воскресенье, марта 01, 2009

ÇAQQAL İLƏ TÜLKÜ

Məzlumlara qurmuş tələ çaqqal ilə tülkü,

Birlikdə verib əl - ələ çaqqal ilə tülkü.

Sən elm oxuma, şamu – səhər yat yatağında,

Üstün gələcək tənbələ çaqqal ilə tülkü.

Dovşanları ram eyləyəni arzu ediblər,

Qalib gələ bir gün kələ çaqqal ilə tülkü.

Min hiyləvü tədbir ilə cəlladlıq edirlər,

Etmiş bunu çox məşğələ çaqqal ilə tülkü.

Yaltaqlığa adət eləyən indi olub şah,

Keçmiş o qədər mərhələ çaqqal ilə tülkü.

Verdim köpəyə yal, yedi göstərdi sədaqət,

Öyrəşmədi amma ələ çaqqal ilə tülkü.

Kaş gözləri yaşlı elə bir gündə sağ olsun,

Görsün ki, dönüb heykələ çaqqal ilə tülku.

Düşmənlərə bel bağlamaram bir daha, əsla

Salmaz işimi əngələ çaqqal ilə tülkü.

Viranə qalır mülkü, ayılmır ki, ayılmır,

Baş versə də çox zəlzələ çaqqal ilə tülkü.

Bar – bar bağırıb qatili dünyada gəzirlər,

Düşmür o həmin cədvələ çaqqal ilə tülkü.

Göydən başıma od ələdi, sanmadı qafil,

Qəflətdə düşər cəncələ çaqqal ilə tülkü.

Bir dəfə yanan əl daha oddan həzər eylər,

Təkrar əl atır “məşələ” çaqqal ilə tülkü.

Bir gün çəkilər darə cinayətkar olanlar,

Qafildir o gündən hələ çaqqal ilə tülkü.

Əvvəldə bu bədnamları “Şir” parçalamışdı,

Axır dönəcək əvvələ çaqqal ilə tülkü.

Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: