воскресенье, марта 01, 2009

Məkkə müşriklərinin Həzrət Peyğəmbərlə (s) əsas problemləri nə idi? (1-ci hissə)

Həm tarixdən, həm də hədislərdən bizə məlumdur ki, İslam Peyğəmbəri (s) hələ peyğəmbərliyindən əvvəlki dövrlərdə Məkədə ən inanılan, ən hörmətli, ən güvənilən bir adam idi. Onu Məkkə əhalisinin gözündə uca edən bir çox hadisə və gördüyü işlər, o cümlədən, “Qara daş”ın yerinə qoyulması hadisəsi və bu kimi işlər az deyildi.

Məhşur tarixçi Təbəri ibni Abbasdan rəvayət edir ki, bir gün Peyğəmbər (s) Səfa dağına gedərkən qüreyşliləri yanına çağırıb belə demişdi: “Əgər mən sizə desəm ki, düşmən sizə basqın edəcək, mənim sözümə inanarsızmı?”. Dedilər? “Bəli”. buyurdu: “Mən sizi böyük bir əzabdan xəbərdar etmək istəyirəm.

İbni Hişam yazır: “Peyğəmbər (s) qureyşliləri Allaha ibadət etməyə dəvət etdikdə ona e’tiraz etmədilər. Onların bütlərinə tənə etdikdən sonra düşmənçilik meydana çıxdı”.

Qurani-Kərim bu düşmənçiliyə işarə edərək buyurur: “Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-birinə) “Sizin tanrılarınıza tə’nə edən budurmu?” deyərlər. Halbuki, onlar Rəhman Allahın öyüd-nəshiətini (Quranı) inkar edirlər”.(“Ənbiya”, 36)

Müsəlmanların sayı günbəgün artdıqca Qureyş başçılarının nigarançılığı daha da çoxalırdı. Onlar Əbu Talibin yanına gedərək ondan qardaşı oğlunun başladığı bu də’vətin qarşısını almağını istədilər. Hətta bir gün ona dedilər ki, Həzrət Muhəmmədi (s) bizə təslim et, biz də onun əvəzində Əmmarə ibni Vəlidi sizə verək (onların nəzərində bu şəxs ağıllı bir cavan idi). Əbu Talib dedi: “Balamı sizə verim ki, öldurəsiniz, əvəzində sizin övladınızı böyüdüm? Çox ağır təklifdir”.

Diqqət yetirmək lazımdır, görəsən bəzi insanlar nəyə görə Peyğəmbərin (s) əleyhinə idilər? Demək olar ki, Əmr ibni Hişam (Əbu Cəhl), Əbu Süfyan ibni Hərb, Vəlid ibni Muğəyrə ərəblərin bütlərinə və onları düzəldən sənətkarlara ehtiram bəsləyirdilər. Peyğəmbərin (s) də rəis olmasından qorxuları yox idi, çünki onlar o Həzrətin rəhbərliyini qəbul etməyə razı idilər. Allahın Rəsulu (s) özü barəsində belə deyirdi: Mən Allah tərəfindən göndərilmişəm ki, sizi zülmətdən, nadanlıqdan düzgün və aydın dinə tərf çıxaram. Nə böyüklük, nə də hakimiyyət iddiasında idi; əgər belə bir şey istəsəydi dərhal yerinə yetirər və bütün əmrlərini yerinə yetirərdilər.

Burada mühüm bir sual meydana çıxır nəyə görə onlar Peyğəmbərin (s) dəvətini qəbul etmirdilər?

Mümkündür deyək ki, onlar ulu əcdadlarının dinindən əl çəkib yeni dini qəbul etməkdə çətinlik çəkirdilər.

Belə bir fərziyyəni qapalı mühitdə yaşayan və elə oradaca dünyadan köçən, xarici mühitlə heç bir əlaqəsi olmayan əhaliyə bəlkə də şamil etmək olar, ancaq dünya görmüş, Ərəbistan yarmadasından xaric olan mühitlə əlaqəsi olan əlaqəsi olan adam barəsində necə?!

Hədəfi mal-dövlət toplamaq olan və bu yolda hər bir şeyə hazır olan şəxs üçün heç bir fərqi yoxdur ki, xalq günəşə ibadət etsin ya aya, yaxud Allaha və ya istər Kəbə evinin başına dolansınlar və ya Lat və Uzzaya ehtiram etsinlər.

Deməli bu lovğalar bütlərin və bütxanaların dağılmasından qorxmurdular, çünki əslində onların heç bütə də etiqadları yox idi. Bütpərəstlik onların nadan xalqa hakimiyyət etmək üçün bir alətə çevrilmişdi. Bəs nədən qorxurdular? Əgər Peyğəmbərin (s) də’vəti yalnız “La ilahə illəlləh” kəlməsi deməklə sona yetirdisə, bunlar nədən qorxurdular?! Məkkənin fəthindən sonrakı nəsillərin gördüyü işi niyə yerinə yetirmirdilər? Dildə dedidlər ki, Allah təkdir, sən Onun Peyğəmbərisən, ancaq gizlində yenə dindən öz mənfəətləri üçün istifadə etdilər.

Burada gərək çox tələsməyək. Düzdür, ilk günlərdə Peyğəmbər (s) onlardan Allahın təkliyini təsdiq etmələrini istəyirdi, ancaq bunun ardınca digər ayələr nazil olurdu. Lovğaları qorxudan və gələcəkləri barədə təşvişə salan o ayələr idi. Şübhəsiz ki, siz Qurani-kərimin 29-30-cu cüzündə yerləşmiş Məkkədə nazil olan o ayələri dəfələrlə oxumusunuz. İcazə verin o ayələrdən bəzilərini nəzərinizə çatdırıb onların mahiyyətinə diqqət yetirək:

“O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar). Və elə zənn edər ki mal-dövləti onu əbədi yaşadacaqdır. Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O, mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır! Bilirsənmi Hütəmə nədir? O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb, yaxar”. (“Əl-Huməzə”, 2-7)



“Vay halına çəkidə, ölçüdə aldadanların! O kəslər ki, xalqdan bir şey aldıqları zaman onu tam ölçüb alar. Xalq üçün bir şey ölçdükdə və ya çəkdikdə onu əsgildər. Məgər onlar (öldükdən sonra) diriləcəklərini düşünmürlər? Özü də dəhşətli bir gündə?! (Ya Peyğəmbər) Məni öz yaratdığım kimsə ilə tək burax! (Vəlid ibni Müğəyrə kimi kafirlərin cəzasını yalnız Mənə tapşır!). Mən ona bollu mal-dövlət əta etdim; Yanında hazır duran oğullar verdim (verdim); Ona (hər şeyi) artıqlamasıyla müyəssər etdim. (Sərvət və mənsəbi ayağının altına döşədim). (Bütün bunlardan) sonra yenə də (var-dövlətini) artırmağımı istəyir. Xeyr (bu ola bilməz). Çünki o, ayələrimizə qarşı inadkar oldu”. (“Müddəsir” 11-16)

“(Allah dərgahından belə bir nida gələcəkdir:) “Onu tutub qandallayın! Sonra da Cəhənnəmə atın! Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın! Çünki o, böyük olan Allaha inanmırdı. O, (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmir, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı”. (“Haqqə”,30-34).

“Lakin o, əqəbəni (sərt yoxuşu, maneəni) keçə bilmədi (özünə verilən bu qədər nemətlərə şükr etmədi). (Ya Peyğəmbər!) Bilirsənmi, əqəbə nədir?! O, bir kölə azad etməkdir; Yaxud ağalıq zamanı (günündə) yemək verməkdir - qohumluq əlaqəsi çatan bir yetimə. Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə!” (“Əl-Bələd”, 11-16).

“Elə isə yetimə zülm etmə! Dilənçini də (qapıdan) qovma!” (“Əz-Zuha”, 9-10)

“(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum. Ora ancaq azğın kafir daxil olar. O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər! Allahdan qorxub pis əməllərdən çəkinərsə, ondan uzaqlaşdırarlar (nicat tapar). O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər”. (“Əl-Leyl”, 14-18).

Qüreyşin dövlətliləri və sələmə pul verənləri bu xəbərdaredici və ürək titrədən sözləri asanlıqla qəbul edə bilmirdilər. Sələmdən əldə olunan gəlirdən əl çəkmək, qul azad etmək, yetim malına toxunmamaq, əlsiz-ayaqsız (zəif) qohumlara nəvaziş etmək, başqaları müqabilində lovğalıq etməmək, özündən aşağı təbəqə ilə bir yerdə əyləşmək və sair bu kimi dünyəvi məziyyətlərdən əl çəkmək onlar üçün çox ağır idi. Bu ayələri eşitdikdə onların ürəkləri parçalanırdı və o ayələri nə özlərinin, nə də başqalarının eşitməsini istəmirdilər.

(ardı var)

Tural Ağamirzəzadə
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: