Sevgi - aləmlərin varlıq səbəbi. Həm varlıq səbəbi, həm də var olanların ən gözəli. Allahın sifətlərindən bir sifət, qəlblərin azuqəsi, ruhların qidası, gözlərin nuru. Sevgi həyatından məhrum olanlar, ölülər sinifindən sayılırlar. Sevgi işığını sevgi nurunu itirənlər, qaranlıqlar dənizində yox olub gedərlər. Sevgi imanın, əməllərin, üstün məqamların və halların ruhudur, özüdür. Sevgidən məhrum olanlar, ruhsuz cəsəd kimidirlər.
Sevdiklərimizi ucaltmaq, xoşbəxt etməyə görə bir çox şəkil və surət icad etdik. Biz etməsək də bəziləri, bizim adımıza icad etdiklərini bizə qəbul etdirdi. Həm də sevgi adına... 14 fevral “Sevgililər günü ” kimi.
Ancaq sevginin tərifi olmadığı kimi müəyyən, sabit bir şəkli, surəti də yoxdur. Aləmlərə sığmayan bir şeyi necə oldu tək bir günə sığdıra bildik? İldə yalnız bir günə, Fevralın 14-nə. Sanki, hər gün sevginin günü, hər an sevginin zamanı deyilmiş kimi.
Qaynağı bütpərəstlik festivalı olan “Sevgililər Günü”nün kökü demək olar ki, b.e.ə. 4-cü yüzilliyə gedib çıxır. Romada hər il “Çoban Tanrısı Lukerpus” adına bayramlar keçirilirdi. cavanlar bir mağaranın önündə toplanır, bir tasa gənc qızların adları yazılıb atılır, hər cavan, tasdan gənc qızlardan birinin adını seçərdi. Sonradan bu festivala təkcə bütpərəst gənclər deyil, xristianlar da qatılırdı. Kilsənin avtoritetini sarsıdan bu adətə son qoymaq üçün çarələr axtarılırdı, bununla bir nəticə hasil olmayınca rahiblər hekayəni öz adlarına uydurdular. Belə ki, Roma imperatoru tərəfindən öldürülən rahib Valentini “Müqəddəs” elan edərək Tanrı Lukerpusun yerinə qoydular.
Miladdan sonra 270-ci ildə imperator olan Kladius hərbçilərə evlənməyi qadağan etmişdi. Ona görə evli insanlar əsgərlik xidmətini lazımınca yerinə yetirmirlər, fikirləri geridə, ailələrinin yanında qaldığı üçün döyüş meydanlarından qaçırlar. Rahib Valentin isə imperatorun bu əmrinə qarşı çıxaraq sevgililəri gizlicə evləndirirmiş (Ancaq Valentinin bir din adamı, hətta xristian olub-olmadığı belə hələ də mübahisəlidir. Hətta onun Lukerpus festivalinda iştirak etdiyinə dair rəvayətlər vardır). Bir müddət sonra imperator Kladius, Valentinin etdiklərini öyrənir və onu həbsə atır. 14 fevral 270-ci ildə isə edam etdirir. Bundan sonra bu gün “Sevgililər Günü” adı ilə qeyd olunur.
Dini və milli mahiyyəti olmayan bu “bayram”ın qeyd olunması cəhalətlə, sevgini tanımamaqla açıqlana biləcək bir vəziyyətdir. İşin içində görmədiyimiz başqa səbəblər var, dinlərarası savaş, pul, siyasət, propaqanda, möhtəkirlik... Son yüzillikdə hakim sistem olan kapitalizm hər şeyi olduğu kimi sevgini də bir ticarət halına gətirdi. 60-70 il öncəsinə qədər unudulmağa üz tutmuş xristian adəti olan 14 Fevral əhvalatı da beləcə həyatımızda yenidən yerini aldı.
Hər şey bir yana, hər şeyi rasionallıq üzərində olan bir dinin mənsublarıyıq. Bütün bunlara baxmayaraq, təəssüflər olsun ki, yabançı təsirli Valentin günü hər il böyük şövq və vəcd ilə qeyd olunur və olunmaqdadır.
Sevgi dində zirvədir. Dində sevgi zirvə oldugu kimi, sevgidə də zirvə qulluqdur. Allaha qul olmanın şüuruna çatmış hər bir mömin, başqa heç kimə qul olmaz. Onun hər sözü, işi və davranışı sevdiyi Allahın sevgisini qazanmaq üçün olar. “Bəqərə” surəsinin 165-cı ayəsində belə buyurulur: “İnsanların içərisində Allahdan qeyrilərini Allahı sevən kimi sevənlər vardır. Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus oldugunu və Allahın əzabının şiddətli olacağını bilərdilər”.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий