воскресенье, марта 01, 2009

DAVOS ƏTİRLİ MİLLİ MƏCLİS

Ölkəmizdə əsl Məhərrəm-Səfər ayı yaşanır. Küçədə yol kənarında ehsan xeymələri (çadırları) qurulub. DVD və kaset satılan məntəqələrdə mərsiyələr səslənir. İnsanlar işdən tələsik çıxıb, şəhərin dörd tərəfində keçirilən Hüseyn (ə) məclisinə tələsir.

Metrolarda stansiya musiqiləri artıq ay girəndən yığışdırılıb. Küçə reklamlarını bu iki ayda “Hüseynə (ə) ağlayan gözlər, qiyamətdə ağlamaz” tipli kəlamlar əvəz edib. Televizor və radio daima Kərbəla hadisəsindən, Hüseyndən (ə), Zeynəbdən (s.ə), Səccaddan (ə), Rüqəyyədən... və günümüzün Kərbəlasından- Qəzzadan danışır...

Əlbəttə, belə cümlələrlə bir məqaləyə başlamaq istəyərdim. Ancaq bunun üçün mənə günümüzün reallıqları imkan vermirdi. Ab-hava olaraq millət elə yanvar-fevral ayını yaşayır. Mən də fikirləşdim ki, bəlkə bu yolla arzumu həyata keçirə bildim. Özümü belə şeylərlə aldadıram də.

Nə isə, keçək mətləbə.

Əziz oxucu, yəqin ki, 29 yanvarda Davosda nələr olduğunu bilirsən. Artıq bir həftədir ki, dünya bundan danışır. Sən demə Türkiyənin baş bakanı yaman ürək yakan imiş. O böyda Dünya İqtisadi Forumunun səhnəsində söz qılıncını çəkdi və bütün Davosu sirkələndirdi. Əllərini Şimonun gözünə sox-soxa “sənin ən yaxşı bacardığın şey körpə öldürməkdi” dedi. Halal olsun. O səhnəyə baxmaq və susmaq lazımdır. Doğurdan da “No Comment”.

Bu məsələyə hər hansı şərh vermək istəmirəm. Ancaq məni bir sual maraqlandırır. Cənab Təyyib Ərdoğan bu hərəkəti kim olaraq elədi? Bir siyasətçi olaraq, bir ata olaraq, yoxsa bir insan olaraq? Məncə bu sualı cavablandırmamışdan qabaq “Ərdoğan bunu niyə etdi?” sualına cavab vermək lazımdır. Doğurdan da, israil rejimi ilə heç bir siyasi problemi olmayan türk baş nazir bunu niyə elədi? Bu sualın cavabı isə sadədir. Haqsızlığa və ədalətsizliyə qarşı çıxmaq üçün. Özünün də dediyi kimi “Mən hər bir millətə hörmət edirəm, ancaq indiki israil rejiminin höküməti Qəzzada insanlara zülm edir. Mən bu zülmə qarşı çıxdım”.

İndi qayıdaq birinci suala “siyasətçi”, “ata”, “insan” - hansi zülmə qarşı çıxandır? Cavab: eyni zamanda heç biri və eyni zamanda hər üçü. Ərdoğan həm siyasətçidir, həm atadır, həm insandır. Bəs onu zülmə qarşı çıxmağa nə vadar elədi? Deməli, Ərdoğanda olan və bizim demədiyimiz dördücü bir amil də var. İslam amili. Bəli, Ərdoğan eyni zamanda da müsəlmandır. Müsəlmanlıq isə bəzi siyasətdən, atadan və insandan fərqli olaraq, zülmü qəbul etmir. Həm siyasətçilik, həm atalıq, həm də insanlıq müsəlman xəmiri ilə yoğrulub Təyyibdə. Ona görə də baş nazir Davos dəqiqələrində nəfəsini dərmədən zülmə yox dedi. Zaman və məkanın verdiyi şəraitdən maksimim istifadə etməklə. Beləliklə, əvvəldə verdiyim sualın cavabını tapdım. Ərdoğan bir müsəlman olaraq etdi bunları, siyasətsən, atalıqdan və insanlıqdan istifadə edərək...

İndi isə ölkəmizdən də Davosun ətri gəlir. Sən demə, Azərbaycan parlamentində bir Azərbaycan-israil dostluğu qrupu varmış. Bizim xanım deputatlardan olan Lalə Məmmədova da bu qrupun üzvi imiş. O gün xəbər yayıldı ki, xanım deputat qrupun üzviliyindən çıxıb (halal olsun!). Çıxma səbəbini isə Qəzzada şəhid olan körpələr olduğunu deyir. Bizim deputat da zülmü qəbul etmir. Məncə yuxarıdakı izahdan sonra Lalə xanımdan siyasətçi, insan, yoxsa bir ana olaraq bu qərara gəldiyini soruşmaq yersiz olardı. Sizcə də edə deyilmi?

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

P.S bunu isə daimi xəbərləri izləyən diqqətli oxucular üçün yazıram. “Gedin özünüzü siyasi cərrahlara yoxladın. Birdən sizdə “siyasətdən uzaqlıq” xəstəliyi olar” (iraq olsun)

Комментариев нет: