“Özünüzü unutmayın. Əgər doğru yolda olsanız, yolunu azanlar sizə heç bir zərər yetirə bilməzlər”( “Maidə”,105)
O gün metroda idim. Qatarda adam çox idi. Başımın üstündə uca boylu bir xanım dayanmışdı. Üzündə şirin, mehriban cizgilər yaratmaqla körpəmi güldürürdü. Birdən yanımdakı yer boşaldı və bu xanım mənim yanımda əyləşdi. O, bu səmimiyyəti davam etdirərək körpəm haqqında suallar verməyə başladı. Bir neçə sualdan sonra uşağın adını soruşdu. Dedim ki, adı Məryəmdir.
O, bu adı eşidəndə sanki, gözlərinə işıq gəldi, ürək döyüntüləri artdı. Mən bunu onun həyacanlanmağından hiss etdim. Sonsuz sevinc dolu nəzərlərini mənə dikib sözə başladı və mən də bu söhbəti inşallah ki, olduğu kimi təqdim etmək istəyirəm:
O: Nə, Məryəm? İsa məsihin anası Məryəm? Müqəddəs qadının adı?
Mən: Bəli.
O: Nə gözəl ad... Məryəm - qurtuluş deməkdir! Özünüz bilərəkdən Məryəm adı qoymusunuz?
Mən: Məgər siz onun haqqında oxumusunuz?
O: Bəli, oxumuşam. Siz də oxumusunuz?
Mən: Bəli, mən də oxumuşam.
O: İncildən?
Mən: Xeyr Qurani-Kərimdən!
O: Bilirsiz, Quranda az yazılıb, qısa yazılıb. Amma İncildə daha geniş yazılıb, onun həyatı bütün xırdalığınacan əhatə olunub.
Mən: Quranda İncildəkindən az olsa da, daha dəqiq və düzgündür. Çünki, İncil dəyişdirilib axı...
O: Məgər müqəddəs kitabı dəyişdirmək günah deyil?!
Mən: Günahdır. Amma dəyişdiriblər!
O: Kim dəyişdirib?
Mən: Nə bilim, yəqin kimlərəsə İncil olduğu kimi sərf etməyib, dəyişdiriblər.
O: Bunu sizə kim deyib?
Mən: Qurandan oxumuşam!
O: Quranda yazılıb ki,İncil dəyişdirilib?
Mən: Nəinki İncil, hətta Tövrat və Zəbur da! Məhz onları insanlar dəyişdirdiyinə görə Allah-Təala Quranı göndərib. İcərisində də bu kitabın hətta bir hərfinin belə dəyişdirilə bilinməyəcəyini yazib!
İnanın ki, söhbətin bu yerinəcən mən elə bilirdim ki, hicabsız, namazsız da olsa axırı ki, bir müsəlmanla söhbət edirəm. Amma sonra başa düşdüm ki, yox, bu qadın daha müsəlman deyil! Hansısa bir sektanın, missioner təşkilatının üzvü olub!
Doğrusu, bu hal mənə olduqca qəribə gəldi. Çünki, İslamdan dönmüş adam ilə birinci dəfə idi ki, din haqqında söhbət edirdim. Nə qədər çətin olsa da, çalışırdım ki, səmimiyyəti pozmayım. Çünki, bilirdim ki, hər bir insana həyatında deyilən hər hansı bir səmimi sözün olduqca böyük təsiri ola bilər. Və buna görə də üzümü ona tutub, qəlbimin ən dərinliyindən gələn həqiqi və pak bir səmimiyyətlə dedim:
- Ay xanım, deyəcəyim bu sözləri xahiş edirəm səmimi qəbul edəsiniz! Vallah bizim öz dinimiz çox gözəldir! Muhəmməd(s) ümməti olmaq dünyada hər bir şeydən daha üstündür!
Mən bu sözləri o qədər səmimi dedim ki, fikirləşdim ki, yəqin mənim bu sözlərim ona fövqaladi dərəcədə təsir edəcək, o dəqiqə “düz deyirsən qızım, mən niyə öz dinimdən dönmüşəm, öz dinim bütün dinlərdən daha gözəl, daha kamildir. Tövbə etdim“, deyəcək.
Ancaq harada... Onlar yoldan elə çıxarılmayıblar ki, belə asan şəkildə, özü də metroda öz inandıqlarından əl çəksinlər!
Birdən onun bayaqki mehriban simasına qeyri-adi bir görkəm gəldi. Sanki, o, özünü və öz “dinini” müdafiə edərcəsinə dilləndi:
-Düzdür, İslam gözəldir. Amma qurtuluş İsadadır! Görürsüz siz də İsanı çox sevirsiniz. . .
Mən: Düzdür mən Həzrət İsanı(ə) çox sevirəm. Ancaq Musanı, Süleymanı sevdiyim kimi!
O: Yox, ay qızım. Onlar axı torpaqdan yaranıblar! İsadan başqa bütün insanlar torpaqdan yaranıb. Bircə İsa Məsih Müqəddəs Ruhdan yaranıb. İsa qurtuluşdur!
Mən: Mən də sizə sual verirəm, omda bəs Həzrət Muhəmməd (s) niyə gəldi? Bilinən yalnız bir həqiqət var ki, hər şey yalnız Həzrət İsada bitsəydi, onda ondan sonra peyğəmbər gəlməməli idi. Amma gəldi...
Bu sözlərimdən sonra elə bil qadının cavabı qurtardı...
Mən: İncilin özündə yetərincə anlaşılmaz şeylər yazılıb. Məsələn, mən özüm bir dəfə oxumuşdum ki, Süleyman peyğəmbər (nəuzubillah!) səhərəcən Tanrı ilə güləşdi, axırda Süleyman peyğəmbər qalib gəldi!!
O: Siz nə danışırsınız, Tanrıya heç kəs qalib gələ bilməz. O, hamıdan güclüdür!
Araya bir-iki saniyəlik sükut çökdü. . . .
O: İsa qurtuluşdur, İsa şəfadır! Adəmdən bu yana olan bütün insanların günahlarına görə özünü fəda etdi, bizim günahlarımızı yudu, onu insanların günahları ucbatından çarmıxa çəkib, öldürdülər.
Mən: İslam deyir ki, o sağdır!
O : Hə də. . . çarmıxa çəkilib,öldürüləndən sonra dirilib.
Mən: O, heç öldürülməyib axı. . .
O: Bəs çarmıxa kim çəkilib?
Mən: Başqa birisi
O: Necə ola bilər?
Mən: Allahın qüdrəti ilə!
O: O,gələcək!
Mən: Bəli,mütləq gələcək! Özü də bilirsiniz kiminlə gələcək,12-ci imam Həzrət Mehdi (ə. f) ilə!
O: Bəs deyirlər Sahibzaman adlı bir kişi ilə gələcək?
Mən: İmam Mehdi Sahibəzzəmanın özüdür!
Elə bu vaxt qatar metronun “Qara Qarayev”stansiyasına çatdı. Qadın tələsik qalxıb, düşməyə hazırlaşdı. (Eşitdiyimə görə “Qara Qarayev” stansiyası ərazisində hansısa missioner təşkilatı yerləşir)
O: Sağ olun!
Mən: Siz də sağ olun!
O: Xilas olasınız!
Mən: Olmuşam!
Düşünmədən söylədiyim bu sözdə böyük həqiqət var idi. İnanın, nə qədər fikirləşsəydim də, belə bir cavabı yerində vermək ağlıma gəlməzdə. Bu cavab elə bil, məndən üstün bir qüvvədən gəldi!
Doğru söyləmişdim: mən və mənim milyonlarla müsəlman bacı və qardaşlarım doğrudan da xilas olmuşuq, qurtulmuşuq!
Ya Rəbbim, nə gözəldir hidayət olmaq, nə gözəldir Muhəmməd (s) ümməti olmaq, nə gözəldir Hüseynə əza saxlamaq, nə gözəldir Kərbəlanın eşq məktəbi...
İlahi, bizləri bu dünyadan həqiqi müsəlman kimi apar, necə ki, Həzrət İsanı (ə) bu dünyadan müsəlman kimi aparacaqsan! Amin, ya Rəbbəl-aləmin!
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий