воскресенье, марта 01, 2009

KAŞ XOÇALI OLMAYAYDI...

Kaş Xocalı olmayaydı. Kaş zaman dayanaydı. Kaş o gün yaşanmayaydı. Kaş insanlıq ölməyəydi. Kaş insanlıq yaşayaydı. Kaş zalım olmayaydı, Kaş zülm olmayaydı...

Kaş qorxmayaydım. Kaş millətimin silahsız insanları öləndə mən də öləydim.

Kaş millətim oyanaydı. Bir özünə qayıdaydı. Təəccüb edirəm soyqırım yaşamış millətimin halətinə. Yatıb millət. Sanki millət müharibəni uduzmayıb. Sanki millət torpaqların itirməyib. Sanki millət Xocalıda analarını, bacılarını itirməyib.

26 fevral günü. Xocalıda nələr oldu?! Analar südəmər körpələrlə ayaqyalın qaçırdılar. Qansız erməni tanklarından. Qeyrətsizlər, namussuzlar yüzlərlə qoca, uşaq, qadın, cavan öldürdülər, şikəst etdilər, əsir götürdülər. Əsirlərin burunların, qulaqların kəsirdilər. Dünyaya göz açmağa hazırlaşan uşaqları öldürdülər. Namussuzlar, qeyrətsizlər.

Bax, həmən 26 fevral günü Bakımızda hiss olunmur, küçələrdə hiss olunmur, metrolarda hiss olunmur, televizorda hiss olunmur. Batır millət. Evlərini içərisinə Qərbin zibillərini doldurandan batır millət. Əsirlikdə millətimin bacıları, anaları döyülən gündən yatır millət.

Utanırsan Xocalının səhnələrini göstərəndə? Utancından çevirirsən kanalları? Vicdanın tərpənirmi, donmuş körpə meyitlərini göstərəndə? Yoxsa vicdan da qalmayıb? Öldürüsən o vicdanı öz içində?

Öz atanın məzarına getmisənmi? Sənin oğlun gəlməyəcək məzarına. Niyə gəlsin? İstəmir o, torpağı düşməndə ola-ola yatağında rahat yatan ata obrazını. İstəməz o bivecliyi. Utanacaq oğlun səndən. Gəlməyəcək məzarına. Tarixi oxuyacaq. “Xocalının işğalından 1 il keçir.., 3 il keçir.., 5 il keçir.., 10 il keçir.., 15 il keçir...” bezəcək bu cümlələri oxumaqdan. Gəlməyəcək məzarına, həqiqəti analayanda. Anlayacaq bir gün sənin müharibədən qaçdığını. Anlayacaq bir gün sənin qorxduğunu. Həqiqəti bir gün anlayacaq, oğlun, nəvən.

Yuxuların pozulurmu? Heç gördüyün kadrdakı körpələr yuxuna gəlibdirmi? Səndən Allaha şikayət edəcəyini deyibdimi? Onları yuxunda görəndə yaxınlaşıb yaraların sarımısanmı? Yoxsa utancından qaçmısanmı? Üzləşməyə üz qalıbmı körpələrlə? Öz körpəni qucağına alanda yadına düşübdümü donmuş körpə meyidləri?

Əsirlikdəki anaların səslərini eşidərək durmusanmı isti, yumşaq yatağından? Yoxsa qulağını bağlamısan? Eşitmirsən. Eşitməzsən də, qulağın vicdan kəlməsindən uzaq düşüb. Qulağın azan səsindən uzaq düşüb. Eşitməzsən də, ağılsız şouları eşidəndə. Eşitməzsən mənasız serialları, kinoları eşidəndə.

Heç bir dəfə şəhidlərin adlarına baxmısanmı? Görmüsənmi yaşlarını, boylarını, şəkillərini? Yoxsa gözlərini yummusan? Görmürsən? Görməzsən də gözlərini bağlayanda. Görməzsən də küçədəki, “müasir” zibil reklamları görəndə. Görməzsən də lotoreya verilişlərindəki uduş pullarının məbləğini görəndə. Gözlərini kor etmisən. Görməzsən də gözlərin kor olanda. Axırıncı dəfə nə vaxt ağlamısan, kövrəlmisən? Görməzsən də ürəyin daşlaşanda...

Heç bir dəfə əsir düşənlərin çəkdiklərini hiss edəsən deyə soyuq yerdə yatmısanmı? Heç bir dəfə qabağından isti xörəyi kənara çəkmisənmi? Ayaqqabın deşiləndə, onların ayaqqabısız olduğunu düşünərək yamamayıb gəzmisənmi? Heç bir dəfə onların paltarı olmadığını düşünüb mağazanın qarşısından başıaşağı keçmisənmi? Heç bir dəfə düşünmüsənmi ki, indi onların qanı hesabına yaşayırsan?

Kaş o gün yaddaşından silinəydi. Kaş mən də sənin kimi 26 fevral günü bixəbər yaşayaydım. Kaş mən də sənin kimi mənasız şoularla öz başımı qataydım. Kaş mən də sənin kimi 26 fevral günün yaşamayan Bakımızın küçəsində utanmadan yeriyərdim. Kaş mənim də sənin kimi qulaqlarım kar olaydı. Kaş mənim də sənin kimi gözlərim kor olaydı.

Amma, vallah, bacarmıram. Anaların fəryadları qoymur məni unutmağa. Körpələrin göz yaşları qoymur məni unutmağa.

Kaş fəryadlar olmayaydı. Kaş körpələrin göz yaşları olmayaydı. Kaş Xocalı olmayaydı...

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: