İnsan həyatında özü ilə bağlı buraxdığı səhvləri müəyyən zaman keçdikdən sonra dərk edir. O, sonradan həyatının həmin məqamını təhlil edəndə başa düşür ki, həmin mərhələdən səbrlə ötüşsəydi, həyatının sonuna qədər itirdiklərindən çox xeyir əldə edər, həyatı tamam başqa vektorla həqiqi səadətə doğru istiqamət alardı.
Həqiqi səadətə, yəni Allah rizasına, kamala yetişməni şərti olaraq mərhələləndirərək, İmam Zeynalabidin (ə) belə buyurur: ”Zöhdün ən yüksək dərəcəsi təqvanın ən aşağı dərəcəsidir. Təqvanın ən yüksək dərəcəsi yəqinin ən aşağı dərəcəsidir. Yəqinin ən yüksək dərəcəsi Allah rizasının ən aşağı dərəcəsidir”.
“Bəs zöhd nədir?” - deyə soruşulduqda İmam (ə) belə buyurur: ”Allah kitabına əsasən zöhd odur ki, əlinizdən çıxan şey üçün narahat olmayıb əldə etdiyinə də sevinməyəsən...”.
Hədisdən göründüyü kimi, insan həyatının əsl hədəfinə yetişməsi üçün “zöhd” adlanan ilkin və çox əhəmiyyətli bir mərhələdən keçməlidir. Zöhdün açılıcına fikir verdikdə isə görürük ki, zöhdün əsasını təşkil edən səbirdir. Deməli, insanı təqvaya çatdıran səbirdir. Səbirsiz insan təqvaya yetişə bilməz.
Bəs səbir özü nədir? Böyük mütəfəkkir Nəsrəddin Tusi səbir haqqında belə deyir: “Səbir nəfsi məkruhlar qarşısında boyun əyməkdən qorumaq mənasınadır. Səbir ona deyilir ki, nəfs öz arzu və istəklərinə müqavimət göstərə bilə və xoşagəlməyən işlər baş verməyə”.
“Mənazilus-sairin” kitabında belə buyurulmuşdur: ”Səbir, nəfsi nəticəsi bilinməyən gizli sıxıntılardan şıkayət etməkdən çəkindirməkdir”. Tusiyə görə, səbir insanda olan dörd fəzilət cinsindən (hikmət, şücaət, iffət, ədalət) biri olan iffətin bir növüdür. İffət isə insan nəfsindəki qüvvələrdən biri olan şəhvani qüvvənin saflaşdırılmasının, düzgün tərbiyəsinin nəticəsidir.
Buradan belə nəticə çıxır ki, insanın iffəti təkcə səbirdən ibarət olmasa da, iffətin tərkib hissəsi olan səbrin azlığı hər halda iffəti zəiflədər. İffətin zəifləməsi isə şəhvani qüvvələrin tənzimlənməsinin pozulmasına, insanın öz nəfsi istəklərinin qulu, köləsi olmasına, zillətə düşməsinə gətirib çıxarar. Deməli, səbirsizlik bütün əxlaqi keyfiyyətlərin özəyi olan izzətə də xələl gətirir. Əksinə, əgər insan Allahın əmrinə əsasən özünün bir sıra istəklərinə qarşı çıxarsa və bu zaman rastlaşdığı rahatsızlıqlara səbir edərsə, mənən güclənər,iffət və izzət sahibi olar. Bə bu cür əxlaqi keyfiyyətlərlə də hədisdə qeyd olunduğu kimi təqva sahibi olar.
Görəsən bu mərhələdən sonra səbirin işi bitirmi? Təqva müstəvisini qoruyub saxlamaq və burada irəliləmək səbirsiz mümkündürmü? Bu suallara cavab vermək üçün öncə təqvanın özünün nə olduğunu bilməliyik. Məşhur mütəfəkkir Ruhullah Əl-Musəvi təqvanın təqdimatını verərək onu bir neçə yerə bölür: “Xalqın ümumi təqvası; safların təqvası; zahidlərin təqvası; muxlislərin təqvası; aşiqlərin təqvası; fanilərin təqvası və s. Bunlardan ən ibtidaisi xalqın təqvası hesab edilir ki, bu da haramlardan çəkinməkdən ibarətdir”.
Haramlardan çəkinmək isə yenə səbir tələb edir. Çünki, məlumdur ki, hər bir haram aldadıcı, müvəqqəti olsa da bir “ləzzət”lə insanı cəlb edir. Bu cazibəyə isə insan yalnız öz səbrinin gücü ilə üstün gəlib haramdan çəkinə bilər.
Səbrin təqva müstəvisində zəruriliyi məsələsinə başqa yönəmdən də çatmaq olar. İmam Səccaddan (ə) belə bir hədis var: “Səbir imandandır. Səbirin imanla olan münasibəti başın bədənə münasibəti kimidir və kimin səbri yoxdursa, imanı da yoxdur”.
Bəli, göründüyü kimi burada səbirlə təqvadan yox, səbirlə imandan söhbət gedir. Amma onu da qeyd etmək lazımdır ki, iman və təqva bir-birini tamamlayan, bir-birini gücləndirən və bir-birindən ayrılmaz keyfiyyətlərdir. Səbir və iman haqqındakı hədisi bu fikirlə əlaqələndirsək, belə nəticə alınar ki, təqva müstəvisində səbir əsaslı yer tutur.
Məqalənin əvvəlində İmam Zeynalabidindən (ə) gətirilən hədisdə buyurulur ki (yəni hədisdən çıxan fikir belədir ki), insan davamlı təqva ilə yəqinə və yəqinlə də Allah rizasına yetişə bilər. Həmin bu müstəvilərdə də zöhdün, imanın, təqvanın davamlılığını nəzərə alsaq, səbirin bu mərhələlər üçün də nə qədər zəruri olduğunu görəcəyik. Çünki, bunların hər birindən səbiri ayırsaq, o naqis və yararsız olacaq.
Beləliklə, biz görürük ki, səbir insanın kamala yetişməsinin bütün müqəddimələrində əvəzsiz yer tutur. İnsanın hər müqəddimədə dəyişikliyi onun səbrinin də uyğun olaraq dəyişməsini zəruri edir. Əgər ilkin mərhələdə insan yalnız haramlar qarşısında səbir edirdisə, iman və təqvada sabitliyini qorumaq üçün ibadətlərin çətinliyinə də səbir etməli olur. Daha sonrakı mərhələlərdə isə bütün bunlara əlavə olaraq, bir sıra imtahan və bəlalar qarşısında da səbir etməli olur. Beləliklə, bütün bu çətinliklərə səbirlə qalib gələn insan, bütün digər keyfiyyətləri kimi öz məhdud səbrini də nəhayətsiz səbir çeşməsinə bağlayır. Belə insan tam səadətə, kamala çatmış hesab edilir. O, hər şeyə səbir edə bilir. Təkcə bu çeşmədən ayrılmaqdan başqa. Bunun bariz nümunəsi kimi İmam Əlinin (ə) “Kumeyl” duasında işarə etdiyi, tam mənasını yəqin ki, ancaq ariflərin anlaya biləcəyi bir sətiri nəzərinizə çatdırırıq: ”Tutalım əzaba səbir etdim, bəs səndən ayrı olmağa necə səbir edim?”.
Yəqin ki, bu ifadənin üstündən səbir haqqında nə deyilsə, mənasız olacaq. Təkcə onu əlavə etmək istərdim ki, səbir göstərib bu məqaləni axıra qədər oxuyan adam daha heç vaxt özü haqqında soyuqqanlılıqla “mən səbirsizəm” ifadəsini işlətməz. Ən azından bu haqda fikirləşər. Çünki, bu kəlmələr bizim haqqımızda çox şey deyir...
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий