Bəzən sadə vətəndaşlar məsələləri özünə ziyalı deyən “məlumatlılardan” daha yaxşı analiz edə bilirlər. O gün maraqlı bir taksı sürücüsü sadə sözlərlə bizə sübut etdi ki, Lenin bütün ideyaları İslamdan götürüb. Məsələn, dayı iddia edir ki, islam gəlib dedi ki, hamı Allah qarşısında bərabərdir. Bu sözü Lenin İslamdan oğurlayıb dedi ki, hamımızın sosial bərabərliyi var. Və ya Lenin oxumaq barədə dediyi məşhur sözləri İslam peyğəmbərinin "Elm Çində də olsa, dalınca gedin" hədisindən götürüb. Bir sözlə, kommunizim boş şeydi, bizə lazım deyil. Çünki bizdə İslam var. İslamda da hər şey...
Bildiyiniz kimi, paytaxtımız olan “Badu-Kubə” İslam mədəniyyətinin paytaxtı olub. Əslində bu - bütün Azərbaycan müsəlmanlarını sevindirən bir xəbərdir. Küçədəki reklamlar, televizordakı şoular, məntiqsiz və maraqsız verilişlər, toylarımıza girmiş “ermənisayağı içki mədəniyyəti” paytaxtımızı İslam mədəniyyətinin paytaxtı olmağa qoymasa da, şəhərimizin buna haqqı çatdığına inanıram. Millətimizin uzun illərdir İslamda olması və hələ də məhərrəm-səfər əyyamını yaşatması, ziyarətlərə getməsi və s. kimi Allah bəyənən əməllər Bakımıza İslam mədəniyyətinin paytaxtı olmağa imkan verir. Əlbəttə ki, Bakı qədim bir müsəlman şəhəridi. Səhv eləmirəmsə, İçərişəhər şərqdə eyni həcmli ərazidə məscidlərin sıxlığına görə birinci yeri tutur. Üstəlik İmam Rzanın (ə) 2 bacısı - Həzrət Həkimənin (Bibi-Heybətdə) və Həzrət Rəhimənin (Nardaranda) müqəddəs hərəmləri bizim torpaqdadır.
İndi bəzi insanlar ola bilsin ki, paytaxtımızı İslam mədəniyyətinin mərkəzi kimi qəbul etməsin. Ancaq dediyim kimi, ümumilikdə Badu-Kubəmizin buna haqqı çatır, ancaq insanlarımız bu haqqı Bakımızın əlindən bir növ alır. Mən buna İslamı düzgün çatdırmamaq da deyərdim.
Gəlin nəzər salaq. İslam mədəniyyəti paytaxtının açılış günü qonaqlara Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş etdirildi. Yəqin Bakımız futbol mədəniyyətinin paytaxtı olsaydı, açılışda "Yeddi oğul istərəm" kinosunu göstərərdilər. Əgər kimsə burda çığallıq edib futbol ilə bu kinonun nə əlaqəsi olduğunu soruşsa, mən də suala İslam və balet sözlərini əlavə edib özünə qaytararam. Nə isə, keçək layihənin özünə.
Bu yaxınlarda keçirəcək tədbirlərin siyahısı da hazırlanıb. Orada çoxlu absurd və sual doğuran məqamlar var. Məsələn “Aşıq musiqisi antologiyası” kompakt-disklərinin təqdimatı və ya “Qadın portretləri” adlı foto-sərgi və ya uşaq rəqs kollektivlərinin respublika baxış-festivalı və daha nələr, nələr. Nəyə görə Füzulinin bədii gecəsi yox?! İslam elə musiqi antologiyalarından və uşaq rəqsindən və daha nə bilim nələrindən ibarətdir?
Nəyə görəsə planlaşdırılan tədbirlərin siyahısında bir dənə də olsun azərbaycanlı müsəlman elm adamımın adı çəkilmir. Alim yoxdur? - Var. Əlbəttə ki, var...
İslam mədəniyyətinin paytaxtıda Qurban və Ramazan bayramlarının da vəziyyəti maraqlıdı. Belə ki, tədbirlər planında cəmi bir gün Qurban bayramı və bir gün Ramazan bayramı keçiriləcək. Ramazan ayı boyunca isə heç bir İslamı ruhiyyəli tədbir yoxdur. Bir "Alovlu gecələr" adlı əbədi-musiqili axşamdır, bir də Zülfüqar Hacıbəyovun 125 illiyinə həsr olunmuş “Aşıq Qərib” tamaşası (bu da futbol və kino məsələsinə oxşayır).
Ümumiyyətlə, İslam mədəniyyəti altında təqdim olunan musiqilərdə də və kinolarda da heç bir islamilik yoxdu. İslam musiqisi altında Tofiq Quliyevin “Devuşki Baku” (Bakı qızları) və Oqtay Ağayevin “Qaytar eşqimi” mahnısı təqdim olunur. Təsəvvür edirsiniz?!
Kinolar isə "Bizim Cəbiş müəllim", "Yenilməz batalyon", "O qızı tapın", "İstintaq" və sair və sair bu kimi.
Mənim marağımı çəkən məqamlardan biri də 8 mart gününün təqdimatıdır. Belə ki, sən demə 8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günü imiş. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan edilib. Azərbaycan da müstəqillik əldə etdikdən sonra 8 Mart Beynəlxalq Qadınlar Gününü istirahət günü kimi qeyd edir. Bəs bu cümlələr içərisində İslam hanı?
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
P.S Əlbəttə bütün bu nöqsanlarda 70 illik Sovet virusunun rolu böyükdür. Ancaq indi İslamı tanımaq üçün daha azadıq. Gəlin dinimizi tanıyaq. Taksi sürücüsünün dediyi kimi, “Bizə ancaq Allah kömək edə bilər”.
Комментариев нет:
Отправить комментарий