воскресенье, марта 01, 2009

Kəbə haqqında nə bilirik?

İslam dinin yarandığı ilk vaxtlarda yəhudilər Peyğəmbərə (s) qiblə ilə bağlı iradlar tuturdular və Beytul-Müqəddəsin Kəbədən üstün olduğunu söyləyirdilər.

«Ali-İmran» surəsində Allah bu haqda buyurur: Əgər Kəbə müsəlmanların qibləsi seçilibsə burada təəcüblü bir şey yoxdur. Çünki bu tövhidin ilk evidir və yer üzündə olan ən qədim məbəddir. Ondan qabaq heç bir yerdə Allaha pəstiş edən mərkəz olmayıb (yəni o ilk pərəstiş mərkəzi olub). O Ev, xalq üçün və bəşəriyyətin xeyrinə inşa edilmişdir və ictimaiyyətin mərkəzi və bərəkətli yerdir.

İslam tarixi və mənbələri də bizə xəbər verir ki, Kəbə Evi Adəm(ə) tərəfindən bina edilmişdir və Həzrəti Nuhun(ə) tufanında zədələnmiş və Həzrəti İbrahim Xəlil(ə) tərəfindən yenidən inşa edilmişdir. Bu Evə "beytulullah" (Allahın evi) də deyirlər.

Kəbə evinin ilk fəziləti onun qədimiliyi və uzunmüddət qalmasıdır. Və burada Həcərul-Əsvədin niyə ehtiram nişanəsi olmağı aydınlaşdıraq. Bəs bu daşın məxsusluğu nədədir?

Birincisi odur ki, bu daş çox qədim bir daşdır. Və Allaha ibadət yeri olan mərkəzlərdən birində tikinti materialı kimi istifadə olunmuşdur. Bilirik ki, yer üzərində olan bütün pərəstişgahlar, eləcə də Kəbə yenidən inşa edilmişdir. Və onun inşasında istifadə olunan materiallar dəyişmişdir. Ancaq həmin daş parçası min illər keçməsinə baxmayaraq, bu evin bir hissəsini təşkil edir. Ona görə də onun əhəmiyyəti Allah yolunda və insanlara xidmət yolunda qədimi olmasıdır.

Bundan başqa bu daş Allah qarşısında ibadət edən böyük peyğəmbərlərin, Allahın məxsus bəndələrinin xatirəsini canlandırır.

Kəbənin yerləşdiyi yerin adı Bəkkədir. Bəkkə izdiham və ictima mənasını verir. İmam Sadiqdən(ə) gələn hədisdə nəql olunur ki, Məkkə şəhərin adıdır və Bəkkə Kəbə evinin inşa edildiyi məhəllənin adıdır.

Peyğəmbərin (s) zamanından bəri nə qədər ki, müsəlmanların sayı artır, Kəbə Evinin də ziyarətçiləri artmağa başlayır. Məscidul-Həram da öz dövrünün xəlifələri tərəfindən genişləndirilirdi.

Əyyaşinin təfsirində nəql olunur ki, Abbasi xəlifəsi Mənsurun zamanında hacıların sayının artması ilə əlaqədar olaraq, xəlifə oranı genişləndirmək istəyirdi. Və Mənsur Kəbənin ətrafında olan evləri almaq istəyirdi, ancaq onların sahibləri öz evlərini tərk etmək istəmirdilər. Mənsur da bundan çox narahat olmuşdu. İnsanları zorla evlərindən çıxartmaq istəmirdi, çünki bu yaxşı nəticə verməzdi, o biri tərəfdən də onlar evlərini satmaq istəmirdilər. Bu haqda İmam Sadiqdən (ə) sual etdi. İmam ona buyurdu: «Bu haqda aydın dəlil vardır ki, onun köməyi ilə nəticə çıxara bilərsən». Soruşdu ki, hansı dəlil? İmam (ə) cavab verdi: «Allahın kitabı». Allah kəlamının hansısı? «Belə ki, Allah buyurur: «İnsanlar üçün tikilən ilk ev Kəbə Evi olub". Beləliklə əgər onlar Kəbə evindən əvvəl orada evlərini tikiblərsə, Kəbənin ətrafı onların malı olardı, ancaq Kəbə Evi əvvəl tikilibsə, bu Kəbəyə məxsus hərəm sayılır». Mənsur əmr etdi ki, onları çağırsınlar və o, bu sözləri onların hüzurunda dedi və camaat da cavab verə bilmədilər. Və nəhayət dedilər: Nə desən ona razı olarıq. Yenə həmin təfsirdə nəql olunur ki, buna oxşar hadisə Mehdi Abbasinin zamanında da təkrar olmuşdu. Və onlar da bu məsələyə cavabı İmam Musa ibni Cəfərin (ə) köməyi ilə tapmışdılar.

Kəbə evinin imtiyazları:

Kəbə evinin dörd imtiyazı qeyd olunur.

1-Mübarəkliyi.

«Mübarək» burada bərəkətli və faydalı mənasında gəlir. Kəbə ona görə bərəkətlidir ki, həm mənəvi və həm də maddi baxımdan dünyanın ən bərəkərli torpağında yerləşir. Bu yerin mənəvi bərəkətini həcc əməlində olan ilahi cazibədə, hərəkətlilikdə, vəhdətdə görmək olar. Burada hamı eyni cür geyinir və eyni İlaha ibadət edirlər və onun zahiri görünüşündən başqa, ruh və fələsəfəsi də bu yerin bərəkətindən danışır.

Maddi cəhətdən isə quru və susuz torpağı olan bu yer heç bir nöqteyi-nəzərdən yaşayış üçün münasib deyildir. Ancaq bu şəhər tarix boyunca abadlı, hərəkətli, yaşayış üçün hazır olan bir yer olmuşdur və burada ticarət də inkişaf etmişdi.

2- Kəbə dünyanı hidayət edən bir yerdir.

Kəbə dünyanı hidayət edən bir yerdir və uzaq və yaxın yerlərdə yaşayan insanlar dənizləri keçərək, səhraları geridə qoyaraq bura tələsirlər. Onlar Həzrəti İbrahimin (ə) zamanından bəri təşkil olunan həcc mərasiminə tələsirlər. Hətta cahil ərəblər belə Kəbəni əziz tuturdular və Həcc mərasimini Həzrəti İbrahimin(ə) mərasimi adı ilə həyata keçiridilər. Və həmin mərasim zamanı öz naqis işlərindən müvəqqəti əl çəkirdilər və beləliklə hətta bütpəsətlər belə bu evin bərəkətindən faydalanırdılar. Bu yerin cazibə qüvvəsi o qədər böyükdür ki, hamını ixtiyarsız olaraq, öz təsiri altına salır.

3-Allahpərəstiliyin aydın nişanələri.

Bu evdə Allahpərəstliyin, tövhidin və mənəviyyatın nişanələri gözə dəyir. Və tarix boyunca düşmələrin bir neçə dəfə buranı dağıtmaq cəhdləri bunun nişanələrindən biridir. Bundan başqa Həzərət İbrahim peyğəmbərdən(ə) qalan nişanələr, Zəm-zəm suyu, Səfa, Mərvə, Həcərül-Əsvəd, Hicri-İsmayıl kimi nişanələr hər biri tarix və əsrləri təcəssüm etdirir və böyük və cavidan xatirələrin aydın nişanəsini göstərir.

4-Kəbə təhlükəsiz bir yerdir.

Həzrəti İbrahim(ə) peyğəmbər Kəbə evini inşa edəndən sonra Məkkə şəhərinn əmin-amanlığını və təhlükəsizliyini Allahdan istəmişdi. "Ey Allah bu yeri amanda və təhlükəsiz qərar ver". Allah da Həzrəti İbrahimin(ə) duasını yerinə yetirdi və oranı əmin-aman və təhlükəsiz yer qərar verdi ki, həm ruhun aramlıq yeri və həm də cəmiyyətin əmin-aman və təhlükəsiz bir yeri olsun ki, ora gəlib ondan ilham alsınlar. Bu şəhər dini qanunlar əsasında da təhlükəsiz sayılır, çünki burada müharibə etmək qadağandır.

Beləliklə Kəbə evinin qədimiliyi, təhlükəsizliyi, bərəkəti bütün müsəlmanları buraya həcc mərasiminə gəlməyə, mənəvi rahatlığa, Həzrəti İbrahim(ə) peyğəmbərdən qalan mərasimləri başqa ölkələrdən olan din qardaşları ilə bir yerdə həyata keçirməyə sövq edir və ilhamlandırır. Və həcc hər bir imkanı olan müsəlman üçün vacib əməldir. Yaxınlaşan həcc mərasimində mömin bacı və qardaşlara səbr və iltimasi dua arzu edirik. Allah bu ilki hacılara həqiqi mənəvi səfər nəsib etsin. Amin!

Məşhədi Xanım,

«Dəyərlər»

Комментариев нет: