Şəkk yoxdur ki, hesaba çəkilmənin və cəza vermənin ilk şərti ağıl və şüur və onun ardınca da məsuliyyətdir. Bu əqidənin tərəfdarları, əllərində faktlar olduğunu iddia edirlər ki, heyvanların da özlərinə görə dərk etmə qabiliyyətləri vardır. Belə ki, heyvanların həyatı müəyyən nizam ilə davam edir ki, bu da onların bu işi şüurla həyata keçirmələrinə misal ola bilər. Bir çoxlarımız qarışqaların və arıların necə nizamla qida topladığının şahidi olmuş və buna afərin demişik. Bəziləri bütün bunların instinktiv edildiyini söyləyirlər. Ancaq onların da əllərində heç bir sübut yoxdur ki, heyvanların hərəkətləri ağlın iştirakı olmadan həyata keçirilir.
Nə mane ola bilər ki, onlar da hərəkətlərini ağılla etsinlər?! Çox hallar olur ki, heyvanlar təcrübəsi omayan şeylərə, yəni onlar üçün təzə sayılan hadisələrə yeni reaksiyalar göstərirlər. Məsələn quzu ki, ömründə canavar görməyib, onunla ilk dəfə rastlaşanda onun xətərli düşmən olduğunu bilir və hər vasitə ilə ondan qaçmağa çalışır.
Bundan başqa heyvanların öz sahiblərinə isinişməyi bu mövzuya daha bir misaldır. Vəhşi itlərin çoxu öz sahiblərilə və hətta onların kiçik övladlarıyla belə mehriban rəftar edirlər.
Biz bir çox kitablardan heyvanların vəfalı olması haqda və necə insanların xidmətində durduqları haqda çox oxumuşuq. Və hətta bu kitablarda yazılanların çoxu da əfsanə deyildir.
Burada aydın olur ki, bütün bunları instinktdən bilmək olmaz. Çünki instinkt adətən eyni növlü işləri görməyə şamil edilir. Amma o hərəkətlər ki, qabaqcadan onun başına gəlməyib və heyvanların buna göstərdikləri əksül-əməl onun daha çox şüura yaxın olduğunu göstərir.
Yayılmış haldır ki, heyvanları müəyyən məqsədləri həyata keçirmək üçün tərbiyə edirlər. Polis itləri cinayətkarları tutmaq üçün, göyərçinlər məktubları çatdırmaq üçün, ovçu heyvanları şikar etmək üçün. Bütün bunlar onlar üçün ağır vəzifələrdir, ancaq onlar bu vəzifələrin öhdəsindən müvəfəqiyyətlə gəlirlər.
Bundan başqa Quranda gələn bəzi ayələrdən belə başa düşmək olur ki, onlar da dərk etmə qabiliyyətinə malikdirlər. Məsələn: qarışqaların Həzrəti Süleymanın (ə) ordusunun qarşısından keçməkləri, quşun Səba və Yəməndən gətirdiyi xəbərləri Həzrəti Süleymana (ə) söyləməsi kimi.
İslam hədislərində də heyvanların yenidən dirçəlməsi haqda bir çox hədislər gəlmişdir, onlardan bəzilərinə nəzər salaq.
Əbuzərdən nəql olunur, o deyir: Biz peyğəmbərin (s) xidmətində idik və bizim qarşımızda iki keçi bir-birilə buynuzlaşmağa başladılar. Peyğəmbər (s) buyurdu: «Bilirsiniz onlar niyə buynuzlaşdılar?» Orada olanlar dedilər ki, yox. Peyğəmbər (s) buyurdu: «Ancaq Allah bilir niyə. Və tezliklə onları mühakimə edəcəkdir».
Əhli-təsənnün mənbələrindən gələn başqa hədisdə Peyğəmbərdən (s) nəql olunur ki, "Allah bütün bu insanları Qiyamət günü dirçəldəcək və bəzilərinin qisasını bəzilərindən alacaqdır, hətta heyvanların qisasını belə, onlar ki, buynuzları olmadığı halda başqa buynuzlu heyvan tərəfindən heç bir səbəb olmadan vurulmuşdur".
Görəsən onlar yenidən diriləcəklərsə, boyunlarına təklif (vəzifə) də düşür, yoxsa yox?
Görəsən bu heyvanların boyunlarına təklif düşdüyünü qəbul edə bilərikmi? Belə ki, təklifin şərtləndən biri ağıldır, ona görə də uşaq və dəli təklifdən azaddırlar. Görəsən heyvanlar da həmin ağıla sahibdirlər? Görəsən inana bilərikmi ki, bir heyvanın ağılı kiçik uşağın və ya dəlininkindən çoxdur? Əgər qəbul etsək ki, onların bu cür dərrakələri yoxdur, bəs necə mümkündür ki, onların boynuna təklif düşsün?!
Bütün bu suallara cavab olaraq deməliyik ki, təklifin də mərhələləri vardır və hər mərhələnin özünəməxsus idrakı olmalıdır. İslam qanunlarında göstərilən çox sayda göstərişlər ali dərəcədə ağıla və dərk etmə qabiliyyətinə malik bir insan üçün nəzərdə tutulmuşdur. Biz heç vaxt bunun kimi göstərişləri heyvanlardan gözləyə bilmərik. Çünki onun şərtləri heyvanlarda yoxdur. Ancaq bu göstərişlərin aşağı mərhələsi vardır ki, şüur onun üçün kafidir. Hətta uşaqlar və dəlilər belə bəzi məsələləri başa düşürlər və bunu inkar etmək çətindir. Məsələn 12 yaşlı bir yeniyetmə ki, həddi-buluğa çatmayıb, ancaq mövzuları oxuyur, dərk edir və başa düşür. Əgər o bilərəkdən özünə qəsd edərsə, halbuki bunun ziyanları haqqında məlumatı vardır, demək olarmı ki, o heç bir günah işlətməyib?! Dünyada da çox vaxtı elə hadisələr baş verir ki, qanunlar da bu uşaqları cəzalandırırlar.
Beləliklə həddi-buluğa çatmaq və ağıl təklifin şərtlərindəndir, bu ali mərhələdir. Ancaq aşagı mərhələdə isə kiçik günahları işləmək onların ancaq öz dərk etmə səviyyəsindədir və burada həddi-buluğa çatmağı və ağlı əsas götürmək olmaz.
Və bu mərhələlərə diqqət etsək, heyvanların da ağıl məsələsi həll olmuş olar. Heyvanların yəqin ki, şüurları yerli-dibli olmasa idi, Allaha ibadət etməzdilər və həyatdakı bu nizam-intizama malik olmazdılar. Hətta bitkilərin belə Allaha itaət etdikləri hədislərimizdən məlumdur. Onlar da öz dillərində "La İlahə İlləlallah" kəlməsini gündə bir neçə dəfə deyirlər, bəs biz ki, ali şüura malikik niyə bunu biz də etməyək? Allahım, cəmi bəşəriyyətə ağıl və mükəlləfiyyət nemətinin böyüklüyünü anlamağı nəsib et! Amin!
«Dəyərlər»
Комментариев нет:
Отправить комментарий