Məhərrəm-Səfər əyyamı əziz islam Peyğəmbərinin (s) şəhadəti ilə qurtarmaq üzrədir. Kimsə bu aylarda ibadətlərində və ya əxlaqında irəliləyibsə, xoş halına. Çalışıb əldən verməsin bu halı. Ürfümizdə belə bir yaxşı hal var ki, hər kəs kimliyindən asılı olmayaraq bu aylarda toy etmir. Görəsən sovetlər dönəmində bu necə idi? Bunun üçün də məhərrəm səfər əyyamının o dövrdə necə keçirilməsi haqqında zəmanəmizin ağbirçək xanımlarından biri ilə söhbət edirəm.
- Xahiş edirəm, o vaxtkı məclislər haqqında danışın.
- Bilirsən, qızım, o zamanlar mən kənddə yaşayırdım. Kənddə kolxoz idi. Hamı səhərdən axşamacan sahədə işləyirdi. Tütün əkib becərirdik. Bu işin çətinliyini işləyənlər bilər. Matəm aylarının yayın qorabişirən vaxtına (avqust ayına) düşdüyünü də görmüşəm, qışın şaxtasına da. Yaxşı yadımdadır, gündüzləri işləyir, gecələri evlərdə yığılırdıq. Amma gizlin, çünki kəndin “şpionları” tez rayona xəbər verirdilər. Ona görə də bir çox yerlərdə gözətçilər olurdu. Yad adam görən kimi tez xəbər verirdilər. Onda tez kimisə ortalıqda uzandırırdılar ki, guya xəstədir, can verir. O qədər belə hadisələr olub, bəzən də ev sahibini tutub aparırdılar. Bir neçə gündən sonra buraxırdılar.
- Bəs, onlara, sizi satanlara heç nə demirdiz?
- Eh, ay bala, pis elə hər zamanda pisdir. İndi də pisdir, Peyğəmbərin (s) dövründə də pisdir. Bir də ki, biz savadsız idik. Yazıb-oxumağımız yox idi. Böyüklərdən bunu eşitmişdik ki, Allah 14 məsumu sevir, biz də sevməliyik. Əgər Imam Hüseyn(ə) şəhid olmasaydı, dinimiz qalmazdı. Elə ki, Məhərrəm ayı başladı, evdə radionun, televizorun üstünə örtük salardıq. Düz 2 ay açılmazdı. Qızlar məclis qablarını yumaqda yarışardılar. Kim çox iş görsə, “çox savab qazanacam” deyirdi.
- İndiki məclislər haqqında nə deyə bilərsiniz?
- Çox şükür, indi din aşkardır. Məclislərdə İmamları (ə) bizə yaxşı tanıdırlar. Yəni fəzilətlərini. Çoxlu kitablar var, öyrənmək istəyənlər üçün. Cavanlar, maşallah, sinələri elm ilə doludur. Amma o çətinliklə saxladığımız matəm daha şirin idi...
Sənə bir sirr açım, qizim. Nə qədər savadsız olsaq da, inancımız, imanımız güclü idi. Bir dəfə məhərrəmlik qış ayına düşmüşdü. Məclisdə işləyərkən bərk xəstələndim. Həkimlər məndən tamamən əlini üzmüşdülər. Günlərlə huşsuz vəziyyətdə qalmışam. Bax elə bu vaxtda Həzrət Əlini (ə) və Həzrət Fatiməni (s.ə) gördüm. Onları ziyarət etdim, mənim üçün Allahdan dua edib şəfa diləmələrini istədim. Ayıldım, özümü xəstəxanada gördüm. Sağaldım. Onları sevəni onlar da sevir, Allah da.
Sağollaşıb ayrılıram. Çünki bütün bunlar mənə yad deyil. Məktəbdə oxuyarkən müəllimin bir neçə dəfə başımın yaylığını zorla çıxardığını heç vaxt unutmuram.
O xanıma isə arzulayıram ki, Allah onu axirətdə də sevdikləri ilə məşhur etsin! İnşəallah!
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий