воскресенье, марта 01, 2009

Sadə Zadədən əntiq məntiq

Bizim məmurzadələr təhsilin fundamentini qazana qədər, bizim Zadə dünya elminin damını qoydu

O gün dərsdə müəllimlərdən biri dedi ki, Afrikada yaşayanlara insan demək olmaz. Onlar olsa-olsa insancıqdır. Səbəbi də budur ki, Afrikanın ekvatorial meşələrində anadan olduqları üçün onların elmdən xəbərləri yoxdu. “Dahi” müəllimin dediyinə görə hansısa ölkə özündən aslı olan ya olmayan səbəbdən dünya elminə hər hansı töhfə vermirsə, orada insanlar yox, insancıqlar yaşayır.

Bir müəllimə baxdım, bir də ona bəh-bəhlə qulaq asıb razılıqlarını bildirən tələbələrə. Istədim durum deyim ki, müəllim siz də insancıqsınız? Axı Azərbaycanda dünya elminə heç bir töhfə verməyib. Və siz bu ölkədə yaşayırsınız. Nəticədə çıxır ki, siz....

Sonra fikirimdən yayındım. Çünki bu “dahi” mənə absurd məntiqə söykənən cavab verəcəkdi. Mənim də o qədər həvəsim yox idi ki, oturub ona Aristotelin məntiqindəki dəlalət bəhsini başa salım. Çünki həm “dahi” müəllim, həm də “dahi” müəllimin tələbələri məni başa düşmək istəməyəcəkdi.

Düzdür, biz dünyada tətbiq olunan heç bir vacib kəşf etməmişik. Burada da təəccüblü bir şey yoxdu. Dünya elminin dahiləri olan ölkələrə nəzər yetirsəniz, görərsiniz ki, onların təhsil sistemləri saz vəziyyətdədir. Onların universitetləri özləri tələbələr üzərində rəqabətə girir. Biri təqaüd verir, biri yataxana təklif edir və s.

Düzdü bizdə də rəqabət var. Amma bu rəqabət nə elmdə, nə də tələbələr arasındadır. Burada rəqiblər valideynlərdi. Kimin uşağı hara və neçə balla daxil olacaq. Kimin oğlu, kimin qızı kəsiləcək. Nəhayət universitetə daxil olan elmə həvəsi olmayan tələbə artıq valideyni qarşısında öz missiyasını yerinə yetirmiş hesab edilir.

Əlbəttə ki, bütün bunlara səbəb bizim təhsil sistemimiz və bu sistemin aparıcıları olan məmurzadələrdir.

O gün də Lütfi Zadə Bakıya gəlmişdi. Bu azərbaycanlının sözün həqiqi mənasında dünya elminə nəzəri və praktiki töhfələri danılmazdı. İndi bəlkə də bizim dahi Lütfi Zadəni misal çəkərək özünü insancıq saymayacaq. Deyəcək bizim dünya elminə çıxardacaq bir şeyimiz var. Xatırladım ki, Zadə Tehrandakı Amerika kollecində (Albroz kolleci) oxuyub, sonra isə Tehran Universitetində elektrotexnika ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib. 1944-cü ildə ABŞ-a köçüb və təhsilini davam etdirmək məqsədilə Massaçusets Texnologiya İnstitutuna ərizə verib. İki il sonra, həmin universiteti elektrotexnika ixtisası üzrə magistr kimi bitirib. Gördüyünüz ki, o, bizdən olsa da, bizim təhsil sistemimizdən «bəhrələnməyib». Yəni demək istəyirəm ki, əslində o bizim yetirməmiz deyil. Bu cür sistemlə qabağa getmək olmaz. Bizim sistemdə məqsəd elm yox, üzərinidə “diplom” sözü yazılan o karton vərəqəsini əldə etməkdir.

Yeri gəlmişkən keçmiş konstitusiya bayramınız da mübarək. Sizə riayət edilməyən çoxlu qanunları olan ölkənin vətəndaşi olmamağı arzulayıram.

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: