çünki bu gün bütün cəmiyyətimizin, dünyamızın problemi var. Söhbət İslam dünyasından gedir. Böyük mütəfəkkirlər İslamı elə bir ideal sistemə bənzətmişlər ki, bu sistemin həqiqi üzvü olan hər bir fərd vahid bir bədənin hissəsi kimidir. Müsəlmanlar arasındakı rabitəni də belə izah edirlər: necə ki, bədənin bir yerində xəstəlik olsa bütün bədən üzvləri narahat olar, həmin ağrını hiss edər, eləcə də hər bir müsəlman dünyanın harasında olursa olsun, digər müsəlmanların ağrısını hiss edər.

İllər öncə bu böyük bədəndə bir yara əmələ gəldi. Qüds. Ağrıtsa da əhəmiyyət verilmədi. Zaman keçdi. Bu yara bir xərçəng oçaqı kimi öz törəmələrini verdi. Qarabağ. Ən böyük metastazlardan biri. Bu gün hələ bu metastazın da bitib tükənməyən törəmələri təzahür etməkdədir.

Bəli, dünyamız xəstələnib.

Nə etməli? İndi ki söhbətimizi “tibbi” terminlərlə başlamışıq, elə gəlin hamıya tanış olan təbabət yolu ilə problemimizin həlli yollarını axtaraq. Deməli belə. Təbabətdə belə bir qayda var. Hər hansı bir xəstəliyi düzgün müalicə etmək üçün əvvəlcə həmin xəstəliyi törədən amilləri (xəstəliyin etiologiyasını) axtarıb tapır, sonra isə uyğun müalicə seçirlər. Bəs elə isə nədir səbəb? Ümumiyyətlə, xəstəlik özü nədir? Xəstəlik hansısa faktorların təsirindən orqanizmin normal, ümumi harmoniyasının, nizamının pozulması, nələrinsə azalması və nələrinsə bu azalmanın hesabına artmasıdır. Müalicə isə uyğun metodlar, dərmanlar vasitəsilə artıq əmələ gəlmiş çatışmamazlıqlqrı aradan qaldıran tədbirlər kompleksidir.

İndi isə gəlin söhbətimizin əvvəlindəki duaya qayıdaq. ”Ey ismi dəva, zikri şəfa” - deyilir duada. Duadan qısaca olaraq belə məlum olur ki, dərdlərimizin dərmanı Allahın adlarının zikridir. Burdan da belə anlaşıla bilər ki, təkcə elə təsbehi əlimizə alıb zikrlə məşğul olsaq, bütün işlərimiz düzələr. Hər şey belə asan, belə bəsitdirmi?! Bəlkə bu sətrin mənası daha mürəkkəb, daha dərindir? Ümumiyyətlə, zikr nədir? Öncədən yuxarıdakı fikirlərimizə əsaslanıb yalnız onu deyə bilərik ki, mənasının həqiqətini hələ dəqiq anlamadığımız bu kəlmə hər nədirsə, bizim bütün problemlərimizin, xəstəliklərimizin əmələ gəlməsinə səbəb bizdə həmin amilin azalması və yaxud da olmamasıdır (Bu fikrə bir də ona görə gəlirik ki, “zikr”və “unutmaq” sözləri bir-biri ilə ziddiyyət təşkil edir və bu məntiqə görə zikr şəfanin vasitəsidirsə, unutqanlıq da xəstəliyin səbəbidir).

İndi isə gəlin görək Məsumlar (ə) və böyük fikir sahibləri zikr haqqında nə deyirlər.

Həzrət Muhəmməd Baqirdən (ə) buyrulur: ”…Tövratda Musanın (ə) Rəbbinə belə dediyi yazılıb: «Ey Rəbbim, görəsən Səninlə münacat edə biləcəyim qədər yaxınsan mənə, yoxsa ki, Səni səsləyəcəyim qədər uzaqsan məndən?» Allah ona bunları vəhy etdi: «Ey Musa! Mən məni zikr edənin yanındayam, ona yaxınam». Musa (ə) dedi: «Sənin pənahından başqa bir pənahın olmadığı bir gündə kimdir Sənin pənahına sığına bilən?» Allah-Təala buyurdu: «Məni zikr edənlər və mənim zikr etdiklərim, Məni sevənlər və mənim sevdiklərim. Bunlar o kəslərdir ki, yer əhlinə bir bəla göndərmək istəyəndə onları xatırlayıb həmin bəlanı onlara görə dəf edirəm»”.

Böyük mütəfəkkir Ruhullah Əl-Musəvinin fikrincə kamil zikr o zikrdir ki, insan zikr etdiyi ad və sifətlərin həqiqətlərini dərk edə, insan qəlbi ilə zikr edə.

Dilin zikri isə qəlbin dilinin açılması üçün bir vasitədir.

Böyük arif Şah Abadi buyurmuşdur: ”(Dili ilə) zikr edən insan hələ danışmağa başlamamış bir uşağa danışmağı öyrətməyə çalışan insan kimidir. Təkrar edib durar ki, uşaq dilə gəlib danışsın”.

Deməli, kamil zikr kamil mərifətə bağlıdır. Müsəlmanların fiziki və mənəvi sağlamlığı, onların fərdi və ictimai problemlərinin həlli hər bir insanın öz yaranışından tutmuş bütün ehtiyaclarına qədər nəzər salaraq onun bütün bu ehtiyaclarını ödəyən Allahını düzgün tanıması, hər addımını həmin tanımış olduğu Allahın nəzəri ilə dəyərləndirməsi və beləliklə də hər an, hər addımında Allahı kamil olaraq zikr etməklə (təqvalı olmaqla) mümkündür.

Sözlərimiz ola bilər ki, bəzinizə çox qəliz görünsün. Elə isə gəlin sizlərə bütün bunların əvəzinə daha asan, lakin nəticə etibarı ilə bütün dediklərimizə bərabər olan bir nümunə təqdim edək. Bu Həzrət İmam Hüseyndir (ə). Bu nümunəni biz təsadüfi seçmədik. Çünki, yadınızdadırsa, söhbətimizin əvvəlində biz Qüds və Qarabağ yaralarımızdan söz açmışdıq. Bunlar adi yaralar deyil, sağalması çox çətin olan, cərrahi əməliyyat tələb edən yaralardır. Bunlar İslamın bədənində elə bir yaralardır ki, burada yara kanalı boyunca dərinin (əxlqın), əzələ qatının (əhkamın), hətta sümük sisteminin (əqidənin) zədələnməsi baş vermişdir. Bu zədələnmiş qatların bərpası yalnız həqiqi hüseynçilərin vasitəsilə mümkündür. Burada əməliyyat sümükdən dəriyə doğru aparılmalıdır. Yaralarımızın sağalması üçün bizə yalnız Hüseyn əqıdəsi və bu əqidədən doğan əməllərə malik olan insanlar lazımdır.

Yəqin ki, bilirsiniz, əməliyyat zamanı donorlara da ehtiyac olur. Donor isə yalnız xəstə bədənin qan qrupuna uyğun qanı olan insanlardan seçilir. İslam dünyamızın bu günkü yaralarına ancaq qanı Həzrət Hüseynin (ə) qanına bəzər insanların qanı dərman ola bilər. Bu gün həqiqi Hüseynçilərə ehtiyacımız var. Nə qədər ki, bu ehtiyacımız ödənilməyib yaralarımız bizi göynədəcək. Ona görə də gəlin hər dəfə əlimizə təsbeh alıb zikr edəndə Allahdan bizə Onu Həzrət Hüseyn (ə) kimi tanımağı, tanıyaraq kamil zikr etməyi və bu yolla həqiqi səadətə çatmağımızı istəyək.

Bikəxanım Əzimova,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: