понедельник, марта 02, 2009

ÇIRAĞI SÖNDÜRÜLMÜŞ XOCALI

1992-ci il fevral ayının 25-i erməni daşnaklarının yeni bir hədfi Xocali şəhəri oldu. O şəhər ki, Azərbaycan tarixinin qədim dövrlərindən muasir dövrlərə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi.

Xocalı şəhərinin 7 min əhalisi var idi. Lakin 4 aydan artıq zaman ərzində blokada da olduğu üçün əhalinin əksəriyyəti öz doğma vətənini tərk etmək məcburiyyətində qalmışdır. O dövrlərdə təqribən 2-3 min əhali qalmışdı Xocalıda.

Qarlı, tufanlı bir gecədə xocalılar (usaqları, qocaları, qadınları və s.) isti yerlərindən ayaqyalın, başaçıq öz isti ocaqlarını tərk edib, zülmlə üzləşib, təcavüzə məruz qaldılar. Üz tutub qaranlıq meşələrə qacdılar.

Sanki onları orada kimsə qözləyirdi...

Sanki onlar orada xilas olacadıqlar.

Düzdü, onları orada gozləyən var idi, amma xilaskarlar deyil, ermənilərin əvvəlcədən düzəltdikləri pusqular onları gözləyirdi. Bilmirdilər ki, həmin pusqularda çoxlu sayda öz yaxınlarını qurban vermiş olacaqlar.

Məhz o gecə, öz çırağını söndürdü, tarixi abidələrini və mədəniyyətini qapadı, qaranlıq zulmətə ducar oldu Xocalı. Sanki belə bir şəhər yox imiş heç.

26 fevral Xocalı qan ağlayır. Dərd içindədir. Dağıdılmış, partladılmış evlər, abidələr Xocalını qara tüstüyə bürümüşdür, yerlərdə ağ qarlar isə qırmızı rəngə boyanmışdı, elə bil qan ağlayır, sızıldayır Xocalı.

Xocalı soyqırımının epizodları insanları dəhşətə gətirir. Dörd gün ərzində 200 meyit tapıldı. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, ermənilər insanlar üzərində tamamilə təhqiredici vəhşiliklər həyata keçirmişlər. Xocalıların diri ikən başlarının dərisini soymuş, başlarını kəsmişlər, uşaqların gözlərini çıxarmışlar, hamilə qadınların qarınlarını yarmışlar ve yüzlərlə xocalı sakini əsir düşmüşdü.

Artıq 18 ildir ki, Xocalı ilə vidalaşmışıq. Görəsən, Xocalı da bizimlə vidalaşıb?

Yox, yox, inanmıram! Onun gözü yoldadı, gözləyir öz doğma xocalılarını. Gözləyir ki, onun sönmüş çırağnı yandırsınlar, solmuş gül-çiçəklərini suvarsınlar. Onun elinə-obasına həyat bəxş etsinlər.

Darıxma, ay Xocalı! İnşəallah gün gələcək Qarabağımızı, Qüdsümüzü erməni və sionist işğalçılarından azad edəcəyik.

Rüqəyyə Mətinli,

“Dəyərlər”

Uşaqların sevgi istəyi fitridir

Uşaqlar Allahın bizlərə bəxş etdiyi ən gözəl bir nemətdir. Və o zaman ki, bu nemət dünyaya gəlir, müxtəlif meyl və instinktlərə malik olur. Bu meyl və instinktlər iki qism olur. Onlardan bir qismi bilqüvvədir, yəni bu meyllər vardır, ancaq hələ fəaliyyətə keçməyibdir, elə bil köz altında yatan alovdur. Ancaq ikinci qism meyl və instinktlər bilfeldir, yəni fəaliyyət halındadır. Məsələn aclıq instinkti, belə ki, uşaq dünyaya göz açdığı gündən qida mənbəyini axtarır və ac olduğunu hiss edir. Bundan başqa onun bilfel halında olan xüsusiyyətlərindən biri də elmə olan meylidir. Onun elmə və dinə olan meyli də dünyaya göz açdığı gündən fəaliyyətdədir. Ona görə də İslam dinində dünyaya gələn uşağın qulağına azan və iqamə oxunması vacib sayılır. Çünki İslam dini deyir ki, bu uşaq sağ qulağına oxunana azanı və sol qulağına oxunan iqaməni dərk edir. Bundan başqa, hədislərimizin bir çoxunda valideynlərə tövsiyə olunur ki, uşaqların yanında qeybət etməsinlər, baxmayaraq ki, bu uşaq bir aylıqdır və ya bir az böyükdür, bu söhbətlər onun zehnində əsər qoyur.

Bu məsələnin ciddiliyini daha yaxşı dərk etmək üçün olmuş bir hadisəni danışmaq xatırlatmaq yerinə düşər. Fransalı bir qadının beynində problem yaranır və onu əməliyyat etməli olurlar. Bu qadının kəllə sümüyünü açırlar və bıçağı beynin xüsusi yerinə toxunduranda o alman marşını oxumağa başlayır və bu hadisə bir neçə dəfə təkrar olur. Onu əməliyyat edib qurtarırlar və xəstə özünə gələndən sonra ondan soruşurlar ki, savadı varmı, alman dilini bilirmi? O cavab verir ki, xeyr. Bu zaman həkimlərin təəccübü daha da artır. Onlar iclas keçirərək buraya psixoloqları, neyro cərrahları, psixoterapevtləri çağırırlar və məsləhət zamanı aydın olur ki, İkinci dünya müharibəsi zamanı almanlar Fransanı tutmuşdular və onlar fransızların evlərinə girir və orada gecələyirdilər, bu zaman həmin qadın beşikdə olan bir körpə imiş və onun beşiyinin yanında alman əsgərinin oxuduğu alman marşı bu uşağın zehninə həkk olubdur.

Bu hadisə bir daha onu sübüt edir ki, uşaq zehninə eşitdiyi hər bir söz təsir qoyur, nəinki söz, hətta əməl də. Belə ki, valideynlərə uşağın yanında diqqətli olmaq tövsiyə olunur, çünki bütün etdikləri onun ruhiyyəsinə mənfi təsir qoya bilər.

Uşaqların dünyaya gəldiyi gündən bilfel olan meyllərindən biri də məhəbbət istəyidir, sevgi istəyidir. Belə ki, dünyaya gələn uşaq qida mənbəyini axtardığı kimi, məhəbbət və naz da istəyir. Onun fitrəti deyir: mən anamın sinəsini istəyirəm ki, tox olam, mən anamın məhəbbətini istəyirəm ki, başım həmişə anamın sinəsi üstündə olsun və anamın nəvaziş əli başımın üstündə olsun. Ana əllərinin nəvazişi, ürəyinin döyüntüsü, ananın südü elə əvvəl gündən uşağın bədəninin, zehninin dərinliyinə əsər qoyur. Valideyn bilməlidir ki, uşağın qidaya ehtiyacı olduğu kimi məhəbbətə və nəvazişə də ehtiyacı vardır. Əks halda onda kompleks yarana bilər. Bir neçə aylıq uşağı əgər sığallayıb, onun üzünə gülsən, o da sənə güləcəkdir. Əgər qışqırıb, hay-küy salsan - ağlayacaqdır və o, bununla demək istəyir ki, mən naz istəyirəm, məhəbbət istəyirəm, gərək mənə məhəbbət göstərəsən. Dünyaya gəldiyi gündən, bir yaşında, 10 yaşında, 15 yaşında məhəbbət istəyir. Ancaq bu zaman məhəbbətlər fərqli olur.

Valideyn məhəbbəti təkcə anaların öhdəsində deyildir, ata da bilməlidir ki, bu onun uşağıdır və ona məhəbbət göstərmək onun da vəzifəsidir və hər dəfə evə gələndə uşağı dizi üstə otuzdurub, onunla uşaq dilində danışmalıdır, nəvazişlə başını sığallamalıdır. O atalar ki, evdə olan zaman çox vaxt yatırlar və ya günlərlə evə gəlmirlər, gərək bilsinlər ki, bu məsələ ciddidir və kompleksə gətirib çıxara bilər. Onların ilk gündən körpəyə verdikləri tərbiyə ona nəvaziş etməkləri, onunla söhbət etməkləri, uşağın yanında əyləşməkləri, onu dinləməkləri və uşağın sözlərinə fikir verməklərilədir. Həmin iki və üç yaşlı uşağın da öz dili vardır, ana və ata onun sözlərinə diqqət etməlidirlər. Uşaqların sözlərinə diqqətsizlik etmək və onların sözlərinə məhəl qoymamaq təhlükə zəngini çalır. Ona görə ehtiyatlı olun ki, uşaqlarınız ilk gündən kompleksli olmasınlar, siz atalar hər nə işdə olursunuz-olun, kim olursunuz-olun bilin ki, ən vacib işiniz uşağınızdır və bu uşaqlara bir saat və ya iki saat vaxt ayırmaq lazımdır. Çünki bu onun ruhu qidasıdır və sən əgər bu körpənin dünyaya gəlməyinə vasitəçi olmusansa, onun məsuliyyətlərini də dərk etməlisən.

Ona görə xülasə olaraq, deyə bilərik ki, insan qidasız qaldığı zaman öldüyü kimi, məhəbbətsiz qaldığı zaman da onun ruhu ölür, çünki onun fitrəti bunu istəyir, o, diqqət və məhəbbət istəyir. Əgər onların ruhi qidalarını verməsək, onlarda kompleks yaranacaqdır.

Uca Allahdan uşaq tərbiyəsi kimi məsuliyyətli işdə tofiqat diləyirik!

Məşhədi Xanım, “Dəyərlər”

ALƏMLƏRƏ

Aləmlərə, meydan oxuyan can nə apardı

Olmuş bu həyat mülkünə heyran, nə apardı

Sadiq olub Allaha əzəl gün yaranandan

Müxlis qul ikən Rəbbə Süleyman nə apardı

Tutmuşdu təkəbbür yolunu, firon ilən qövmü

Yar oldu alov-atəşə həmman nə apardı

Söndürməyə cəhd eylədi Həqq nurunu şahlar

Bərzəxdədir, müflis, bu cahandan nə apardı

Xeyrül-əməli tərk edən ləll eşqinə düşdü

Məyusdu bu sevdadə, bədəxşan, nə apardı

Pişvaz elədi Qarunu, qövmü həsəd içrə

Gömüldü yerə dövləti, nadan nə apardı

Dünyanı sevən - şümrütək lənətlənəcəkdir.

Həzrət Hüseyni eylədi al-qan, nə apardı

Ey Qəmgüzar, idrak ilən sən bax, bu cahanə

Dünya özü xülyadısa, mehman nə apardı.

Qiyas Qəmgüzar

İsrafçılığın rəmzi olan şəhər

Tikililərin yenidən sökülərək bərpası göz qabağındadır. Daima yolarda gedən iş-güc sahibləri və sərnişinlər buna daha çox şahid olublar. Təzə avtovağzalın köhnəsi yazdıqlarımızı təsdiqləyir. “Atalar üç dəfədən deyib” misalının doğru-səhvliyi bir yana, məhz bu avtovağzalın taleyindən danışır. Yəni üç dəfə yerini dəyişdirdikləri avtovağzal, deyəsən öz yerini tapıb.

Bizim məqsədimiz yeni avtovağzal haqqında yazmaq deyil, sadəcə xərclənən pulların havaya uçmasıdır. Tikinti işi apranlar və yaxud xırda ev təmir edənlər bilirlər ki, xeyli miqdarda pul xərclənir. Hələ bu, kiçik evdən danışılır. Edilən səhvlər və səhlənkarlıqlar üzündən büdcəmiz sökülür. Çəkilən asfalt yolların dəfələrlə uçurulub-salınması adiləşib. Bu gün yol gedən sürücülər şikayət etməkdən də yorulub. Parkların qazılması, çəmənliklərin qazılıb məhv edilməsi və parkın metlax, kafellərini dəfələrlə sökülüb, yenidən tikilməsi büdcəmizə, millətimizə qarşı israfdır.

Saymaqla bitməyən israfçılıqlar. Görəsən axırımız necə olacaq? Bir gün görəcəyik ki, sandığımızda heç nə qalmayıb. Onda “Vay pullarımızı dağıdıblar!” – deyə qışqırsaq da, köməyimizə çatan olmayacaq.

Bildiyimiz kimi, ölkəmizdə xeyli camaat işsizdir və xərclənən pullar boş yerə israf edilməzsə, Bakı şəhərində bir nəfərin işsiz, maliyə tərəfdən əziyyət çəkdiyini görmərik. Burada yaxşı deyiblər: ”Yuxularınız çin olsun.”

Zeynəb Aslanova

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Cavnlar niyə evlənmək istəmirlər?

Hal-hazırda ölkəmizdə işsiz qlanların sayı çoxalıb. Məhz bu səbəbdən cəmiyyətimiz maliyyə problemi yaşayır. Xüsusən cavanlar iş tapmadıqları üçün və yaxud işləyib əldə etdiyi maaşla dolana bilməyəcəyindən narahatdır. “Ailə qurmaq istəyirsiniz?” deyə cavanlara müraciətimizin cavabında ”Özümü güclə dolandırıram, ailəmə necə baxacam?” – cavabını eşidirik. Və yaxud: ”İş tapmaq olmur! Aldığım maaşla dolana bilmirəm!”.

Buna bənzər cavablara görə cavanlarımız pul sarıdan çətinlik çəkirlər. Və elə buna əsasən evlənmək də istəmirlər. Valideynlər də evlilik xərcini çatdıra bilmədikləri üçün övladlarının xeyir işlərini geçikdirirlər. Axırda cavanlarımız evlənməkdən boyun qaçırmalı olurlar. Kimə sual verirsənsə, şikayət edir. Evsizlik, pulsuzluq üzündən əziyyət çəkən cavanlar axırda həmişəlik subay qalmağa imza atırlar.

Hər yaşın öz gözəlliyi var. Nəslin artımı bir millətin əsgərləri deməkdir. Burada Qəzza hadisəsi yadıma düşdü. İsrailin vəhşiliklə qətlə yetirdiyi cavan, körpə ondan ötrü idi ki, birdəfəlik nəsillər kəsilsin. Lakin çirkab arzuları həyata keçmədi və keçə də bilməz. Allah istəmədiyi bir işi zalım qövm sayılan israillilər necə həyata keçirə bilər?! İllər keçəcək, yenə də qəzzalilar ailə qurub nəsil artıra biləcək. Məhz düşmənə cavab verməkdən ötrü, necə ki, qarışqalar qış tədarükü görərək özlərinə yem daşıyıb məxsus yerlərdə saxlayırlar.

Bizlər də hər işimizi tədarüksüz etməməliyik. Millətin qayğısına qalınmasa, ən əsas onlara lazım olan təlabatlar yerinə yetirilməsə, çatdırılmasa, əlbəttə daima uduzmuş olacağıq.

Tez- tez işlətdiyimiz bir söz var: “Ailə cəmiyyətin əsasıdır”. Əlavə edib deyərdik ki, ailəsiz cəmiyyət mümkün deyil! Və iki fərdin ailə qurmaqdan ötrü min cür çətinliklər çəkməsi onu göstərir ki, sənin ölkən zəifdir. Əgər bir ölkədə ailə qurmasalar, onda ölkədə nəsil artımından danışmaq lazım deyil. Və bilməliyik ki, bu vətənin hər bir övladı vətən üçün gərəklidir. Gərək övladlarımızın, vətən cavanlarının qeydinə qalaq.

Zeynəb Aslanova

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

İncili oxuyuram...

Ruhullahın şərab ilə (nəuzubillah!) nə işi?!

Əlimdəki bir vaxtlar səmavi olmuş, indi isə tamamilə insan düşüncəsinin məhsulu olan bu kitabı oxuyanda təəcüb etməyə bilmirəm! Allah kəlamlarının bu dərəcədə dəyişdirilməsi, onların bu səviyyədə bayağılaşdırılması insanda heyrət doğurur. Budur, yeni bir səhifə və budur insanı dəhşətə gətirəcək cümlələr:

“İsanın ilk əlaməti (möcüzəsi)

Üçüncü gün Qalileyanın Qana kəndində toy var idi. İsanın anası da orada idi. İsa ilə şagirdləri də toya çağırılmışdılar.

Şərab tükənəndə İsanın anası ona dedi: “Şərabları yoxdur”.

İsa ona dedi: “Ay arvad, mənə və sənə nə? vaxtım hələ gəlməyib”. Anası nökərlərə dedi:” Sizə nə desə, onu edin.”

Yəhudilərin təmizlənmə adəti üzrə hər biri iki-üç ölçü (ölçü-yunanca təqribən 40 litrdir.) altı daş küp var idi. İsa nökərlərə dedi: ”Küpləri su ilə doldurun” Küpləri ağızlarına qədər doldurdular. Sonra nökərlərə dedı: ”İndi sudan götürüb ziyafətə başçılıq edənə aparın!”. Onlar da apardılar. Ziyafətə başçılıq edən, şəraba çevrilmiş suyu daddığı zaman onun haradan olduğunu bilmədi. Bunu yalnız suyu gətirmiş nökərlər bilirdilər... İsa bu ilk əlamətini Qalileyanın Qana kəndində icra etdi və izzətini göstərdi. Şagirdləri də ona iman gətirdilər”.

Budur! Azğınlaşmış insanların haqdan dönmələri və həqiqəti bu cürə biabrcasına saxtalaşdırmaları. Suyu şəraba çevirmək Həzrət İsanın (ə) ilk möcüzəsi ola bilərmi? Möcuzə özü-özlüyündə İlahi bir anlayışdır. Yəni, möcüzə yalnız və yalnız Allahın iradəsi ilə olur. Allahın iradəsi bir peyğəmbərə (ə) şərabı suya çevirtdirərmi?! Nəuzubillah! Allah peyğəmbərinin şərabla nə işi?! Ruhullahın murdarla nə işi?!

Həzrət İsaya (ə) qarşı yazılmış olan cəfəngiyyatlar bununla bitmir. İncilin müxtəlif yerlərində ona qarşı olan bu amansızlığa rast gəlirik. Hz.İsanın (ə) “ölümü” ilə bağlı yazılanlar daha acınacaqlıdır:

“İsanın ölümü:

...Bundan sonra isə İsa hər şeyin indi tamam olduğunu bilərək, Müqəddəs yazının yerinə yetməsi üçün: “Susadım”- dedi. Orada turş şərab dolu bir qab qoyulmuşdu. Turş şərab ilə süngər doldurub, onu bir zufa budağına taxıb, onun dodaqlarna yaxınlaşdırdılar. İsa şərabı daddıqda: “Tamam oldu” - dedi və başını əyib canını tapşırdı”. (İsanın ölümü; Matta 27:45-56, Mark 15:33-41, Luka 23:44-49).

İlahi,sənə pənah aparırıq Sənin dinini dəyişdirənlərdən, İlahi göstərişləri cəfəngiyyat ilə əvəz edənlərdən, Sənin buyruqlarını gizlədənlərdən və bütün bu olanlara göz yumaraq bilə-bilə dəyişdirilmiş kitablara istinad edən və özünü dindar hesab edən avamlardan!

Doğrudan da, həqiqi İsanı axtaran İslama gəlməlidir. Həzrət İsa ilə tanış olmaq istəyən müsəlman olmalıdır. Çünki, Həzrət İsa, İsa olaraq yalnız və yalnız İslamdadır. Necə olub, və necə də var:

“O,harada oluramsa-olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmlər öyrədən) etdi və məni diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu” (“ Məryəm” surəsi 31-ci ayə)

İlahi, Həzrət İsaya (ə) bizim həqiqi məhəbbətimizi çatdır və bizim salamımızı ona yetir!

Xəyalə Quliyeva

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


воскресенье, марта 01, 2009

Azərbaycan tarixinin ən dəhşətli səhifəsi

Bu tarix Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən-dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu, bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin "müdafiə naziri"dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. ("Xocalının işğalına dair istintaq materiallarından"). Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir.

Kütləvi qətl yerlərində olmuş rusiyalı jurnalist Y.Romanov Qarabağ haqqında yazdığı “Mən müharibəni çəkirəm...” adlı kitabını aşağıdakı sözlərlə başlamışdı: “İlahi, axı bu necə “milli-azadlıq mübarizəsi”dir?”

Həmin kitabdan cəmi bir epizodu sizə təqdim edirik, özünüz nəticə çıxarın: “...Lentə çəkdiyim 37 saniyə əllərimi yandırır. Mən insanların əhatəsindən çıxıb kameranı qaldırıram. Videoaxtarıcıda içərisində yaralılar olan maşının şütüdüyü yol görünür. Budur, yaralıları xərəklərə qoyur, platformadan birbaşa vaqonların açıq pəncərələrindən əməliyyat vaqonuna aparırlar. Başı sarıqlı 6 yaşlı qızcığaz. Sarğı elə qoyulmuşdur ki, onun hər iki gözünü örtür.

Mən kameranı söndürmədən qızcığaza tərəf əyilirəm:

-Sənə nə olub, əzizim?

-Gözlərim yanır... Əmi, gözlərim yanır...

Gözlərim yanır!!!

Həkim çiynimə əlini qoyur:

-O kordur. Gözlərini siqaret kötükləri ilə yandırıblar... Onu bizim yanımıza gətirəndə gözlərindən siqaret kötüyünün qalıqları sallanırdı...

Oxucu məni bağışlasın, lakin gözlərimlə gördüklərimi, qulaqlarımla eşitdiklərimi dilimlə deyə bilmirəm. Belə xatirələr izsiz ötüb-keçmir və axşam bu fəsli yazandan sonra, ertəsi gün gicgahlarımda ağ tüklərin çoxaldığını görürəm.

Xocalı soyqırımı şahidlərinin ifadələrindən:

Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, "4 məsheti türkü və 3 azərbaycanlının erməni qəbirinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar". Ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyidlər isə tikə-tikə doğranmışdır

Heydərov Camal Əbdülhüseyn oğlu: "Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdılar".

Heydərov Şahin Zülfuqar oğlu - Naxçıvanik kəndi (Xocalı) yaxınlığında 80-ə yaxın meyit görüb. Meyitlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdir. Milis mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl da qətlə yetirilənlər arasında olmuşdur.

Hümbətov Cəlil Hümbətəli oğlu - Ermənilər onun gözü qarşısında həyat yoldaşı Füruzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələmişlər.

Paşayeva Kübra Adil qızı - Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşmüşdür. Gizləndiyi kolluqdan həyat yoldaşı Paşayev Şura Tapdıq oğlu, oğlu Paşayev Elşad Şura oğlunun güllələnməsinin şahidi olmuşdur.

Əmirova Xəzəngül Təvəkkül qızı Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürmüşdür. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Əmirov Təvəkkülü isə benzin tökərək yandırmışlar.

Əliyeva Zoya Əli qızı 150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donaraq ölmüşdür.

Mustafayeva Kübra Əliş qızı: "Ermənilər bizi girov götürən kimi yanımdakı altı nəfəri yerindəcə güllələmişlər".

Kərimova Səidə Qurban qızı: "12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürmüşlər".

Nəcəfov Əli Ağami oğlu: "Ermənilər qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələmişlər"…

Vəhşiləşmiş ermənilərin dinc əhaliyə qeyri-insani qəddarlıqla divan tutmasının daha bir səbəbi vardır.

Bunu hazırda Ermənistanın prezident kürsüsündə əyləşən Serj Sarkisyan çox həyasız və sərt şəkildə söyləmişdir: “Xocalı hadisəsinə qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu “stereotipi” qırmağa nail olduq”.

Deməli, bu amansız qırğın bilərəkdən vahimələndirmə aktı kimi planlaşdırılmışdı.

Lakin onlar öz məqsədlərinə çatmadılar və heç vaxt çatmayacaqlar.

XX əsrin genosid və etnik təmizləmələr tarixində qanlı səhifələrdən biri də Xocalı soyqırımıdır. Həmin hadisə ilə bu və ya başqa cür əlaqəsi olan adamlar, hələ ki, öz vicdanları qarşısında məsuliyyət daşıyırlar. Lakin o vaxt gələcək, hökmən o gün gələcək və onlar öz mənfur əməllərinə görə tarixin məhkəməsi qarşısında, bəşəriyyət qarşısında cavab verməli olacaqlar.Çünki tarix heç nəyi unutmur.

(AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu materialları əsasinda hazirlanmisdir)


Surac Azəri
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Qədəmin səcdəgahımdır

Qədəmin səcdəgahımdır,

Xudadən aşikar olmuş

Yolun idrakı tohiddir.

Rəsul-Əkrəm şüar olmuş.

Alıb mənbəni Xaliqdən,

Qurtara xəlqi cəhalətdən

Cadar olmuş vilayətçün

Nəbi çay tək axar olmuş

Əyandır Kərbəla içrə

Hüseynin qətligahindən

Öpərdi gül boğazindən

O pak qəlbi ohar olmuş

Nəvazişlə Həsənini

Qucar, öpər dodağindən.

Bilir ki, zəhri busəylə

Ciyər-cani yanar olmuş

Rəsuli-Əkrəm, vida ani

Olar qəm-qüssə Zəhrani

Necə çəksin bu hicrani

Nəsibi ahu-zar olmuş

Əmirəl-möminin yalqız

Qalıbdır, Mustafasızdır.

Hanı Təyyarilən-Həmzə,

Vücudi-qəlb o xar olmuş

Kərbəladə nəşi torpaqda

Başı şam içrə bir yanda

Yumar gözün Rüqəyyanda

Bu möhnətə düçar olmuş

Əbülfəz- Abbasın, Hürrün

O Zeynəbin- Rəsullulah

İmami Zeynəl-Abidin

Hüseynçün qəmgüzar olmuş.

Qiyas Qəmgüzar

İSLAM PAYTAXTINDA XƏSTƏXANALAR

Həm çox sevilən bir ziyalı, həm də bizlərə örnək olan bir mömin xəstələnmişdi. Qərara gəldim ki, mən də dostlarla birlikdə onun ziyarətinə gedim. Avtomobilə əyləşib yenicə yerimizdən tərpənmişdik ki, telefonum zəng çaldı. Zəng edən dostlarımdan biri idi. Çox narahat halda birbaşa bu gileylərini mənimlə bölüşməyə başladı: “Qardaş, bu nə işdir biz düşmüşük?! İndicə işdən gəlmişəm. Bir az dincəlmək istəyirdim ki, əsəblərim pozuldu. Sabah Xocalı soyqırımının 17-ci ilidir, kanallarımızda isə şoular, musiqi musabiqələri gedir. Axı belə şey olar? Bunun harası İslam mədəniyyətinin paytaxtı oldu?! Kanallarda dinə, imana yer vermirlər-vermirlər, heç olmasa faciələrimizə, şəhidlərimizin ruhuna hörmətlə yanaşsınlar!”.

Dostumun haqlı iradlarından sonra onu sakitləşdirməyə çalışdım və xudahafizləşdik. Yol yoldaşım, bir digər dostum isə bu yerdə gözəl bir ifadə işlətdi: “Kim hansı normaları qəbul edirsə, onu da təzahur etməsində təəccüblü nəsə yoxdur”. Bəli, doğrudan da efir məkanındakı öz verilişlərində imana, inanca, İslama 1 dəqiqə də yer ayırmayan TV-lərin belə addımları təəccüb doğurmamalıdır. Gəlib çatdıq 2009-un İslam paytaxtı Bakıdakı xəstəxanalardan birinə, hansı ki, qəhrəmanım müalicə olunurdu. Öncə qapıda nəzarətçinin məzlumanə baxışları bizi gözləyirdi: “(köhnə kişilər demişkən) 1 abbası ver, 10 dəqiqəliyə içəri buraxım”.

Hərgah kim isə birdən unudub xəstəsinin yanında çox əyləşsə, onu da xərcə sala bilər. Dəfəsi 1-2 manat olmaqla otaqların sanitarlar otaqları təmizləyərkən, dəfəsi neçə manat olmaqla iynələrin vurulması və üzü yüxarı bir sıra prosedurlada da eyni qayda tətbiq edilməkdədir. Xülasə, qapıçının bu ismarıclı baxışını anlayan qədim kişilərdən olan bir dostumuz onu razı saldıqdan sonra (əks halda ziyarətdən məhrum da ola bilərdik) daxil oluruq dəhlizə. Ürək xəstəliklərinin müalicə edildiyi şöbəyə daxil olduq. Gecə saatlarına rəğmən şöbənin düz ortasında bir neçə xəstə və yaşlı insan bir-biri ilə ucadan söhbət edirdi. Nə isə, palataya, xəstəmizin otağına giririk. Adama ilk təsir edən yenicə təmirdən çıxmış palatadan hələ də rəng qoxusunun gəlməsi olur. Hərçənd ki, dediyim ki, burada reanimasiyadan çıxarılmış ürək xəstələri müalicə olunurdu. Palatada ən sadə gigiyenik norma olan əl-üzyuyan belə yox idi. Mənə ən maraqlı gələn məsələlərdən biri isə ziyarətini etdiyimiz ziyalının xəstəxanadakı ilk günün təəssüratları idi: “Camaatın ünsiyyət tərzləri dəyişib. Reanimasiyadan sonra məlum oldu ki, ürəkdə ciddi bir problem yoxdur. Əlhəmdulillah ki, qan analizinin nəticələrinə görə infarkt əlamətləri yoxdur. Şükür. A kişi, sadəcə olaraq Tibb universitetində bilmirəm bu həkimlərə xəstə ilə ünsiyyət dərsi keçirlər, ya yox? Rəhmətliyin oğlu, reanimasiyadan xəstəni çıxaranda deməkdən ki, “Ay əmi, ay dayı, gözlərin aydın, səndə elə bir ciddi xəstəlik yoxdur. Hər şey normaldır. Balaca rahatsızlığın var, o da keçər”, birbaşa işçilərə çığırdı ki, “bu xəstəni aparın filan palataya”. A kişi, camaatın ünsiyyəti necə də pozulub!”.

Bəli, insanlarımız xöş ünsiyyəti çoxdan unudublar. Halbuki, bunun özü çox zaman bir məlhəm olur, necə ki, ağır xəstəyə həkiminin bir xoş təbəssümü kimi. Bəlkə də səbəb həqiqi Təbibdən uzaqlaşmağımızdır.

Allah bütün cismi və qəlbi mərizlərimizə şəfa nəsib etsin, inşəallah! Amin.

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Məkkə müşriklərinin Həzrət Peyğəmbərlə (s) əsas problemləri nə idi? (1-ci hissə)

Həm tarixdən, həm də hədislərdən bizə məlumdur ki, İslam Peyğəmbəri (s) hələ peyğəmbərliyindən əvvəlki dövrlərdə Məkədə ən inanılan, ən hörmətli, ən güvənilən bir adam idi. Onu Məkkə əhalisinin gözündə uca edən bir çox hadisə və gördüyü işlər, o cümlədən, “Qara daş”ın yerinə qoyulması hadisəsi və bu kimi işlər az deyildi.

Məhşur tarixçi Təbəri ibni Abbasdan rəvayət edir ki, bir gün Peyğəmbər (s) Səfa dağına gedərkən qüreyşliləri yanına çağırıb belə demişdi: “Əgər mən sizə desəm ki, düşmən sizə basqın edəcək, mənim sözümə inanarsızmı?”. Dedilər? “Bəli”. buyurdu: “Mən sizi böyük bir əzabdan xəbərdar etmək istəyirəm.

İbni Hişam yazır: “Peyğəmbər (s) qureyşliləri Allaha ibadət etməyə dəvət etdikdə ona e’tiraz etmədilər. Onların bütlərinə tənə etdikdən sonra düşmənçilik meydana çıxdı”.

Qurani-Kərim bu düşmənçiliyə işarə edərək buyurur: “Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-birinə) “Sizin tanrılarınıza tə’nə edən budurmu?” deyərlər. Halbuki, onlar Rəhman Allahın öyüd-nəshiətini (Quranı) inkar edirlər”.(“Ənbiya”, 36)

Müsəlmanların sayı günbəgün artdıqca Qureyş başçılarının nigarançılığı daha da çoxalırdı. Onlar Əbu Talibin yanına gedərək ondan qardaşı oğlunun başladığı bu də’vətin qarşısını almağını istədilər. Hətta bir gün ona dedilər ki, Həzrət Muhəmmədi (s) bizə təslim et, biz də onun əvəzində Əmmarə ibni Vəlidi sizə verək (onların nəzərində bu şəxs ağıllı bir cavan idi). Əbu Talib dedi: “Balamı sizə verim ki, öldurəsiniz, əvəzində sizin övladınızı böyüdüm? Çox ağır təklifdir”.

Diqqət yetirmək lazımdır, görəsən bəzi insanlar nəyə görə Peyğəmbərin (s) əleyhinə idilər? Demək olar ki, Əmr ibni Hişam (Əbu Cəhl), Əbu Süfyan ibni Hərb, Vəlid ibni Muğəyrə ərəblərin bütlərinə və onları düzəldən sənətkarlara ehtiram bəsləyirdilər. Peyğəmbərin (s) də rəis olmasından qorxuları yox idi, çünki onlar o Həzrətin rəhbərliyini qəbul etməyə razı idilər. Allahın Rəsulu (s) özü barəsində belə deyirdi: Mən Allah tərəfindən göndərilmişəm ki, sizi zülmətdən, nadanlıqdan düzgün və aydın dinə tərf çıxaram. Nə böyüklük, nə də hakimiyyət iddiasında idi; əgər belə bir şey istəsəydi dərhal yerinə yetirər və bütün əmrlərini yerinə yetirərdilər.

Burada mühüm bir sual meydana çıxır nəyə görə onlar Peyğəmbərin (s) dəvətini qəbul etmirdilər?

Mümkündür deyək ki, onlar ulu əcdadlarının dinindən əl çəkib yeni dini qəbul etməkdə çətinlik çəkirdilər.

Belə bir fərziyyəni qapalı mühitdə yaşayan və elə oradaca dünyadan köçən, xarici mühitlə heç bir əlaqəsi olmayan əhaliyə bəlkə də şamil etmək olar, ancaq dünya görmüş, Ərəbistan yarmadasından xaric olan mühitlə əlaqəsi olan əlaqəsi olan adam barəsində necə?!

Hədəfi mal-dövlət toplamaq olan və bu yolda hər bir şeyə hazır olan şəxs üçün heç bir fərqi yoxdur ki, xalq günəşə ibadət etsin ya aya, yaxud Allaha və ya istər Kəbə evinin başına dolansınlar və ya Lat və Uzzaya ehtiram etsinlər.

Deməli bu lovğalar bütlərin və bütxanaların dağılmasından qorxmurdular, çünki əslində onların heç bütə də etiqadları yox idi. Bütpərəstlik onların nadan xalqa hakimiyyət etmək üçün bir alətə çevrilmişdi. Bəs nədən qorxurdular? Əgər Peyğəmbərin (s) də’vəti yalnız “La ilahə illəlləh” kəlməsi deməklə sona yetirdisə, bunlar nədən qorxurdular?! Məkkənin fəthindən sonrakı nəsillərin gördüyü işi niyə yerinə yetirmirdilər? Dildə dedidlər ki, Allah təkdir, sən Onun Peyğəmbərisən, ancaq gizlində yenə dindən öz mənfəətləri üçün istifadə etdilər.

Burada gərək çox tələsməyək. Düzdür, ilk günlərdə Peyğəmbər (s) onlardan Allahın təkliyini təsdiq etmələrini istəyirdi, ancaq bunun ardınca digər ayələr nazil olurdu. Lovğaları qorxudan və gələcəkləri barədə təşvişə salan o ayələr idi. Şübhəsiz ki, siz Qurani-kərimin 29-30-cu cüzündə yerləşmiş Məkkədə nazil olan o ayələri dəfələrlə oxumusunuz. İcazə verin o ayələrdən bəzilərini nəzərinizə çatdırıb onların mahiyyətinə diqqət yetirək:

“O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar). Və elə zənn edər ki mal-dövləti onu əbədi yaşadacaqdır. Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O, mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır! Bilirsənmi Hütəmə nədir? O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb, yaxar”. (“Əl-Huməzə”, 2-7)



“Vay halına çəkidə, ölçüdə aldadanların! O kəslər ki, xalqdan bir şey aldıqları zaman onu tam ölçüb alar. Xalq üçün bir şey ölçdükdə və ya çəkdikdə onu əsgildər. Məgər onlar (öldükdən sonra) diriləcəklərini düşünmürlər? Özü də dəhşətli bir gündə?! (Ya Peyğəmbər) Məni öz yaratdığım kimsə ilə tək burax! (Vəlid ibni Müğəyrə kimi kafirlərin cəzasını yalnız Mənə tapşır!). Mən ona bollu mal-dövlət əta etdim; Yanında hazır duran oğullar verdim (verdim); Ona (hər şeyi) artıqlamasıyla müyəssər etdim. (Sərvət və mənsəbi ayağının altına döşədim). (Bütün bunlardan) sonra yenə də (var-dövlətini) artırmağımı istəyir. Xeyr (bu ola bilməz). Çünki o, ayələrimizə qarşı inadkar oldu”. (“Müddəsir” 11-16)

“(Allah dərgahından belə bir nida gələcəkdir:) “Onu tutub qandallayın! Sonra da Cəhənnəmə atın! Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın! Çünki o, böyük olan Allaha inanmırdı. O, (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmir, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı”. (“Haqqə”,30-34).

“Lakin o, əqəbəni (sərt yoxuşu, maneəni) keçə bilmədi (özünə verilən bu qədər nemətlərə şükr etmədi). (Ya Peyğəmbər!) Bilirsənmi, əqəbə nədir?! O, bir kölə azad etməkdir; Yaxud ağalıq zamanı (günündə) yemək verməkdir - qohumluq əlaqəsi çatan bir yetimə. Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə!” (“Əl-Bələd”, 11-16).

“Elə isə yetimə zülm etmə! Dilənçini də (qapıdan) qovma!” (“Əz-Zuha”, 9-10)

“(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum. Ora ancaq azğın kafir daxil olar. O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər! Allahdan qorxub pis əməllərdən çəkinərsə, ondan uzaqlaşdırarlar (nicat tapar). O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər”. (“Əl-Leyl”, 14-18).

Qüreyşin dövlətliləri və sələmə pul verənləri bu xəbərdaredici və ürək titrədən sözləri asanlıqla qəbul edə bilmirdilər. Sələmdən əldə olunan gəlirdən əl çəkmək, qul azad etmək, yetim malına toxunmamaq, əlsiz-ayaqsız (zəif) qohumlara nəvaziş etmək, başqaları müqabilində lovğalıq etməmək, özündən aşağı təbəqə ilə bir yerdə əyləşmək və sair bu kimi dünyəvi məziyyətlərdən əl çəkmək onlar üçün çox ağır idi. Bu ayələri eşitdikdə onların ürəkləri parçalanırdı və o ayələri nə özlərinin, nə də başqalarının eşitməsini istəmirdilər.

(ardı var)

Tural Ağamirzəzadə
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Xocalının tarixi abidələri və mədəniyyəti

Adətən hər hansı bir tarixi abidənin həmin ölkənin ərazisində yerləşməsinə baxmayaraq, özününkü olmasını sübut etmək heç də asan bir iş deyil. O ki qaldı onu itirdikdən sonra iddia edəsən ki, bu tarixi abidə mənim ərazimdə olmamasına baxmayaraq mənim xalqıma məxsusdur. Bu baxımdan Xocalımız da öz tarixi keçmişimizin köklü olmasını sübut etmək üçün əsaslı dəlillərə malikdir.

7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ sisiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır. Ermənilərin Xocalıya əsas maraqları da Xocalının bu cür strateji mövqedə olması ilə əlaqədardır.

Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekroloqlar tapılmışdır. Həmçinin burada arxitektur abidələr - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.

Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.

Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar. Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan aeroportun ələ keçirilməsi idi.

Vətənimizin öz tarixi zənginliyi və təbii gözəlliyi ilə seçilən Qarabağımızın gözəl diyarı Xocalını qaytarmaq üçün əlimizdən gələn fədakarlığı etməyə dəyər. Allah bu zəfəri bizlərə nəsib etsin. Amin.

Tural Ağamirzəzadə
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Xocalı soyqırımı necə baş verdi ?

Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.

Xocalı soyqırımı - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım.

Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı Motoatıcı Alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı.

Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içindəki 40 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.

Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyidlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.

Fevralın 28-də tərkibində yerli jurnalistlərdə olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilər güclü atəşi altında ancaq 4 meyidi götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyidlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.
Xocalı soyqırımına dair dünya mətbuatında çıxarışlar

“Krua l'Eveneman” jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyidlərin şahidi oldu. Azərbaycanlılar minlələr ölənlər barədə xəbər verirlər.

“Sandi Tayms” qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.

“Faynenşl Tayms” qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.

“Tayms” qəzeti (London), 4 mart 1992-ci il: Çöxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.

“İzvestiya” (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir.

“Faynenşl Tayms” qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.

“Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.

“İzvestiya” (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.

“Valer aktuel” jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "müxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.

R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): Xocalıdakı vəhşilikllərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.

1992-ci il fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin hücumu başlandı.
Hücumun iştirakçıları

Hücumda zirehli texnikanın - zirehli maşınların, piyadaların döyüş maşınlarının və tankların dəstəyi ilə “Artsaxın Milli Azadlıq Ordusu”nun (AMAO) hissələri iştirak edirdi.
Hücumun gedişatı

Xocalı fevralın 25-də saat 23-dən toplardan atəşə tutulmağa başlanmışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılmışdı. Piyada hissələr şəhərə fevralın 26-ı saat 1-4 arası girmişdir.

Sonuncu müdafiə nöqtəsi saat 7-də məhv edilmişdir. Şəhərin gülləbaranı nəticəsində dinc əhalinin müəyyənləşdirilməmiş miqdarda əmlakı dağılmışdır.
Əhalinin çıxması üçün “azad dəhliz”

Ağdam və Bakıda müşahidəçilər Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, dəhliz barədə məlumatı olmuşdur. “Azad dəhliz”lə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə gülləyə tutulmuşdur və nəticədə coxlu sayda insan həlak olmuşdur.
Şəhərdə qalmış əhalinin müqəddəratı

Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 məshəti türkü qalmışdı. Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-nə Azərbaycan tərəfinə 700-dən artıq şəhərdə və Ağdam yolunda əsir götürülmüş Xocalı sakini təhvil verilmişdir. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi.

Xocalı sakinlərinin əmlakı

Şəhərdən qaçan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlər də əmlaklarından heç nə götürməmişdilər. Rusiyanın “Memorial” təşkilatının müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə qalan əmlak Stepanakert (Xankəndi) və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdır.

366-cı alay

Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-ci alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.

Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, güya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfər, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbçı əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi.

Silahlı dəstələrin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafıiəsi Bəyannaməsinə (BMT-nin Baş Assambleyası 14.12.1948-cü ildə qəbul etmişdir) kobud qaydada ziddir.

Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Sazış, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafıəsi Bəyannaməsinə məhəl qoyulmamasıdır.

Bu qədər qeyri-insani hərəkətlərin, vəhşiliklərin törədilməsilə yetinməyib ideoloji baxımdan korlanmış bu ermənilər, sionist cinayətkarları kimi dünyanın hər yerində törətdikləri qansızlıqlara haqq qazandırır və çox vaxt bu cinayətlərin onların özlərinə qarşı törədilməsini iddia etməkdən belə çəkinmirlər.

Tural Ağamirzəzadə
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Körpələrim üçün sionizmin təbliği, yoxsa “dostluq rəmzi”?!

Dostlardan biri bir neçə gün öncə mənə telefonu ilə çəkdiyi şəkli göstərdi. Doğrusu, mənimçün bir az qəribə olduğuna görə maraqlanmağa çalışdım. Şəkildə şəhərin mərkəzində yerləşən məktəblərdən birinin dəhlizində asılmış və yoldan rahatlıqla görünəcək qədər iri bir İsrail sionist rejiminin bayrağı asılmışdı. Özü də belə bir vaxtda ki, İsrail sionist rejimi tərəfindən təzəcə 400-ə yaxın körpə vəhşiliklə öldürülmüş, yüzlərlə uşaq yetim qalmış, sağ qalanlar isə öz tibbi və təhsil ocaqlarından və bir çox layiq olduqlarından məhrum olmuşdular.

Bu Ağabəy Novruzbəyli adına 46№-li orta ümumtəhsil məktəbinin binası idi. İçəri girib müəllimlərdən nə üçün israil rejimi bayrağının məktəbdən asıldığını soruşdum və yoldan keçən bir vətəndaş kimi mənim üçün maraqlı olduğunu dedim. Onların verdikləri cavabdan belə məlum oldu ki, məktəb iki hissədən ibarətdir. Bir hissə Azərbaycan sektoru, digər hissə isə yəhudi sektorudur. Müəllimələrdən birinin diliylə desək “yevreyski sektor”. Yəni buranın dilindən əlavə, dərs sistemləridə israil təhsil sisteminə uyğun şəkildə təşkil olunub.

Yenə də biz vətənimizdəki bu vicdanlı müəllimlərə güvənərək ürəkli deyə bilərik ki, onlar bizim gələcəklərimizin parlaq nuru olan bu körpələrə doğru və yalnışı ayırd etməyi, inşəallah, gözəl bir şəkildə öyrədərlər. Çünki onlar da “20 yanvar” və “Xocalı” vəhşiliklərinin şahidi olublar. Məs buna görə qəzzali müəllim və şagirdləri yaxşı başa düşərlər.


Tural Ağamirzəzadə
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Fələstinli qadın əsirlərin də haqları pozulur

İşğalçı rejim, zindanlara qapadığı fələstinli qadın əsirləri ən təbii hüquqlarından məhrum edir, - Fələstin informasiya mərkəzi məlumat verir. Sionist İsrail rejiminin zindanlarda tutulan fələstinli dustaq qadınlara göndərilən əşyaların, xüsusilə ayaqqabı və kitabların içəri buraxmamasını mübariz qadınlar etirazla qarşıladılar. Onlar vəkillərinin görüşünə ayaqyalın çıxaraq məruz qaldıqları davranışı bildirmək istəsələr də, həbsxana gözətçiləri buna mane olaraq ayaqqabılarını geyməyə məcbur etmişlər.

Sionist İsrailin zindan gözətçiləri qadın dustaqların ailələrinin gətirdiyi ayaqqabıları qəbul etməyərək, onları ayaqqabiları müəyyən bir şirkətdən almağa məcbur edirlər. Həmçinin, kitabları da onlara çatdırmırlar. Halbuki, bu kitabların heç bir problemi yoxdur. Bu kitabların hamısı dini və mədəniyyət mahiyyətli kitablardır.

Qeyd edək ki, İsrail işğal rejiminin zindanlarında 60 fələstinli qadın dustaq saxlanılır. HƏMAS İsraillə əsir dəyişdirilməsində bütün qadın, uşaq, yaşlı və uzun illərdir İsrail zindanlarında tutulan dustaqların sərbəst buraxılmasını şərt qoyur.

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

İslam paytaxtı titulunun tarixi müqəddiməsi

Bu yaxınlarda Bakı şəhəri təntənəli olaraq İslam mədəniyyəti paytaxtı seçildi. Hər yerdə bunu bildirən plakatlar asılıb. Həqiqətən paytaxtımız vaxt olub ki, sözün həqiqi mənasında bu ada layiq olub. Belə ki, Azərbaycan da digər islam dövlətləri və millətləri kimi İslam mədəniyyətinə öz töhfələrini verib. Elm, incəsənət, memarlıq, ədəbiyyat və s.sahələrdə. Nəsrəddin Tusi, Nizami, Şeyx Şəhabəddin Sührəvərdi, Füzuli və ilaxır şəxslərin timsalında.

Mədəniyyət özü dəyişən, təkmilləşən tarixi kateqoriyadır. Buna görə də mədəniyyət də başqa ictimai hadisələr kimi inkişaf edir, get-gedə şaxələnir, yeni-yeni nailiyyətlər qazanır. Xüsusilə qloballaşan dünyada mədəniyyətlər bir-birinə yaxınlaşır, inteqrasiya edir. Bu qloballaşma əsrində yer üzündə İslama marağın artması, ona etiqad edənlərin kəmiyyətcə çoxalması, Azərbaycan xalqının da öz doğma dininə yeni tərzdə yanaşması – zamanın tələbinə çevrildi.

Bakının İslam mədəniyyəti paytaxtı seçilməsi fövqəladə böyük bir hadisədir. Çünki İslam mədəniyyəti digər mədəniyyətlərdən üstün mövqedə durur. Misal olaraq Qərb və İslam mədəniyyətlərini götürək. Bu böyük və kəskin fərqi qeyri-müsəlman alimləri öz əsərlərində xüsusilə qeyd ediblər. Qustav Lebon adlı bir fransız ziyalısı yazmışdır: ”Avropa məktəbləri beş əsr müddətində müsəlman alimlərinin kitabları ilə təmin olunurdu. Avropanı elm və əxlaqla tərbiyələndirib mədəniyyət cərgəsinə daxil edən də onlar idi. Müsəlmanların Avropa xristianlarını cəhalət girdabından xilas etdiklərini bəziləri etiraf etməyə çəkinirlər”.

Maks Mirkof İslam sivilizasiyasının əzəməti haqqında yazır: ”Şərq elmləri - İslam alimlərinin əsərlərinin tərcümələri – rəhmət yağışı kimi Avropanın quru və susuz çöllərinə yağaraq məhsuldar etdi”.

Bu xidmətlərdə Azərbaycanın da müəyyən rolu olmuşdur və malik olduğu islam mədəniyyətini dünyaya nümayiş etdirmək üçün fürsət əldə etmişdir.

Dünya sivilizasiyasında Azərbaycanın islam kimliyi və mədəniyyəti ilə tanınmasının zəruriliyini hələ ötən əsrin əvvəllərində ADR başçısı M.Ə.Rəsulzadə söyləmişdir. İslami dəyərlərin təzahürü dövlətçilik ənənələrindən başlayaraq cəmiyyətin bütün sahələrinə, xüsusilə mədəniyyətə doğru geniş nüfuz etdi. İslami təzahürlərin ən parlaq təntənəsi dövlətçiliyi təmsil edən atributlarda: bayraq, gerb, himndə özünəməxsus layiqli yer tutması idi. Bayraqda yaşıl rəngin İslamın rəmzi olması, gerbdə məşəlin alov hissəciklərindən Allah kəlməsinin yazılışı - bu təzahürlərdəndir. Azərbaycanda yaşamış mütərəqqi fikirli Axund Yusif Talıbzadə, Axund Əbuturab, Hüseyn Əfəndi Qayıbov, Səid Ünsüzadə, Məhəmmədkərim ağa Mircəfərzadə və b. xalqın mədəni dirçəlişi naminə böyük işlər görmüşlər.

Yaşadığımız əsr müsəlmanların oyanış əsridir. Müsəlmanları Allah yolunda sabitqədəm edəcək bir əsas amil var, o da vəhdətdir. Ümid edək ki, İslam mədəniyyətinin paytaxtı olaraq Bakının seçilməsi bu vəhdətə doğru atılmış bir addım və bu adı doğrultmaq üçün bir vasitə olacaq.

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

KAŞ XOÇALI OLMAYAYDI...

Kaş Xocalı olmayaydı. Kaş zaman dayanaydı. Kaş o gün yaşanmayaydı. Kaş insanlıq ölməyəydi. Kaş insanlıq yaşayaydı. Kaş zalım olmayaydı, Kaş zülm olmayaydı...

Kaş qorxmayaydım. Kaş millətimin silahsız insanları öləndə mən də öləydim.

Kaş millətim oyanaydı. Bir özünə qayıdaydı. Təəccüb edirəm soyqırım yaşamış millətimin halətinə. Yatıb millət. Sanki millət müharibəni uduzmayıb. Sanki millət torpaqların itirməyib. Sanki millət Xocalıda analarını, bacılarını itirməyib.

26 fevral günü. Xocalıda nələr oldu?! Analar südəmər körpələrlə ayaqyalın qaçırdılar. Qansız erməni tanklarından. Qeyrətsizlər, namussuzlar yüzlərlə qoca, uşaq, qadın, cavan öldürdülər, şikəst etdilər, əsir götürdülər. Əsirlərin burunların, qulaqların kəsirdilər. Dünyaya göz açmağa hazırlaşan uşaqları öldürdülər. Namussuzlar, qeyrətsizlər.

Bax, həmən 26 fevral günü Bakımızda hiss olunmur, küçələrdə hiss olunmur, metrolarda hiss olunmur, televizorda hiss olunmur. Batır millət. Evlərini içərisinə Qərbin zibillərini doldurandan batır millət. Əsirlikdə millətimin bacıları, anaları döyülən gündən yatır millət.

Utanırsan Xocalının səhnələrini göstərəndə? Utancından çevirirsən kanalları? Vicdanın tərpənirmi, donmuş körpə meyitlərini göstərəndə? Yoxsa vicdan da qalmayıb? Öldürüsən o vicdanı öz içində?

Öz atanın məzarına getmisənmi? Sənin oğlun gəlməyəcək məzarına. Niyə gəlsin? İstəmir o, torpağı düşməndə ola-ola yatağında rahat yatan ata obrazını. İstəməz o bivecliyi. Utanacaq oğlun səndən. Gəlməyəcək məzarına. Tarixi oxuyacaq. “Xocalının işğalından 1 il keçir.., 3 il keçir.., 5 il keçir.., 10 il keçir.., 15 il keçir...” bezəcək bu cümlələri oxumaqdan. Gəlməyəcək məzarına, həqiqəti analayanda. Anlayacaq bir gün sənin müharibədən qaçdığını. Anlayacaq bir gün sənin qorxduğunu. Həqiqəti bir gün anlayacaq, oğlun, nəvən.

Yuxuların pozulurmu? Heç gördüyün kadrdakı körpələr yuxuna gəlibdirmi? Səndən Allaha şikayət edəcəyini deyibdimi? Onları yuxunda görəndə yaxınlaşıb yaraların sarımısanmı? Yoxsa utancından qaçmısanmı? Üzləşməyə üz qalıbmı körpələrlə? Öz körpəni qucağına alanda yadına düşübdümü donmuş körpə meyidləri?

Əsirlikdəki anaların səslərini eşidərək durmusanmı isti, yumşaq yatağından? Yoxsa qulağını bağlamısan? Eşitmirsən. Eşitməzsən də, qulağın vicdan kəlməsindən uzaq düşüb. Qulağın azan səsindən uzaq düşüb. Eşitməzsən də, ağılsız şouları eşidəndə. Eşitməzsən mənasız serialları, kinoları eşidəndə.

Heç bir dəfə şəhidlərin adlarına baxmısanmı? Görmüsənmi yaşlarını, boylarını, şəkillərini? Yoxsa gözlərini yummusan? Görmürsən? Görməzsən də gözlərini bağlayanda. Görməzsən də küçədəki, “müasir” zibil reklamları görəndə. Görməzsən də lotoreya verilişlərindəki uduş pullarının məbləğini görəndə. Gözlərini kor etmisən. Görməzsən də gözlərin kor olanda. Axırıncı dəfə nə vaxt ağlamısan, kövrəlmisən? Görməzsən də ürəyin daşlaşanda...

Heç bir dəfə əsir düşənlərin çəkdiklərini hiss edəsən deyə soyuq yerdə yatmısanmı? Heç bir dəfə qabağından isti xörəyi kənara çəkmisənmi? Ayaqqabın deşiləndə, onların ayaqqabısız olduğunu düşünərək yamamayıb gəzmisənmi? Heç bir dəfə onların paltarı olmadığını düşünüb mağazanın qarşısından başıaşağı keçmisənmi? Heç bir dəfə düşünmüsənmi ki, indi onların qanı hesabına yaşayırsan?

Kaş o gün yaddaşından silinəydi. Kaş mən də sənin kimi 26 fevral günü bixəbər yaşayaydım. Kaş mən də sənin kimi mənasız şoularla öz başımı qataydım. Kaş mən də sənin kimi 26 fevral günün yaşamayan Bakımızın küçəsində utanmadan yeriyərdim. Kaş mənim də sənin kimi qulaqlarım kar olaydı. Kaş mənim də sənin kimi gözlərim kor olaydı.

Amma, vallah, bacarmıram. Anaların fəryadları qoymur məni unutmağa. Körpələrin göz yaşları qoymur məni unutmağa.

Kaş fəryadlar olmayaydı. Kaş körpələrin göz yaşları olmayaydı. Kaş Xocalı olmayaydı...

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Qeyri-adi müalicə

İnsan orqanizmi gün ərzində müxtəlif təsirlərə məruz qalır. Bu təsirlərin əksəriyyəti xarici amillərlə bağlı olaraq baş verir. Tibb elminin rəyinə görə insanda əsasən dörd duyğu: görmə, eşitmə, qoxubilmə, dadbilmə mövcuddur. Bu duyğular mərkəzi sinir sisteminin fəaliyyəti ilə həyata keçir. Məsələn, eşitmə prosesinə nəzər salaq: səs dalğaları eşitmə analizatoruna təsir edir. Eşitmə reseptorları xaricdən gələn qıcıqların təsiri ilə əmələ gələn oyanmaları sinir impulslarına çevirərək baş beyin yarımkürələri qabığının gicgah payında yerləşən eşitmə mərkəzinə verilir. Eşitmə mərkəzində səsin xarakteri, gücü, ucalığı qəti olaraq analiz və sintez edilir.

Eşitmə prosesi bu qədər mürəkkəb olmasına baxmayaraq, Allahın sonsuz lütfü sayəsində bizim üçün bunun nə qədər tez baş verdiyinin heç fərqinə belə varmırıq.

Həddindən artıq yüksək səs insan orqanizmi üçün olduqca təhlükəlidir. Qurani-Kəirmin “Yasin” surəsinin 28-29-cu ayələrində belə buyurulur: “Ondan (Həbib Həccardan) sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik. (Onların cəzası) ancaq dəhşətli (tükürpədici) bir səs (Cəbrailin qışqırtısı) oldu. Dərhal məhv olub (şam kimi sönüb) getdilər”.

İngiltərənin “Royal Mardsen” xəstəxanasının elmi əməkdaşları səs dalğalarından istifadə edərək xərçəng mənşəli hüceyrələri yox etməyi bacardıqlarını açıqlamışlar. Təcrübə aparan mütəxəssislər xüsusi ultrason cihazında istifadə olunan səs dalğalarının 10000 qat artıq güclə xərçəng mənşəli hüceyrələrə yönəltməklə onların eynilə mikrodalğa sobasında yandığı kimi yanmalarının mümkün olduğunu qeyd ediblər. Tədqiqat aparan alimlər bildiriblər ki, bu üsulla müalicə zamanı digər hüceyrələrə heç bir zərər toxunmur və üzərində müalicə aparılmış şəxsin əməliyyat olunmasına ehtiyac qalmır.

Qurani-Kərimin səsin insan üçün təsiri barədə digər ayəsi belədir: “O zülm edənləri qorxunc (tükürpədici) bir səs bürüdü və evlərində diz üstə çöküb qaldılar (bir göz qırpımında həlak oldular)” (“Hud”, 67).

Nəinki adi səs dalğaları, Rəbbin rəhmət olaraq bizlərə gondərdiyi hətta Quran sədası belə insanın ruhuna qida, mənəvi və cismani xəstəikləri üçün şəfadır. “Quran oxunan zaman onu dinləyin və susun ki, bəlkə (onun sayəsində) rəhm olunasınız” (“Əraf”, 204).

Zemfira Nəsrullayeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Uşaqları dilənçiliyə nə vadar edir?

Küçədə, parklarda, metroda, marşrutlarda və bir çox yerlərdə rastlaşdığımız kiçik yaşlı uşaqların dilənçiliklə məşğuliyyətinin səbəbləri aclıqdan deyil. Sadəcə olaraq, İnternet klublarında oyunları ilə məşğul olmaq həvəsi sayasində bu işə qurşanırlar.

Hər gün bu işə adət etmiş uşaqların geyimləri təmiz və səliqəli olduğundan diqqətimizi çəkdi. Onlara yaxınlaşıb: “Siz niyə dilənirsiniz?”, deyə soruşduqda bizdən qaçıb, uzaqlaşdılar. Lakin ikinci dəfə: “Sizi polisə aparacığıq”, dedikdə, uşaqlardan biri “biz böyük qardaşımızın qorxusundan dilənirik” deyə cavab verdi. Sözlərinin doğru olub-olmadığını öyrənmək üçün birbaşa uşaqlarla həmin İnternet klubuna yollandıq. İçəri daxil olduqda bu balaca körpələrin sözü təsdiqləndi. Böyük qardaşları: “Nə tez gəlmisiniz, nə qədər pul yığmısınız?” dedikdə, uşaqlar bizi göstərdilər.

Saf, təmiz uşaqları azdırmaq böyük günahdır. Təkbaşına küçələri dolanaraq, pul yığan balacaların başına nələr gələcəyindən xəbərimiz var. Onları oğurlayıb, sağlam orqanlarını götürən manyaklar, düşmənlər hər birimizə tanışdır. Bu gün dilənçilik edən uşaqların aqibəti uçurumdur. Onlar heç bir peşəyə sahib olmaq istəmirlər. Beyinlərinə həkk olunmuş və özlərində asan pul qazanmaq kimi hesab etdikləri dilənçilik, heç də asan başa gəlmir. Hərə bir söz deyib, təhqir edir və üstəlik, onlara pul verən insanlar isə kömək əvəzinə uçuruma yuvarladırlar. Onlara pul verilməsi düzgün deyil. Çünki bilmirsən gizlin gəlib, ya bu pulları hara xərcləyəcək. Məsəl üçün elə uşaqlar var ki, dilənçilik etdikləri müddətdə çəkilmiş siqaret tütünlərini yerdən yığaraq, kiçik ciyərlərinə sümürərək, özlərini məhv edirlər. Uşaqları başdı-başına buraxmaq olmaz. Belə yaşlarda uşaqlarımız ana, ata nəvazişinə ehtiyac duyduğu vaxtlarda, onları küçələrə salıb, diləndirmək insana yaraşan xüsusiyyətlərdən deyil! Uşaqları hər adamın ümidinə, ixiyarına buraxmaq olmaz!

Körpələri qoruyun, çünki onlar bulaq kimi saf, dünyanın yaraşığı və davamçılarıdır.

Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyi

Yarımçıq məscid və yeni tikilmiş hündür bina

Dünya ölkələrinə nəzər saldıqda, Azərbaycan məscid tikintisinə nəzarəti dayandırıb. Bu son illər müşahidə olunan məsələ deyil. Sovet dövrlərində inanclı insanlar məscid sözünü dillərinə gətirə bilmirdilər. O dövrlərdə bir çox məscidlərimizi anbar, kitabxana, muzey və başqa bu kimi yerlərlə əvəz edirdilər. Buna misal olaraq indiki “Cümə məscidi” o zamanlar muzey kimi, Tbiliski prospektində yerləşən xristianlara məxsus kilsə isə anbar kimi fəaliyyət göstərirdi. Açığı, son dövrdə abdlaşdırılıb, ya yox - bu başqa mövzudur.

İndi keçək əsas mövzuya. Yeni Günəşlidə Fatimeyi-Zəhra(ə) xanım adına məscid və mədrəsə kompleksi neçə ildir ki, təmirsizdir. Lakin məscid yaxınlığında il demirik, bir neçə ay öncə salınmış bina artıq istifadəçilərin ixtiyarına verilib. Döğrusu, çox qəribə və maraqlıdır. Necə olur, iki mərtəbəli məscid illərdir ki, tamamlanmır, lakin yenicə salınmış binaya gücümüz yetərli qədər çatdığı üçün belə tezliklə tikilib, istifadəyə verilir.

Bildiyimiz kimi, Bakı şəhəri 2009- cu ildə dünyada İslam mədəniyyət paytaxtı elan olunub. Buna baxmayaraq məscidlərin tikintisi, təmiri və digər islama aid işlərin natamam, bəzən də manelər buna diqqətin az olduğuna işarə edir. Digər bir məsələ də namaz otağının V.İ.P otağı ilə əvəz edilməsi halları ilə də qarşılaşmağımızdır. İndi biz Sovet dövründə yaşamırıq ki. İndi biz azad, dillərdə öz mənasını itirən demokratik ölkədə yaşayırıq. Buna baxmayaraq, Sovet qalıqlarını görmək də mümkündür.

Bir çox insanları intizarında qoyan “Yeni avtovağzal”ın açılışı nağıl kimi xəyallarda dolanır. Düzdür, tikilib ərsəyə çatdırılıb və bu böyük avtovağzalda kiçik namaz otağı da hazırlanıb inanclı insanların ixtiyarına verilməli idi. Əvvəldə qeyd etdiyimiz kimi, namaz otağını özləri üçün istirahət otağı ilə əvəz edən sovet oğulları yanlış hərəkətləri ilə çox səhv addım atdılar. Allahın yaratdığı torpaqda ona şükr etmək əvəzinə, “unutqan” insan burada da iç üzünü göstərdi. Allah bizləri unutqan bəndələrdən həm uzaq və həm də onlardan etməsin! İlahi, amin!

Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

SEVGİNİN GÜNÜ OLMUR

Bir il bundan qabaq bir məqalə oxumuşdum. Məqalə sevgi barədə yazılan bir yazıya cavab idi, səhv eləmirəmsə. Müəllif yazıda əsl sevginin mahiyyətini açırdı. Və orada sözbəsöz yadımda qalan bir cümlə işlətmişdi. “Sevdiyini göstər, deyim kimsən”. O vaxtan sonra bu cümlə mənim üçün bir qəlibə çevrildi. Harada sevgi haqqında yazılan yazı, çəkilmiş kino görürəmsə, tez gətirib salıram o qəlibə. Əgər qəlibə düşürsə, deməli əsl sevgidir. Yox düşməsə, onda heç.

Sevgi həyatda ən ülvi hisslərdəndir. Bəlkə də ən ülvisidir. Sevgisiz həyatın mövcud olması qeyri-mümkündür. Hətta ən qatı cinayətkarın belə sevdiyi nələrsə olur. Hədəfinin düzgün və ya yalnış olmasından aslı olmayaraq, insanın həyatda etdiyi əksər hərəkətlərinin arxasında sevgi dayanır.

Əlbəttə ki, ilk əvvəl insan özünü sevir. Yaradanı üçün nəsə edəndə də, özünü ona layiq görür və onu edir. Bir sözlə, özünü sevmək dəyərliləri sevməsinə səbəb olur. Yaradanını sevir, göndərdiyi elçiləri və vəliləri sevir, anasını sevir, atasını sevir, vətənini sevir, övladlarını sevir. Sevgi obyeklərini elə seçir ki, onları deyəndə kim olduğu məlum olsun. Məqalədə deyildiyi kimi, sevdiklərini göstərir ki, kim olduğu bilinsin.

Sevginin iki cür olduğunu demək olar. Bir doğru hədəfə köklənmiş sevgi, digəri isə hədəfi düzgün olmayan sevgi. Bir az da dərinə getsək hədəfi düzgün olmayan sevginin olmadığını görərik. Səhv hədəfli sevgilər, əslində, keçici hisslərin sevgi kimi başa düşülməsinin sayəsində meydana çıxır. Məsələn, insanın maşına və ya mobil telefona olan sevgisi. Ola bilər ki, hazırki dövrdə elə marka maşınlar və ya mobil telefonlar olsun ki, insanın xoşuna gəlsin, ancaq onların sevilməsi hədəfi səhv olan sevgi olacaqdır. Çünki, o sadəcə keçəri hissdir. Bir ildən sonra daha yaxşı marka maşın və ya mobil telefon çıxacaq və sənin əvvəlkilərə olan sevgin azalacaq. Əsl sevginin isə heç vaxt keyfiyyəti azalmaz. Həqiqi sevgi yaşandıqca keyfiyyətlənər. Həqiqi hədəfli sevgilər keçəri ola bilməz. Olsa, zatən sevgi deyilmiş. Sən səhv anlamısan.

Yuxarıda deyilənlərdən müqəddəs və ülvi olmayan şeylərə məhəbbət bəsləməyin düzgün olmaması anlamı çıxmır. Bu cür şeylərə insan o miqdarda məhəbbət bəsləməlidir ki, onu əsl sevdiklərinə qovuşdursun. Bir növ sevdiklərimizlə bizim aramızda vasitə yaratsın. Məsələn, biz cib telefonunmuzla anamıza zəng vurub və onun ürək rahatlaşdıran səsini eşidirik, itirdiyimiz sevdiklərimizin şəkillərinə baxırıq, avtobusla və ya təyyarə ilə ən böyük sevgilimiz Yaradana zəvvar oluruq, Həccə gedirik.

Ətrafımızdakı hər şeyə əsl sevgililərimizə aparan bir vasitəyə çeviririk. Bax onda həyat gözəl olur. Vasitələri hədəfə çevirəndə isə öz yerimizdə addımlamış kimi oluruq. Zaman da keçir. Nəticədə dağa çıxmalı olan ancaq, illər keçməsinə baxmayaraq hələ də özü ilə aparacağı su qabını seçə bilməyən insana oxşayırıq. Hədəf isə dağa çıxmaqdır.

14 fevralı dünyanın əksər ölkələri sevgililər günü kimi qeyd edir. Məncə xüsusi bir gündə sevgililər günü keçirilməsi əslində bir natamamlıqdır. Axı sevginin günü yoxdu. Hətta bir azda qabağa gedək, sevginin saatı, sevginin dəqiqəsi, sevginin saniyəsi, sevginin anı yoxdu. Sevgi nəbzi bir anın necədə bir hissəsində belə kəsilsə zatən o sevgi deyilmiş. Bəzi vaxtlar ana uşağını açıqlana bilər, ancaq hətta bunun özü də sevginin büruzəsidir. Ola bilsin ki, səhv təzahürdür. Ancaq təməlində sevgi durur. Ananın övladına sevgisi anın yüzdə bir qədər də olsa qırılmır. Əsl sevgi də məhz budur.

Dediyim kimi, sevgililər gününü təyin etmək əslində natamamlıqdır. Demək kimlərinsə sevgi nəbzi zaman-zaman qırılır. Bu qırılmaları sığortalamaq üçün də qondarma gün təyin edir. Həmən gün sevdiyinə sevgi kompensasiyası ödəyir. Belə şəraitdə isə əsl sevgidən söhbət gedə bilməz. Bütün bunlar sevgi sözünün vicudi anlamına ləkə salmağa meyl edir. Ancaq sevgi o qədər müqəddəsdir ki, heç bir ləkəni götürmür.

Doğurdan da sevgi gözəl hissdir. Doğru məqsədlərimizi və məqsədə çatmaq üçün məqbul vasitələrimizi sevməyə dəyər. Özü də tək bir gün yox, ilin bütün saniyələrində...


Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Qaynağı bütpərəstlik festivalı olan “Sevgililər Günü”

Sevgi - aləmlərin varlıq səbəbi. Həm varlıq səbəbi, həm də var olanların ən gözəli. Allahın sifətlərindən bir sifət, qəlblərin azuqəsi, ruhların qidası, gözlərin nuru. Sevgi həyatından məhrum olanlar, ölülər sinifindən sayılırlar. Sevgi işığını sevgi nurunu itirənlər, qaranlıqlar dənizində yox olub gedərlər. Sevgi imanın, əməllərin, üstün məqamların və halların ruhudur, özüdür. Sevgidən məhrum olanlar, ruhsuz cəsəd kimidirlər.

Sevdiklərimizi ucaltmaq, xoşbəxt etməyə görə bir çox şəkil və surət icad etdik. Biz etməsək də bəziləri, bizim adımıza icad etdiklərini bizə qəbul etdirdi. Həm də sevgi adına... 14 fevral “Sevgililər günü ” kimi.

Ancaq sevginin tərifi olmadığı kimi müəyyən, sabit bir şəkli, surəti də yoxdur. Aləmlərə sığmayan bir şeyi necə oldu tək bir günə sığdıra bildik? İldə yalnız bir günə, Fevralın 14-nə. Sanki, hər gün sevginin günü, hər an sevginin zamanı deyilmiş kimi.

Qaynağı bütpərəstlik festivalı olan “Sevgililər Günü”nün kökü demək olar ki, b.e.ə. 4-cü yüzilliyə gedib çıxır. Romada hər il “Çoban Tanrısı Lukerpus” adına bayramlar keçirilirdi. cavanlar bir mağaranın önündə toplanır, bir tasa gənc qızların adları yazılıb atılır, hər cavan, tasdan gənc qızlardan birinin adını seçərdi. Sonradan bu festivala təkcə bütpərəst gənclər deyil, xristianlar da qatılırdı. Kilsənin avtoritetini sarsıdan bu adətə son qoymaq üçün çarələr axtarılırdı, bununla bir nəticə hasil olmayınca rahiblər hekayəni öz adlarına uydurdular. Belə ki, Roma imperatoru tərəfindən öldürülən rahib Valentini “Müqəddəs” elan edərək Tanrı Lukerpusun yerinə qoydular.

Miladdan sonra 270-ci ildə imperator olan Kladius hərbçilərə evlənməyi qadağan etmişdi. Ona görə evli insanlar əsgərlik xidmətini lazımınca yerinə yetirmirlər, fikirləri geridə, ailələrinin yanında qaldığı üçün döyüş meydanlarından qaçırlar. Rahib Valentin isə imperatorun bu əmrinə qarşı çıxaraq sevgililəri gizlicə evləndirirmiş (Ancaq Valentinin bir din adamı, hətta xristian olub-olmadığı belə hələ də mübahisəlidir. Hətta onun Lukerpus festivalinda iştirak etdiyinə dair rəvayətlər vardır). Bir müddət sonra imperator Kladius, Valentinin etdiklərini öyrənir və onu həbsə atır. 14 fevral 270-ci ildə isə edam etdirir. Bundan sonra bu gün “Sevgililər Günü” adı ilə qeyd olunur.

Dini və milli mahiyyəti olmayan bu “bayram”ın qeyd olunması cəhalətlə, sevgini tanımamaqla açıqlana biləcək bir vəziyyətdir. İşin içində görmədiyimiz başqa səbəblər var, dinlərarası savaş, pul, siyasət, propaqanda, möhtəkirlik... Son yüzillikdə hakim sistem olan kapitalizm hər şeyi olduğu kimi sevgini də bir ticarət halına gətirdi. 60-70 il öncəsinə qədər unudulmağa üz tutmuş xristian adəti olan 14 Fevral əhvalatı da beləcə həyatımızda yenidən yerini aldı.

Hər şey bir yana, hər şeyi rasionallıq üzərində olan bir dinin mənsublarıyıq. Bütün bunlara baxmayaraq, təəssüflər olsun ki, yabançı təsirli Valentin günü hər il böyük şövq və vəcd ilə qeyd olunur və olunmaqdadır.

Sevgi dində zirvədir. Dində sevgi zirvə oldugu kimi, sevgidə də zirvə qulluqdur. Allaha qul olmanın şüuruna çatmış hər bir mömin, başqa heç kimə qul olmaz. Onun hər sözü, işi və davranışı sevdiyi Allahın sevgisini qazanmaq üçün olar. “Bəqərə” surəsinin 165-cı ayəsində belə buyurulur: “İnsanların içərisində Allahdan qeyrilərini Allahı sevən kimi sevənlər vardır. Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus oldugunu və Allahın əzabının şiddətli olacağını bilərdilər”.

Aygün Kərim
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

19-cu əsr Azərbaycan klassiklərinin yaradıcılığında “Kərbəla müsibəti” (Əzadar klassiklərimizi tanıyırıqmı?)

Aradan 14 əsr keçməsinə baxmayaraq, “Kərbəla müsibəti” və “İmam Hüseynin (ə) qiyamı”nın mahiyyəti öz təzəlik və təravətini itirməmiş və sanki dünən yaşanmış bir faciə kimi yaddaşlara, zehinlərə çökmüş, qəlblərdə öz hərarətini qoruyub saxlamışdır.

Görəsən bu məhəbbətin və hərarətin sirri nədədir?

Bunun sirri hər şeydən öncə bu məzlumanə və İlahi qiyamın həqqaniyyətində, sonra da Əhli-beyt (ə) və onların şanlı yolunu izləyənlərin mümkün olan hər vəsilə və imkandan yararlanaraq bu qiyamın mahiyyətini açıqlayıb, yaşatmalarında və hidayət məşəlinin sönməməsi üçün hər növ cəfaya dözmələrindədir.

Bəli, Kərbəla adını yaşatmaq-cihadı, əmr be mərufu, nəhy əz münkəri və şəhadət eşqini yaşatmaq deməkdir.

Aşuranı yaşatmaq – izzəti, şücaəti, səbri və ixlası, vəfa və sədaqəti, Haqqa təslimiyyət və rizanı yaşatmaq deməkdir.

İmam Hüseyni (ə) yaşatmaq – Peyğəmbərin (s) təbliğini, vəsiyyətini və əmanətini yaşatmaq deməkdir.

Unudulmaz və bənzərsiz Kərbəla müsibəti haqqında günümüzə qədər müxtəlif dillərdə -bənzəri bəlkə də heç bir hadisə haqqında görülməmiş, minlərcə şer və məqalələr, ədəbi əsərlər, kitablar yazılmış və insanlığa çatdırılmışdır.

Klassik Azərbaycan ədəbiyyatında Kərbəla müsibəti ilə bağlı qələmə alınmış yazı nümunələrinə gəldikdə qeyd etmək lazımdır ki, hələ Füzuli dövründə yazılan mərsiyə və növhə şeri sonra böyük vüsət tapmış və Füzulidən sonra bir çox Azərbaycan yazarları bu şer növünə rəğbət göstərərək, dəyərli nümünələr ərsəyə gətirmişlər.Bu baxımdan 19-cu əsr Azərbaycan ədəbiyyatının əsas hissəsini mərsiyyələrin təşkil etdiyini desək yanılmarıq. Əslində bu mövzunu bir yazıda tam şəkildə araşdırmaq qeyri mümkündür. Amma təkcə onu demək kifayətdir ki, 19-cu əsrdə 50-dən çox yazar fars və Azərbaycan dillərində növhə və mərsiyələr yazmışdır. Xalqımızın sevimli şairləri Abbasqulu Ağa Bakıxanov, Seyid Əzim Şirvani, Qasım Bəy Zakir, Mirzə Ələkbər Sabir, Xurşudbanu Natəvan və s. də onların sıralarında yer almaqdadır.

19-cu əsr Azərbaycan ədəbiyyatında Kərbəla haqqında yazılmış yazı nümunələrini incələdikcə məlum olur ki, bu nümunələrin tam əksəriyyəti nəzmlə yazılmışdır. Digər maraqlı cəhət isə odur ki, Füzuli və onun çağdaşlarından fərqli olaraq yazılan növhə və mərsiyələrdə, qəzəl və qəsidələrdə Kərbəla vaqiəsinin səbəb və mahiyyətindən daha çox, Kərbəla qiyamında iştirak edən (və hətta iştirak etməsi dəqiq məlum olmayan) fərdlərin tərənnüm və vəsfinə daha çox yer verilir.

Misal üçün Azərbaycan şairlərinin mərsiyə divanlarında “Şəhrəbanu”nun (İmam Hüseynin (ə) xanımı) əhvalatı və onun Kərbəlaya getməsi haqqda çoxlu şerlər var. Bu fakt tarixi nöqteyi-nəzərdən şübhəli olsa da, bizim üçün maraqlı olan Azərbaycan yazarlarının mərsiyələrində təkrar-təkrar yer almasıdır.

19-cu əsr Azərbaycan klassiklərindən biri olan Abbasqulu Ağa Bakıxanov mərsiyə və bu tip qəzəllərini Qüdsi təxəllüsü ilə yazmışdır. Onun yazdığı beytlərin əksəriyyətinin cavan Əli Əkbərin mədhinə həsr olunduğunun şahidi oluruq:

Kərbəla, saxlagilən nəşi-Əliəkbərimi,

Verirəm çünki əmanət sənə gülpeykərimi.

Qasım Bəy Zakirin beytlərində isə daha çox Əhli-beyt (ə) xanımlarına ehtiram hiss olunmaqdadır:

Dəxi Zakiri hesab et səgi-kuyi-Kərbəladən,

Behəqi-fəğani-Zəhra, behəqi-əzab Zeynəb.

Şairə xanım Xurşudbanu Natəvan isə beytlərinin birində özünü Xanım Fatimeyi-Zəhranın (s.ə) kənizinə nisbət verərək bunları deyir:

Fatimənin kənizi, bu qissəni eylə kim, tamam,

Bir-birə dəydü mərdü zən, şurə gəlibdü xasu am,

Növhə edər bu Natəvan, rüzü şəb ağlayar müdam,

Tapmasa bir dəri-nicat, dari-bəqayə gəlməsün.

Seyid Əzim Şirvaninin isə mənsub olduğu Əhli-beytin (ə) müsibətinə özünəməxsus matəm saxlamasını və yad etməsini aşağıdakı beytindən aydın görmək mümkündür:

Ağla bu matəmdə, ey Seyyidi-bəxti-qarə,

Nəzm elə bu matəmi, şövq ilə sübhü məsa.

Əcrini axır verir padşəhi-Kərbəla,

Həşrdə fəryadına şafeyi üsyan gəlir.

Məhz Seyid Əzim yaradıcılığlında bütün Kərbəla iştirakçılarıının adlarının birər-birər çəkilməsinin və onların ayrı-ayrı mədh olunmasının şahidi oluruq:

Doğrandı bu gün Ovn Əli, Fəzl ilə Cəfər,

Qəltan olub al qanına Əbbasi-dilavər,

Qasim boyanıb qanına həm, Əkbərü Əsğər,

Məqbul ola, ey, dust, bu qurbanı Hüseynin.

Bu şairlərin siyahısını çox uzatmaq olar, amma bir məqamı da vurğulamaq yerinə düşər ki, bir çox şairlər bu növ şerlərini, qəzəl və qəsidələrini təxəllüslə yazmışlar ki, onların əsl adları sual altında qalmaqdadır?!

Azərbaycan ədəbiyyatında Kərbəla müsibəti ilə bağlı ürək yanğısıyla yazılmış bu yazı nümunələri əsrlərdən bəri Azərbaycan xalqının Əhli-beytə (ə) olan sevgisinin bariz nümunəsi olaraq bu millətin avamından tutmuş aliminə qədər Əhli-beyt (ə) arasıda qırılmaz rabitəsinin olduğunu sübut edir.

Lakin 70 illik sovet hakimiyyətinin milli və mənəvi dəyərləri aradan aparmaq siyasəti nəticəsində bu kimi çox həqiqətlər xalqdan gizlədilmiş və sözün əsl mənasıda inanc sahibi- ziyalılarımız, dühalarımız, şair və yazıçılarımız xalqa tam başqa bir cilddə (ateist, mürtəd kimi) təqdim olumuşdur. Bunu satirik şair Mirzə Ələkbər Sabirin misalında yəqinliklə söyləyə bilərik. Belə ki,

Sabira, hər il əza saxla Əliəkbərə sən,

Kərbəladə gədib ağla o şahi davərə sən,

Gəl qiyamətdə bu cəm ilə səfi, məşhərə sən,

Qalma həsrət iki dünyada bu mövla üzünə

söyləyən şairi, xalqa

Cin görürəm, şeytan görürəm qorxmuram,

Harda müsəlman görürəm qorxuram

misralarının müəllifi kimi tanıtdırmışlar. Halbuki şair bu tip satirik şerləri ilə dövrünün cahil, İslamı gözdən salan, üzdəniraq “din xadimlərini” ifşa etmişdir.

Allah Təala öz qələmləri ilə, xütbələri ilə, avazları ilə və ən azından öz göz yaşları ilə İmam Huseynə (ə) əzadarlıq edənlərə İmam Hüseynin (ə) şəfaətini nəsib etsin. Amin!

Sonda bunu qeyd etməyi özümə vacib bilirəm ki. əgər biz bir millət olaraq yenidən Nəsrəddin Tusilər, M.Füzulilər, Seyyid Əzimlər, Əbuturablar, Məhəmməd Əminlər yetişdirməyə niyyətliyiksə, mütləq və mütləq öz milli, dini kimliyimizə qayıtmalıyıq.

Aygün Kərim
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Missionerlə üz-üzə...

“Özünüzü unutmayın. Əgər doğru yolda olsanız, yolunu azanlar sizə heç bir zərər yetirə bilməzlər”( “Maidə”,105)

O gün metroda idim. Qatarda adam çox idi. Başımın üstündə uca boylu bir xanım dayanmışdı. Üzündə şirin, mehriban cizgilər yaratmaqla körpəmi güldürürdü. Birdən yanımdakı yer boşaldı və bu xanım mənim yanımda əyləşdi. O, bu səmimiyyəti davam etdirərək körpəm haqqında suallar verməyə başladı. Bir neçə sualdan sonra uşağın adını soruşdu. Dedim ki, adı Məryəmdir.

O, bu adı eşidəndə sanki, gözlərinə işıq gəldi, ürək döyüntüləri artdı. Mən bunu onun həyacanlanmağından hiss etdim. Sonsuz sevinc dolu nəzərlərini mənə dikib sözə başladı və mən də bu söhbəti inşallah ki, olduğu kimi təqdim etmək istəyirəm:

O: Nə, Məryəm? İsa məsihin anası Məryəm? Müqəddəs qadının adı?

Mən: Bəli.

O: Nə gözəl ad... Məryəm - qurtuluş deməkdir! Özünüz bilərəkdən Məryəm adı qoymusunuz?

Mən: Məgər siz onun haqqında oxumusunuz?

O: Bəli, oxumuşam. Siz də oxumusunuz?

Mən: Bəli, mən də oxumuşam.

O: İncildən?

Mən: Xeyr Qurani-Kərimdən!

O: Bilirsiz, Quranda az yazılıb, qısa yazılıb. Amma İncildə daha geniş yazılıb, onun həyatı bütün xırdalığınacan əhatə olunub.

Mən: Quranda İncildəkindən az olsa da, daha dəqiq və düzgündür. Çünki, İncil dəyişdirilib axı...

O: Məgər müqəddəs kitabı dəyişdirmək günah deyil?!

Mən: Günahdır. Amma dəyişdiriblər!

O: Kim dəyişdirib?

Mən: Nə bilim, yəqin kimlərəsə İncil olduğu kimi sərf etməyib, dəyişdiriblər.

O: Bunu sizə kim deyib?

Mən: Qurandan oxumuşam!

O: Quranda yazılıb ki,İncil dəyişdirilib?

Mən: Nəinki İncil, hətta Tövrat və Zəbur da! Məhz onları insanlar dəyişdirdiyinə görə Allah-Təala Quranı göndərib. İcərisində də bu kitabın hətta bir hərfinin belə dəyişdirilə bilinməyəcəyini yazib!

İnanın ki, söhbətin bu yerinəcən mən elə bilirdim ki, hicabsız, namazsız da olsa axırı ki, bir müsəlmanla söhbət edirəm. Amma sonra başa düşdüm ki, yox, bu qadın daha müsəlman deyil! Hansısa bir sektanın, missioner təşkilatının üzvü olub!

Doğrusu, bu hal mənə olduqca qəribə gəldi. Çünki, İslamdan dönmüş adam ilə birinci dəfə idi ki, din haqqında söhbət edirdim. Nə qədər çətin olsa da, çalışırdım ki, səmimiyyəti pozmayım. Çünki, bilirdim ki, hər bir insana həyatında deyilən hər hansı bir səmimi sözün olduqca böyük təsiri ola bilər. Və buna görə də üzümü ona tutub, qəlbimin ən dərinliyindən gələn həqiqi və pak bir səmimiyyətlə dedim:

- Ay xanım, deyəcəyim bu sözləri xahiş edirəm səmimi qəbul edəsiniz! Vallah bizim öz dinimiz çox gözəldir! Muhəmməd(s) ümməti olmaq dünyada hər bir şeydən daha üstündür!

Mən bu sözləri o qədər səmimi dedim ki, fikirləşdim ki, yəqin mənim bu sözlərim ona fövqaladi dərəcədə təsir edəcək, o dəqiqə “düz deyirsən qızım, mən niyə öz dinimdən dönmüşəm, öz dinim bütün dinlərdən daha gözəl, daha kamildir. Tövbə etdim“, deyəcək.

Ancaq harada... Onlar yoldan elə çıxarılmayıblar ki, belə asan şəkildə, özü də metroda öz inandıqlarından əl çəksinlər!

Birdən onun bayaqki mehriban simasına qeyri-adi bir görkəm gəldi. Sanki, o, özünü və öz “dinini” müdafiə edərcəsinə dilləndi:

-Düzdür, İslam gözəldir. Amma qurtuluş İsadadır! Görürsüz siz də İsanı çox sevirsiniz. . .

Mən: Düzdür mən Həzrət İsanı(ə) çox sevirəm. Ancaq Musanı, Süleymanı sevdiyim kimi!

O: Yox, ay qızım. Onlar axı torpaqdan yaranıblar! İsadan başqa bütün insanlar torpaqdan yaranıb. Bircə İsa Məsih Müqəddəs Ruhdan yaranıb. İsa qurtuluşdur!

Mən: Mən də sizə sual verirəm, omda bəs Həzrət Muhəmməd (s) niyə gəldi? Bilinən yalnız bir həqiqət var ki, hər şey yalnız Həzrət İsada bitsəydi, onda ondan sonra peyğəmbər gəlməməli idi. Amma gəldi...

Bu sözlərimdən sonra elə bil qadının cavabı qurtardı...

Mən: İncilin özündə yetərincə anlaşılmaz şeylər yazılıb. Məsələn, mən özüm bir dəfə oxumuşdum ki, Süleyman peyğəmbər (nəuzubillah!) səhərəcən Tanrı ilə güləşdi, axırda Süleyman peyğəmbər qalib gəldi!!

O: Siz nə danışırsınız, Tanrıya heç kəs qalib gələ bilməz. O, hamıdan güclüdür!

Araya bir-iki saniyəlik sükut çökdü. . . .

O: İsa qurtuluşdur, İsa şəfadır! Adəmdən bu yana olan bütün insanların günahlarına görə özünü fəda etdi, bizim günahlarımızı yudu, onu insanların günahları ucbatından çarmıxa çəkib, öldürdülər.

Mən: İslam deyir ki, o sağdır!

O : Hə də. . . çarmıxa çəkilib,öldürüləndən sonra dirilib.

Mən: O, heç öldürülməyib axı. . .

O: Bəs çarmıxa kim çəkilib?

Mən: Başqa birisi

O: Necə ola bilər?

Mən: Allahın qüdrəti ilə!

O: O,gələcək!

Mən: Bəli,mütləq gələcək! Özü də bilirsiniz kiminlə gələcək,12-ci imam Həzrət Mehdi (ə. f) ilə!

O: Bəs deyirlər Sahibzaman adlı bir kişi ilə gələcək?

Mən: İmam Mehdi Sahibəzzəmanın özüdür!

Elə bu vaxt qatar metronun “Qara Qarayev”stansiyasına çatdı. Qadın tələsik qalxıb, düşməyə hazırlaşdı. (Eşitdiyimə görə “Qara Qarayev” stansiyası ərazisində hansısa missioner təşkilatı yerləşir)

O: Sağ olun!

Mən: Siz də sağ olun!

O: Xilas olasınız!

Mən: Olmuşam!

Düşünmədən söylədiyim bu sözdə böyük həqiqət var idi. İnanın, nə qədər fikirləşsəydim də, belə bir cavabı yerində vermək ağlıma gəlməzdə. Bu cavab elə bil, məndən üstün bir qüvvədən gəldi!

Doğru söyləmişdim: mən və mənim milyonlarla müsəlman bacı və qardaşlarım doğrudan da xilas olmuşuq, qurtulmuşuq!

Ya Rəbbim, nə gözəldir hidayət olmaq, nə gözəldir Muhəmməd (s) ümməti olmaq, nə gözəldir Hüseynə əza saxlamaq, nə gözəldir Kərbəlanın eşq məktəbi...

İlahi, bizləri bu dünyadan həqiqi müsəlman kimi apar, necə ki, Həzrət İsanı (ə) bu dünyadan müsəlman kimi aparacaqsan! Amin, ya Rəbbəl-aləmin!

Xəyalə Quliyeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Bizim yolumuz haradır?

Əlbəttə, hər bir insanın gedəcəyi yol Rəbbinə doğrudur. Nəzərdə tutduğumuz yol xalq olaraq Qərbə doğru, yoxsa Şərqə doğru getməkdir. Günümüzün durumu göstərir ki, hələ müəyyənləşmə getməyib.

Həmişəki qaydada dərsə getmişdim. Dərs boş olduğu üçün 5-6 nəfər aramızda söhbət başladı. Bu söhbət əməlli-başlı diskusiyaya çevrildi. Özümüz özümüzdən danışdıq. Özümüz deyəndə, xalqımızı nəzərdə tuturam. Niyə beləyik? Ölkəmizin olduğu müharibə şəraitində birinci hərb sahəsi yada düşdü. Necə özbaşınalıqlar baş verir, eşidirsən. Adicə bir misal. Bir ailənin əsgər getmiş övladını döyüb öldürürlər. Valideynlərinə onun cəsədinə baxmağa imkan vermirlər. Onun soyuqdəymədən öldüyünü deyirlər. Bəli, elə hadisələr var ki, analoqu yoxdur.

Digər tərəfdən rüşvətxorluq problemi. Maraqlı faktdır ki, Azərbaycandan Gürcüstana sərhədinə keçərkən uzun bir siyahı təqdim edirlər, yəni öyrəşdiyin vərdişlər burda keçmir. Siyahıda bəndlərin də çoxu rüşvətxorluqla bağlıdır. Səndən istənilən bu qaydalara riayət etsən səni heç kimin narahat etməyə haqqı yoxdur. Bizdən kasıb olan (maddi resurs baxımından) lakin yaşamaq rahat olan bir ölkədə qanunlar işləyir.

Bu söhbətdən həm də belə çıxdı ki, bizdə həmçinin qorxu streotipi var. Onu yenməsək, çətin millət kimi mövcudiyyətimiz qalsın. Xalqın millət olması üçün əsas şərtlərdən biri milli-ictimai şüurun ayıq olmasıdır. Nə isə. Bu söhbətdən sonra dərsə girməyib bir tədbirə qoşuldum. Qoşulduğumuz Boloniya sistemində dərsdə iştirak etmək sərbəstdir. Ancaq köhnə vərdişlər qalıb. İştirak etməsə tələbə azar eşidəcək, bəlkə təhqir də olunacaq. Hər halda qoşuldum tədbirə. Mövzu Azərbaycanın Avropaya inteqrasiyası və islam amili idi. Nə milli dəyərlər, nə də din Avropaya inteqrasiyaya mane olur. Bəlkə yuxarıda sadaladığımız problemlər imkan verməz buna. Biz özümüzü düzəltməmiş Avropa dəyərlərini necə qəbul edə bilərik? Avropa dəyərləri, yəni müsbət bəşəri dəyərlər nəzərdə tutulur, nəinki sırınan Avropa geyimi, əxlaqı, həyat tərzi. Avropanın insanlara xidmət edən dəyərlərinə üstünlük vermək lazımdır. Ancaq Avropa dövlətlərində azərbaycanli tələbə gənclərin forumlar təşkil etməsi, Azərbaycanın Avropaya inteqrasiya yolunu tutmasının bariz nümunəsidir. Bu inteqrasiya həmçinin onların islami kimliyini özünə qaytarır.

İslamın buyurduğu yola sadiq qalsaq, o zaman hansı dəyərlərin bizim üçün proitet olması aydınlaşar.

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Dünya təhlükədədir və ya o, gələcək

SOS… SOS… Bizə - Günəşdən 150.000.000 mln.km, Aydan 384.000 min km məsafədə yerləşən planetə təcili kömək lazımdır! Gəzəyənimiz məhv olmaq ərəfəsindədir!

Sizi inandırım ki, əgər biz texnikanın inkişafı ilə əxlaq normalarının arasında tərs mütanasibliyi aradan qaldırmağa nail olmasaq texnikanın inkişafının o mərhələsində ”BƏDBƏXTLİK” həyəcan siqnalını tez-tez verməli olacağıq. Əsl baramaqurdu misallı.

Nədir bu olayların səbəbi? Bizim şahidi olduğumuz bu sivilizasiyanın birinci olmadığı haqqinda yəqin ki, məlumatınız var. Tarixi qazıntılar bir necə sivilizasiyaların məhvi haqqında məlumat verib. Axı nədən sivilizasiyaların inkişafının pik nöqtəsində onların məhfi qaçılmaz olur?

Bizans xarabaliqları, Misir ehramları, yunan abidələri, Dəclə və Fərat cayları hövzələrindəki xarabalıqlar və s. bu sözlərin əyani vəsaitləridir. Bu barədə Qurani-Kərimdə də misallar var. ”Buruc” surəsində sutunları olan şəhər misli görülməmiş bir şəhər kimi vəsf olunur.

Bu siyahını artirmaq olar. Bu şəhərlərin məhv olma səbəblərini araşdırdıqda qəribə bir nəticələr əldə edirsən. Bir xalq çəkidə aldatdığını görə, bir toplum əkdiyi məhsulların şükrünü layiqincə yerinə yetirmədiyinə görə və daha nələr, nələr. Qəribə olanı da budur ki, ayrı-ayrılıqda hər biri hansısa bir xalqın məhvinə səbəb olan günahlar birlikdə bizim sivilizasiyada mövcuddur. Amma göründüyü kimi... Düzü, mən də buna tələsmirəm.

Bir az mövzudan kənara cıxaq və kənardan olaylara nəzər salaq.

Bir tərəfdə qızğın mübahisə gedir. Dünyada qorillaların sayının kəskin azalması müşahidə olunur. Bu baxımdan Avropada 2009-cu ili bəzi QHT-lər qorilla ili kimi qeyd edəcəklər. Bir də görürsən bir balinanın xilası üçün böyük bir heyət cəlb olunub, telekanallar bunu anbaan yayımlayib ürək ağrısı ilə şərh edirlər. Hər bir canlının həyatı dəyərlidir, söz yox. Amma..

Bu insanların səmimiyyətinə necə inanmaq olar ki, Qəzzada hər saatda ölən o uşaqlara və qətliam bitəndən sonra minlərlə yetim qalan körpələrə olan qayğı o heyvanlara olan qayğıdan qat-qat azdır?! İraqda “demokratiya”nı bərpa etmək üçün 3-6 yaşlı “terroristləri” qanına qəltan edirlər. Əfqanıstanda psixoloji sarsıntı keçirən uşaqların əksəriyyəti ruhi xəstəlik ərəfəsindədirlər. Qarabağdan qaçqın düşənlər payızın yağışlı, palçıqlı vaxtında çadır şəhərciyində zülm çəkirlər. Deyə bilərsiniz ki, borcları deyil ki, öhdəlik götürüblər? Xeyr, elə deyil. Dünya əgər canlı həyata maraqlı olduğunu iddia edirsə, bu qətliamlara mövqe sərgiləsin! Yoxsa maraqlı deyil?!

Dünyada hələ də “Əbu Qureyib”, “Quatanamo”, Əfqanıstan, İraq kimi faciələrdə minlərlə günahsız axıdılan insan qanına batan əllər qandal görmürlərsə, deməli nə isə yerində deyil. Hələ də bu cinayətlər “islahatlar “adı altında təqdim olunursa, deməli dünya böhran dövrünü yaşayır.

Sivilizasiyaların məhvi səbəbini bu nöqtələrdə axtarmaq lazımdır. Bəli tiranların zülmü, zülmə məruz qalanların öz haqlarını tələb etməmələri bu nöqtələrdən bəziləridir.

Bütün mövzular ona (ə.f.) yönəlir. Bütün müstəzəflər onun (ə.f.) gəlişi həsrətindədir.

İlahi, dodaqlar onun (ə.f.) zikri ilə islanır, gözləri də onun (ə.f.) vücudu ilə nurlandır! AMİN!

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicis