O gün başıma qəribə bir traqi-komik hadisə gəlib. 21-ci əsrdə, özü də Bakının mərkəzi yerlərinin birində belə bir gülməli (bəlkədə ağlamalı) hadisə ilə qarşılaşacağım yüz il də düşünsəydim, heç ağlıma gəlməzdi. Deməli, bir neçə gün bundan əvvəl ictimai nəqliyyat vasitələrindən birində idim. Yanımda üç gənc qız var idi. Öz aralarında söhbət edirdilər. Mən də istəmədən onların söhbətinə qulaq yoldaşı olurdum. Qızların biri digərinə üzünü tutub “Bayaq metronun Qara Qarayev stansiyasında qoca bir kişi məndən: “Qara Qarayev kimdir” deyə soruşdu, mən də dedim ki,Qara Qarayev yazıçıdır, kişi bu sözümə əsəbləşdi. Bəyəm yazıçı deyil?”
Bu vaxt digər qız yoldaşının sözünü səbirsizliklə kəsib, ”sən nə danışırsan, Qara Qarayev şairdir!”
Söhbətin nədən getdiyini bilməyən üçüncü qiz da bəstəkarın adını eşitcək “Qara Qarayev şairdir”, - dedi.
İlahi, bu anlar mənim qəlbimdən sanki qara qanlar axırdı. Üzümə qəribə acı bir təbəssüm qondu. Ömrümdə bəlkə də birinci dəfə idi ki, ağlamaq əvəzinə gülürdüm. Mən həqiqətən də ağır bir ruhi sarsıntı keçirtdim.
Yox-yox nəbadə fikirləşəsiniz ki,mənim bu təlaşım Qara Qarayevin səxsiyyətinə pərəstişdən və yaxud onun əsərlərinin aludəsi olduğumdan irəli gəlirdi. Əsla! Mənim bu pərişanlığım yalnız və yalnız biçarə Azərbaycan gəncinin düşdüyü bu biabıçı vəziyyətə görə idi. Mən əslində millətimin balalarının halına yanırdim. Bir neçə saniyə bundan əvvəl doğma Azərbaycanımın “işıqlı gələcəyi”nin gözlərimin önündə belə pis vəziyyətə düşməsi məni yandırmaya bilməzdi!
Söhbətin gedişatını səssizcə seyr edə bilməzdim! Üzümü bayaqdan söhbət edən qızlara tutub: ”Qara Qarayev bəstəkar olub!”, - dedim. Onlar sanki, belə cavab gözləmirdilər: ”Aaa. . . dogrudan? Nə qəribədir, bəstəkar?”
İnanın ki, mən onlara Qara Qarayevin şou-biznes nümayəndəsi və yaxud da hansısa müğənninin proddüsseri olduğunu söyləsəydim, onlar bu qədər heyrətlənməzdilər, amma onun bəstəkar olduğu onları bu qədər təəccübləndirdi.
Mən də heyrət içində idim. Qəlbimdə onlara çox acıyırdım... Birtəhər özümü toplayıb, təvəllüdlərini soruşdum . Biri 1989-cu ildən idi, digərləri isə 1992-ci ildən.
Birdən yadıma düşdü ki, Qara Qarayev haqqında harada da keçməsələr, musiqi dərsində mütləq keçərlər. Ancaq bu fikrim də məni yanıltdı. Dedilər: ”Heç musiqi dərsi keçmişik ki!”. Fikirləşdim ki, yəqin bu qızlar hansısa ucqar bir kənddə oxuyublar. Dərhal oxuduqları məktəbi soruşdum. Aldığım cavab daha ürək ağrıdan idi. Onların üçü də Bakı şəhərində oxumuşdular.
Baş verənlərə birtəhər adaptasiya olmağa çalışırdım ki, söhbəti başlayan qız mənə belə bir sual verdi:”Qara Qarayevin adı nə olub ki?”
Dedim: ”Qara Qarayev”
Qız: ”Yox ee. . mən öz adını soruşuram”.
Mən yenidən bayaqkı cavabımı təkrarladım. Birdən qızlardan gülüş qopdu: ”Ha, ha, ha... Ada bax, Qara Qarayev! Ha, ha, ha!!!”
Bir anlıq fikirləşdim ki, yazıq bəstəkarın adı “Toylar kralı”və yaxud da”Meqa Star”olsaydı ona yəqin ki, bu qədər gülməzdilər.
Soruşdum ki, harada oxuyursunuz, dedilər tibb kursunda oxuyuruq, üçümüz də tibb bacısı olacağıq. Elə oradaca fikirləşdim ki, görəsən Qara Qarayevi şair bilən adam sabah-birigün analginlə aspirini, novokainlə novopossiti səhv salmazmı?!
Əslində söhbət heç də Qara Qarayevin şəxsindən getmir. Ola bilər ki, kimsə onun əsərlərini ömründə bir dəfə olsun dinləməsin. Ancaq Qara Qarayevin bəstəkar olduğunu bilməmək absurddur!
Amma deyəsən indi nəyin absurd olub-olmaması köklü şəkildə dəyişilib axı. Məsələn indi yeni ulduzu tanımamaq absurddur! Məclislərdə qız və gəlinlərimizin yarı-çılpaq olmalarına gileylənmək absurddur! İndi gənc olub metroda blutuzlaşmamaq absurddur!
Yadımdadır, bağçaya gedirdim. Evimizin ünvanını bütün detallarınadək elə səlisliklə deyirdim ki, müəllimlər heyrətə gəlirdilər. Mən hətta Siyasi Bironun bir neçə üzvünün də adını bağçaya gedəndə bilirdim. Bildiklərimi mənə atam öyrətmişdi,çünki, özü də yaxşı bilirdi! İndiki ataların çoxundan fərqli olaraq!
Sözümün xülasəsi budur ki, mən və mənim kimi minlərcə insan məktəbdən cüzü də olsa nəsə öyrəndiyimiz, indi də şükür Allaha, bu dünyanın necə dövran elədiyindən bixəbər olmadığımız halda, yenə düz-əməlli bir şey bilmiriksə, onda bu yazıq heç bilməyənlər nə edəcəklər, Allah bilir...
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyici
Комментариев нет:
Отправить комментарий