воскресенье, марта 01, 2009

BIR YAS MƏCLISINDƏ

Bu günlərdə qohumlardan birinin yas məclisində oldum. Xeyr, burada qeyri-adi bir şey baş vermədi (ən azı bizim üçün). Sadəcə olaraq uşaqlıqda baxdığım bir filmə (xüsusən də Azərbaycan filminə) yenidən yeni gözlə baxdığım kimi, burada da baş verənlərə yeni gözlə baxırdım və məndə qalan dərin təəssüratlarla sizinlə bölüşmək istəyirəm.

Qonaqlar təyin olunmuş vaxt üçün bu növ məclislərin həmişə keçirildiyi xeyir-şər evinin həyətində artıq dəstə-dəstə yığışmışdılar. Hər kəs qohumlar içində olan cevrəsinin dairəsində bir-biri ilə söhbət edirdi. Bu vaxt qonaqlar içəri dəvət olunur və beləcə dəstə-dəstə qonaqlar keçib əyləşirlər və məclis başlayır. Başda oturan cavan molla nəsə danışırdı, ancaq zalın genişliyindən və səs-küyün çoxluğundan nə dediyi anlaşılmırdı, deyəsən elə molla özü də öz səsini eşidmirdi. Nəyə görə belə hallarda heç kimin ağlına mikrofon qoymaq gəlmədiyi hələ də mənim üçün qaranlıq qalır.

Hər dəfə dinin təbliğatçısı olmalı olan mollaya baxanda həyatımda xoşlanmadığım, amma yerinə yetirmək zorunda olduğum işlər yadıma düşürdü. Məclisdə tamam başqa ab-hava var idi. Görünür rəhmətliyin vəfatından artıq 40 gün keçdiyindən və ya hər hansı başqa səbəbdən idi bilmirəm, amma rəhmətlik gənc olmasına baxmayaraq, heç xatırlanmadı, hər kəs öz aləmində idi.

Bir az keçmişdi, hiss olundu ki, Quran oxunmağa başladı. Camaatımızın öyrəşdiyi həmişəki molla öz sorğu-sualını verməyə Haqq dərgahına getdiyindən, yeni mollanın Quran oxuması bəzilərini artıq səbirsizləndirirdi. Bu məqamda əvvəlki, yola verən molla rəhmətlə xatırlandı. Ancaq məni dəhşətə gətirən hadisə hələ baş verməmişdi. Nə idi bu? Əsas məclisin sonunda, getməyə hazırlaşdığımız bir vaxtda təsadüfən, dindar kimi tanınan qohumlardan biri ilə eyni dairədə olduq. Məsələlərdən agah olan və keçmişdə musiqi ilə məşğul olmuş əmim oğlu bu dindar qohuma dinin musiqiyə münasibəti barədə sual verdi. Dindar kimi tanınan qohum musiqilərin bir hissəsini, o cümlədən muğamı – haram, bir hissəsini də, bir-iki istisna olmaqla, şirk elan etdi. Dediklərinin tərəfimizdən təsdiqini tapmadığını görən dindar qohum məndən müzakirə üçün bir az qalmağımı xahiş etdi. Mən də hələ də qohumun yeni əldəqayırma “məzhəblərdən” olmadığını düşünərək və qəlbini qırmaq istəmədiyimdəm qaldım və məclisə geri qayıtdım. Qayıtmaz olaydım. Nə isə.

Qohum dönüb mənə “İslam dininin” nəzərlərini izah etməyə başladı. Məlum oldu ki, qohumumun bulaşdığı “əqidə” Imam Hüseynin (ə) Aşura məktəbini aradan aparmağı özünə məqsəd qoyub və işi-gücü müsəlmanlar içində düşmən axtarmaqdır. Hətta İmam Mehdinin (ə.f) zühurunu, gəlib Əhli-beyt (ə) məktəbinə mənsub olanların səhv yolda olduğunu deyəcəyi ümidi ilə gözlədiklərini biləndə, daha deyiləcək bir söz tapmadım. Bu məqamda içimdə İmamın (ə.f) zühurunun həsrəti sızıltısı yeniləndi. Bir də baxdıq ki, ətrafımızda olanlar bizə tamaşa edir, üstəlik qohumlardan birinin gəlib “bax, siz iki dindara baxıb mən din haqda nə fikirləşim?” deməsi məndə dərin peşmançılıq hisslərini doğurmuşdu. Daxilimdə qalan böyük narahatçılıq hissi, bu gün bu məclisdə gördüklərimin ölkəmizdəki ümumi vəziyyətin kiçik bir modeli olduğunu düşünəndə bir az da artdı. Vəziyyətin bu yerdə olmağının, dini savadsızlığın bu səviyyədə olmağının səbəbləri haqda düşüncələr məndə bəzi suallar doğurmuşdu: kimdir günahkar? Bəlkə dinin təbliğatına əngəllər törədənlər? Bəlkə din adından danışan “mollalar”? Bəlkə camaatı çaşdıran sapdırıcı “əqidələr”? Bəlkə insanların özləri? Bəlkə müəyyən məlumatı olanların passivliyi? Bəlkə… bəlkə… bəlkə…? Bu suallar zehnimi məşğul edərkən “nəyə görə jurnalistika məktəbində oxumaq istəyirsən?” sualını aldım. Müxtəlif tribunalardan batil cəbhəsinin ağzına gələni danışdığını görüb bu mövzunun əhəmiyyətini özüm də daha yaxşı başa düşməyə başladım.

Allah bizləri üzərinə düşən vəzifələri yerinə yetirməyə səy edənlərdən eləsin, inşəallah!

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: