воскресенье, марта 01, 2009

OBAMA DƏYİŞƏCƏKMİ?

Hazırda dünyanın bir çox analitiklərini düşündürən suallar bunlardır: ABŞ-ın "Böyük Yaxın Şərq" layihəsi gündəmdə yerini qoruyurmu? ABŞ-ın Qəzzada baş verənlərə rəsmi münasibətləri, dəyərləndirməsi necə olacaqdır? Obama dövrünün ABŞ-İran münasibətləri necə olacaq? və s.

Əlbəttə, bütün bunlar haqlı olaraq verilməli suallardır. Onların narahatlıq doğurması da çox təbiidir. O səbəbdən ki, Buş administrasiyası dövründə dünya durmadan təhdidlər, təhlükələr altında yaşadı. Və Obamanın gəlişi ilə dünya bu nigarançılığından qurtulmağa ümidləndirildi. Obamanın bütün seçki təbliğatında da məhz bu xətt davamlı olaraq seçicilərə istiqamətlənmişdi: dəyişikliyə ümid yaratmaq və onu təmin etmək vədi. Bəs yaxşı, bu baş verdimi? Və ya baş verəcəkmi?

Qabaqcadan deyək ki, Obamanın tutduğu xarici kursa münasibət bildirmək hələ çox tezdir. Bunun iki mühüm amili vardır:

a). Əvvəla bu administrasiyanın işə başlamasından hələ bir ay keçməyib və belə halda hegemon hakim eşelonun addımlarını qiymətləndirmək, əlbəttə ki, çox tezdir;

b). Digər tərəfdən amerikan reallıqlarından çıxış etməli olsaq deməliyik ki, bu ölkədə iqtidarın monolit hakim komandası və siyasi-inzibati idarəetmə aparatı ən tezi 3 aydan tez formalaşmır. Bir neçə gün öncə Obamanın səhiyyə nazirinin istefa verməsi və Obamanın kadr seçimində öz səhvini etiraf etməsi bunun aydın əlamətlərindəndir. Lakin bütün bunlara rəğmən, əlimizdə olan bəzi məlumatlar Obama və onun tutmaq istədiyi yolun əlamətlərinə dair, formalaşdırdığı komandanın necəliyinə dair, Obama administrasiyasının bu komanda ilə dünyada necə bir siyasət yürüdəcəyinə dair bəzi mülahizələrin yürürdülməsinə imkan verir.

Hazırda və bundan sonra da uzun zaman dünya gündəminin bir nömrəsi, güc mərkəzləri olan dövlətlərarası münasibətlərin mehvəri sionizm işğalı fonunda Fələstin mübarizəsi olacaqdır. Bu baxımdan əksər ekspertləri düşündürən əsas problem Obama administrasiyasının sionist işğalına məruz qalmış, ərazilərinin 87-90%-i işğal edilmiş Fələstin ətrafında, onun xaricində və daxilində baş hadisələrdə necə münasibət bildirəcəyidir. Obamadan öncəki rəsmi Vaşinqton baş verənlərə münasibətini sionist işğalını israil rejiminin özünümüdafiə tədbirləri kimi dəyərləndirərək özünü aşkarcasına qondarma və işğalçı israil rejiminin dəstəkçisi və himayədarı kimi tanıtdı. Dəyişikliyə vəd vermiş Obama isə bu mövzuda sükutunu pozmamaqla sanki daha konstruktiv mövqe nümayiş etdirdiyini göstərmək əzmindədir. Lakin, zənnimizcə, bir neçə mühüm nüanslar var ki, onların açıqlanması zamanı əslində Obamanın bu mövzuda sükutunu hələ seçilməmişdən öncə, seçki təbliğatı zamanında pozduğunun şahidi olarıq. Bu arqumentlərdən bəzilələrinə nəzər salaq:

1. Obamanın bu mövzuda susmasına səbəb nə ola bilər? Bunu bir neçə əsasla cavablandırmaq olar:

a) Obama baş verənləri daha dərindən araşdırmaq, olub-bitənlərin mahiyyətini daha kökdən anlamağa çalışır. Hadisələrin köklərini öyrənməyə çalışır. Bunun üçün onun zamana ehtiyacı var və o, bu səbəbdən hələ ki, fikir bildirməkdən qaçaraq susmağı üstün tutur. Doğrudanmı bu belədir?

Tam qətiyyətlə demək olar ki, xeyr, bu gümanlar onun susmasına dəlil ola bilməz. Bəs elə isə niyə ola bilməz? Hələ seçki təbliğatı zamanında İraq və Əfqanıstan kimi qaynadılan bölgələrlə yanaşı, Obama Yaxın Şərqə, daha doğrusu işğalçı israil rejiminə prezidentliyə real namizəd kimi səfər etmişdi. İlk iki müsəlman ölkəsi öz yerində, sionist rejimə Obamanın hələ 23 iyul 2008-ci ildə etdiyi səfərə bir çoxları səthi yanaşmışdı. Zira bu səfər artıq Obamanın sükutu hələ o zaman pozmasının bir sıra ipuclarını vermişdi. Belə ki, başlayaq ondan ki, Obama bölgəyə səfəri zamanı yalnız sionist rejimdə olmuş, Fələstinə isə səfər etməmişdi. Lakin bu da onun həmin səfər zaman Fələstin ərazilərində olmaması demək deyil. Bu barədə bir qədər sonra. Tam bu məqamda bir sual yaranır: əgər Obama həqiqətən də bu sionst probleminin həllində pozitiv rol oynamağı düşünürdüsə, niyə Fələstinə də səfər etmədi? Niyə oradakı reallıqlarla birbaşa yerindəcə tanış olmağa can atmadı? Nədən gələcəkdə doğru dəyərləndirmə apara bilməsi üçün hər iki tərəfin fikirləri ilə tanış olmadan yalnız sionist cəlladlarla görüşdü? Yoxsa Fələstində qarşılaşacağı mənzərələrə cavabları yox idi? Birtərəfli görüşlər və əldə edilmiş təkyönlü təbliğat xarakterli informasiyalar Harvard məzunu gələcək prezidentə sionist işğalla bağlı məntiqi nəticələri əldə etməyə imkan verəcəkdimi? Olmaya gələcək ABŞ prezidenti sionist lobbisi qarşısında bu səfəri etməkdən çəkinib?

b). Göründüyü kimi sual yaradacaq məqamlar çoxdur. Digər tərəfdən Obamanın Fələstində baş verənlərə, Qüdsdə baş verən sionist vandallığına susması bir çoxlarında belə bir sual yaradır. Olmaya Obama bölgəni tanımır? Bu sualın ən dəqiq cavabını elə haqqında danışılan səfərin müxtəlif fraqmentləri cavab verir. Bu fraqmentlərdən biri Obamanın vertolyotda Qəzza körpələrinin cəlladları Tsipi Livni (rejimin "XİN-i", 10 fevral qondarma və üzdəniraq sionist seçkilərində 28 deputat mandatı ilə ilk yerə çıxan "Kadima"nın sədri) və rejimin "müdafiə naziri" Ehud Barakla (10 fevral qondarma və üzdəniraq sionist seçkilərində 13 deputat mandatı ilə dördüncü yerə çixan "İşçi Partiyası"nın sədri) Fələstin səmasında Məscidül-Əqsaya tamaşa etmələridir. Fraqmentdə əllərində xəritə olan sionist cəlladlarının ona Fələstin torpaqları olan Qüds ərazilərini və Məscidül-Əqsanı göstərərək öz qondarma sionist xəyallarından danışdıqları aydınca görünür. Bu o zaman idi ki, dünya hələ Qəzzadakı soyqırmların baniləri olan bu iki cəlladı hələ indiki kimi "yaxşı" tanımırdı. Onların Qəzza əməliyyatlarına hələ bundan 18 ay öncədən hazırlaşdıqları dünya mətbuatında səsləndirilmişkən, Obama bundan xəbərsiz idi?! Əgər xəbərsiz idisə, bu artıq onun zəifliyinə dəlalət edir. Yox, əgər məlumatlı idisə, niyə susurdu? Niyə bu vəhşiliklərə göz yumurdu? Onları durdurmaq üçün bir cümlə də dilə gətirmədi? Hər halda Fələstin səmasında uçarkən bu iki cəllad yəqin ki, Obamaya özlərinin gələcək "sülhməramlı" siyasətlərindən söz açmamış deyildilər.

c). Bu suallardan keçək digər fraqmentə. Burada Obama onun üçün düzəldilmiş kürsüdə sionistlərə nitq söyləyir. Onun arxasında isə hisli-paslı mərmi parçalarından ibarət hündürlüyü 3 metrəyə, uzunluğu 10-15 metrəyə çatan fon divarı ucaldılmışdı. Bu çıxış zamanı fotoqraflar istənilən yerdən Obamanın fotosunu çəkmək istəyirdilərsə, bu fon mütləq əks olunurdu. Sizcə sionizmin vermək istədiyi bu fonu Obama anlamadımı? Və ya sual etmədimi bu nədir?! Etmədisə, yenə də "kalitesiz"liyini büruzə vermiş olar. Sual etdisə yəqin ki, cavabında ona "sionist həqiqtləri" anladılmamış deyildir.

Onun gəlişinə sevinən kəslər heç onu əziyyətə belə salmadan özləri bu hisli-paslı dəmir parçalarının HƏMAS “raketləri” olduğunu, onların daim bu mərmilər altında yaşamaq məcburiyyətində olduqları və s. erməni dığasından fərqlənməyən həyasızlıqla özlərinin daim bunların təhdidi altında olduqları, təhlükəsizliklərinin zəmanət altında olmamaları və buna görə də müdafiə olunmaq məcburiyyətində olmaları rəyini formalaşdırmamış deyillər.

2. Növbəti məqam Qəzza hadisələrinin baş verdiyi dönmələrdə Obamanın sükutu və məşğuliyyətləridir.

a). Qəzza qətliamı zamanı Obama artıq istirahəti üçün Havay adalarında idi. Burada dincəlir, ailəsi ilə xoş anlar keçirir, qolf oynamaqla inauqurasiyasına qalan günləri sayırdı. Bu zaman isə onunla Fələstin səmasında ikən vertolyotda birlikdə olduqları sionist cəlladlar onun qızlarının həmyaşıdlarını, onlardan da çox-çox kiçik üşaqları Qəzzada qətlə yetirirdilər. Hətta 6 aylıq, 1-2 yaşlı körpələrə belə yaşamaq haqqını tanımayan cəlladların bu barbar əməliyyatlarından bütün dünyanın xəbəri oldu, Obamanınmı xəbəri olmadı? Gülüncdür. Bütün dünya bu hərbi əməliyyatlara etiraz edərkən Obama susur. Heyrətamiz və düşündürücüdür. Ancaq daha bir heyrətamiz açıqlama isə bu idi: "Mənim də qızlarım təhlükədə olsaydı, mən də eyni şeyləri edərdim". Deməli Obamanın nəzərində HƏMAS uşaq qatili olaraq təhlükə mənbəyidir!! Harvard məzunundan çox absurd bir iddia.

b). Tutaq ki, Obamanın həmin zaman başı öz ailəsinə və istirahətinə qarışmış və medianı da izləməmişdir. Elə isə Qəzzada sionistlərin 400 insanı vəhşicəsinə öldürdüyü zaman (dekabr ayının 30) Havay adalarındakı evinin qarşısındakı etirazçılarındamı səsini eşitmədi. Digər mühüm nöqtə. Pakistana zərbələr endirəcəyini gizlətməyən Obama noyabr ayında 180-dək insanın dünyasını dəyişdiyi Mumbay hadisələrində hadisəni pisləmiş, sükut etməmişdi. Və Qəzzada sionistlərin 1400-dək insanın vəhşicəsinə öldürülməsinə isə sükutla yanaşması təbii ki, normal sayıla bilməz.

Bütün bunları nəzərə alaraq aşağıdakı qənaətlərə gəlmək olar:

1. Obamanın dəyişiklik texnologiyası gözə kül üfürməkdir.

2. Onun dövründə də ABŞ-ın Yaxın Şərq planları dəyişməz olaraq qalacaqdır.

3. Taktiki addımlarda müəyyən yumşalmaların olması gözlənilən, hətta qaçılmazdır.

Sonda: dəyişikliklərə ümid əlbəttə ki, gözəl hissdir, xüsusən də ədalətli və sülhpərvər dəyişikliklərin intizarında olmaq. Bunu kimlərsə vəd edib əməl etməsələr də, o (ə.f.), gələcək və bunu edəcək. Mütləq edəcəkdir!

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: