Bir il bundan qabaq bir məqalə oxumuşdum. Məqalə sevgi barədə yazılan bir yazıya cavab idi, səhv eləmirəmsə. Müəllif yazıda əsl sevginin mahiyyətini açırdı. Və orada sözbəsöz yadımda qalan bir cümlə işlətmişdi. “Sevdiyini göstər, deyim kimsən”. O vaxtan sonra bu cümlə mənim üçün bir qəlibə çevrildi. Harada sevgi haqqında yazılan yazı, çəkilmiş kino görürəmsə, tez gətirib salıram o qəlibə. Əgər qəlibə düşürsə, deməli əsl sevgidir. Yox düşməsə, onda heç.
Sevgi həyatda ən ülvi hisslərdəndir. Bəlkə də ən ülvisidir. Sevgisiz həyatın mövcud olması qeyri-mümkündür. Hətta ən qatı cinayətkarın belə sevdiyi nələrsə olur. Hədəfinin düzgün və ya yalnış olmasından aslı olmayaraq, insanın həyatda etdiyi əksər hərəkətlərinin arxasında sevgi dayanır.
Əlbəttə ki, ilk əvvəl insan özünü sevir. Yaradanı üçün nəsə edəndə də, özünü ona layiq görür və onu edir. Bir sözlə, özünü sevmək dəyərliləri sevməsinə səbəb olur. Yaradanını sevir, göndərdiyi elçiləri və vəliləri sevir, anasını sevir, atasını sevir, vətənini sevir, övladlarını sevir. Sevgi obyeklərini elə seçir ki, onları deyəndə kim olduğu məlum olsun. Məqalədə deyildiyi kimi, sevdiklərini göstərir ki, kim olduğu bilinsin.
Sevginin iki cür olduğunu demək olar. Bir doğru hədəfə köklənmiş sevgi, digəri isə hədəfi düzgün olmayan sevgi. Bir az da dərinə getsək hədəfi düzgün olmayan sevginin olmadığını görərik. Səhv hədəfli sevgilər, əslində, keçici hisslərin sevgi kimi başa düşülməsinin sayəsində meydana çıxır. Məsələn, insanın maşına və ya mobil telefona olan sevgisi. Ola bilər ki, hazırki dövrdə elə marka maşınlar və ya mobil telefonlar olsun ki, insanın xoşuna gəlsin, ancaq onların sevilməsi hədəfi səhv olan sevgi olacaqdır. Çünki, o sadəcə keçəri hissdir. Bir ildən sonra daha yaxşı marka maşın və ya mobil telefon çıxacaq və sənin əvvəlkilərə olan sevgin azalacaq. Əsl sevginin isə heç vaxt keyfiyyəti azalmaz. Həqiqi sevgi yaşandıqca keyfiyyətlənər. Həqiqi hədəfli sevgilər keçəri ola bilməz. Olsa, zatən sevgi deyilmiş. Sən səhv anlamısan.
Yuxarıda deyilənlərdən müqəddəs və ülvi olmayan şeylərə məhəbbət bəsləməyin düzgün olmaması anlamı çıxmır. Bu cür şeylərə insan o miqdarda məhəbbət bəsləməlidir ki, onu əsl sevdiklərinə qovuşdursun. Bir növ sevdiklərimizlə bizim aramızda vasitə yaratsın. Məsələn, biz cib telefonunmuzla anamıza zəng vurub və onun ürək rahatlaşdıran səsini eşidirik, itirdiyimiz sevdiklərimizin şəkillərinə baxırıq, avtobusla və ya təyyarə ilə ən böyük sevgilimiz Yaradana zəvvar oluruq, Həccə gedirik.
Ətrafımızdakı hər şeyə əsl sevgililərimizə aparan bir vasitəyə çeviririk. Bax onda həyat gözəl olur. Vasitələri hədəfə çevirəndə isə öz yerimizdə addımlamış kimi oluruq. Zaman da keçir. Nəticədə dağa çıxmalı olan ancaq, illər keçməsinə baxmayaraq hələ də özü ilə aparacağı su qabını seçə bilməyən insana oxşayırıq. Hədəf isə dağa çıxmaqdır.
14 fevralı dünyanın əksər ölkələri sevgililər günü kimi qeyd edir. Məncə xüsusi bir gündə sevgililər günü keçirilməsi əslində bir natamamlıqdır. Axı sevginin günü yoxdu. Hətta bir azda qabağa gedək, sevginin saatı, sevginin dəqiqəsi, sevginin saniyəsi, sevginin anı yoxdu. Sevgi nəbzi bir anın necədə bir hissəsində belə kəsilsə zatən o sevgi deyilmiş. Bəzi vaxtlar ana uşağını açıqlana bilər, ancaq hətta bunun özü də sevginin büruzəsidir. Ola bilsin ki, səhv təzahürdür. Ancaq təməlində sevgi durur. Ananın övladına sevgisi anın yüzdə bir qədər də olsa qırılmır. Əsl sevgi də məhz budur.
Dediyim kimi, sevgililər gününü təyin etmək əslində natamamlıqdır. Demək kimlərinsə sevgi nəbzi zaman-zaman qırılır. Bu qırılmaları sığortalamaq üçün də qondarma gün təyin edir. Həmən gün sevdiyinə sevgi kompensasiyası ödəyir. Belə şəraitdə isə əsl sevgidən söhbət gedə bilməz. Bütün bunlar sevgi sözünün vicudi anlamına ləkə salmağa meyl edir. Ancaq sevgi o qədər müqəddəsdir ki, heç bir ləkəni götürmür.
Doğurdan da sevgi gözəl hissdir. Doğru məqsədlərimizi və məqsədə çatmaq üçün məqbul vasitələrimizi sevməyə dəyər. Özü də tək bir gün yox, ilin bütün saniyələrində...
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий