İşdən evə gəlirdim. Yolumu 20 yanvar metrostansiyasından saldım. Fikirləşdim ki, şəhidlərimizin xatirəsinə həsr olunmuş şəkillər və yaxud çox vaxtlar metrolarda qoyulan əcnəbilərin əxlaqsız kliplərin, şəkillərin əvəzinə, şəhidlərimizin yad edilməsi və onlara həsr olunmuş çəkilişlərin göstərilməsi qanlı 20 yanvar hadisəsinin səbəbkarlarını, düşmənlərimizi xatırlatmaq yaxşı olardı. Lakin düşüncələrim həyata keçmədi. Hər tərəfə göz gəzdirdim, amma nə bir şəkil, nə də bir yazı görmədim. Onda niyə bu metrostansiya “20 yanvar” adlandırılıb? Yəqin başqa ad tapa bilmədiklərinə görə məhz 20 yanvar adlandırıblar…
Görəsən insan niyə belə unutqandır? Özü hansısa hadisəni unutmaq istədikdə, başqalarını da buna məcbur edir. Yaddaşlarımızda, tarix səhvələrində qanlı gün kimi qeyd olunan, xüsusən də böyük Şəhidlər Xiyabanının şəhərimizin mərkəzində salınması onu göstərir ki, bu günü unutmaq olmaz. Biz düşmənlərimizdən qisas almalıyıq. Amma bu gedişlə nə qisas, nə də torpaq almağa ləyaqətimiz, gücümüz qalmayacaq. Əgər düşmənlərimizin etdiyi vəhşilikləri, bəzilərimiz asanlıqla uduruqsa, deməli düşmən bizdən güclüdür. Hər an etdiyi murdar əməlini təkrarlamağa hazırdır. Bəlkə ayılmaq vaxtıdır?! Bəlkə gözlərimizi ovub, diqqətlə keçmişimizi yad edib, qeyrət hisslərini silkələyərək, toz basmış qəlbləri, yatmışları oyatmaq vaxtıdır?! Bu günü olduğu kimi xatırlayın. Bu günü günahsız millətin aldadılaraq, zalımların qarşısına çağırıldığı gün kimi xatırlayın. Ən azı bu gün dünyaya olan məhəbbətinizi boğmağa çalışın. 20 yanvar şəhidlərini ziyarət etmək azdır. Qəlbən onların göstərdikləri qəhrəmanlığı, vətənlərinin azadlığı üçün toplaşaraq, silahsız, qorxmadan düşmənlə üz-üzə gəlmələrini unutmayın. Bir gün yad etmək azdır. Torpaqlarımızı düşmən tapdağından azad etdiyimiz günə kimi xatırlanası gündür 20 yanvar.
Xatirələrim həmin illərə yönəldi…
Bakı şəhərinə tərəf hərəkət edən tanklar, rus əsgərləri camaatı narahat edirdi. Narahat, dinc əhali arasında biz də təşviş içində idik. Kənddən Bakı şəhərinə gəlirdik. Yollarda sıralanmış tanklar maşınları saxlatdırıb, özləri hərəkət edirdilər. Balaca qardaşım atamdan soruşanda ki, “Ata, bu əsgərlər kimdir?!” Atam: ”oğlum, onlar bizə kömək etməyə gəliblər”, - deyə cavab verdi. Amma atam çox həyəcanlı idi və hiss edirdim ki, biz yanında olduğumuz üçün çox narahatdır. Həmin gün axşam üzbəüz bağda saxlanılan, zənçirlənmiş it ipini dartaraq səhərə qədər canavar kimi uladı. Heyvanlar həssas olurlar. Onlar baş verəcək faciyəni, qəzanı hiss edirlər. Müqaisə etikdə bir itin zalım düşməndən ağıllı olaraq, insana yanması, onun dərdinə ağlaması qəribədir.
Və bir gün axşam gurultu səs eşitdik. Pəncərəmiz Sumqayıt yoluna baxırdı. Məsafə uzaq olsa da, maşınların işıqlarını görmək mümkün olurdu. Böyük alov göyə qalxdı. Sonra avtomat səsləri də eşidildi. Biz işıqları söndürdük və asta-asta danışmağa başladıq. Sanki bizi eşidirlərmiş kimi. Səhər televiziya xəbərlərindən məlum oldu ki, sarı “ Jiquli” markalı maşın partladılıb.Görəsən baş verən bu hadisələrin qarşısını almaq, onların şəhərin mərkəzinə tərəf hərəkətlərini dayandırmaq olmazdımı? Hər şey mümkün olardı, çünki indiki kimi unudaraq, yaddaşlarımızdan sildiyimiz tariximizi məhv etdiyimizə görə 20 yanvar faciəsi, bir daha təkrarlandı. Sümükləri indi-indi üzə çıxan insanların başlarına gətirilən əzabları, vəhşilikləri, diri- diri torpağa basdırılan müsəlman bacı-qardaşlarımızı, analarımızı, atalarımızı, babalarımızı, nənələrimizi necə unuda bilərik?! Qəlbində öz vətəninə, anasına sevgim var deyən insanda bu cür unutqanlığı görmək, onun yalan söylədiyini açıqlayır. Çox zaman şəhidlərimizi yad etmək üçün bir, beş dəqiqə sükut edirik. Həmin sükut içində düşünün, onların çəkdikləri, hiss etdikləri əzabı, ağrıları, bir də qəlblərinizdə yer salacaq qəhrəmanlıqlarını…
Şükür olsun Allaha! Onun əmrlərini eşidən və əməl edən bəndələrə. Onun hər kəlməsinə ”Ləbbeyk” deyən saleh qullarına. Biz şəhidlərə qibtə etməliyik. Çünki Allahın nəzərində ən gözəl ölmək - Onun yolunda canından keçərək şəhid olmaqdır. Allah bütün şəhidlərimizə rəhmət etsin. İlahi, amin!
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий