воскресенье, марта 01, 2009

Sehr nədir və nə vaxt yaranmışdır?

Sehr nədir və hansı tarixdən yaranması haqqında çox bəhslər olmuşdu. Bunu demək olar ki, sehr çox qədim zamanlardan insanlar arasında meydana gəlmişdir. Ancaq onun dəqiq tarixi əlimizdə yoxdur və onu da dəqiq demək mümkün deyildir ki, cadugərlik ilk dəfə kim tərəfindən yaradılmışdır.

Ancaq sehrin məna və həqiqəti haqqında demək olar ki, sehr qeyri-adi bir əməldir ki, insanda öz təsirini qoyur. Bəzən gözbağlıca və hoqqabazlıq kimi olur və bəzən də psixoloji və xəyali təsir bağışlayır.

Sehr Quranda üç mənada gəlmişdir:

1- O xəyallar ki, həqiqətdən uzaqdır, hoqqabazlıq kimi.

2- Şeytanların məxsusi yollardan cəlb edilib onlardan kömək istəmək.

3- Başqa mənası hamının təxmin etdiyidir və o da bəzi vasitələrlə mövcudatların şəklini və mahiyyətini dəyişdirməkdir. Məsələn: İnsanı sehrin vasitəsilə heyvana çevirmək. Bütün bunlar bir növ xəyaldır və həqiqət deyildir.

Sehr haqqında Quranın «Taha», «Şüəra», «Yunis», «Əraf» və başqa surələrində təxminən 51 dəfə məlumat verilmişdir və onların bəziləri Musa(ə), İsa(ə), bəziləri Həzrət Muhəmməd (s) haqqında gəlmişdir və bütün bunlardan belə nəticəyə gələ bilərik ki, sehr Quranın nəzərincə iki yerə bölünür:

1- O sehrlər ki, hoqqabazlıq, gözbağlıca, aldadıcı məqsədlər üçündür və bu sehrlər həqiqətdən uzaqdırlar. «Taha» surəsinin 66-cı ayəsində Allah buyurur: "Onların sehri nəticəsində Musaya elə gəldi ki, onların kəndirləri və çəlikləri çabalayır". «Əraf» surəsinin 116-cı ayəsində buyurur: "Adamların gözlərini sehirləyib onları qorxutdular və böyük bir sehr göstərdilər."

Bu ayələrdən məlum olur ki, sehr həqiqətə yaxın deyildir ki, əşyaya təsir etsin, əksinə bütün bunlar sehirbazların fokuslarıdır ki, bunun vasitəsilə tamaşaçıların gözlərini bağlayırlar.

2- Quranın bəzi ayələrindən isə belə nəticəyə gəlmək olur ki, sehrlərin bəzi növləri doğurdan da təsir qoyandırlar. «Bəqərə» surəsinin 102-ci ayəsində Allah buyurur: "Amma onlar o iki mələkdən (Harut və Marut) bir şeylər öyrənirdilər ki, onunla ərlə-arvad arasına ayrılıq salsınlar".

Görəsən sehr təkcə psixologiyaya təsir göstərir, onun cismə təsiri mümkündürmü? Bəzi təfsirçilər onun ancaq psixoloji təsir göstərdiyini söyləyirlər.

Bundan başqa onu da qeyd etmək lazımdır ki, sehirbazların çoxu kimyəvi maddələrdən istifadə edərdilər.

Məsələn Musanın(ə) zamanındakı sehirbazlar haqqında tarixdə oxuyuruq ki, onlar əsalarının içini müəyyən kimyəvi maddələrlə (civə) doldururdular və günəş batandan sonra əsanın altında yerləşdirdiyi istilik verən bir vasitə ilə onu hərəkətə gətirərdilər və tamaşaçılar da fikirlərşirdilər ki, onlar diriliblər.

İslam fəqihləri sehr etməyi və cadu ilə məşğul olmağı haram sayırlar.

İslami mətnlərdən bizə çatan hədisə nəzər salaq. Həzrət Əli (ə) buyurur: "O kəs ki, sehr öyrənsə, az və ya çox kafir olmuşdur və onun Allah ilə rabitəsi tamamilə kəsilmişdir".

Bizim dövrümüzdə də qədimdə istifadə olunan kimyəvi maddələrdən istifadə etməklə fokuslar göstərirlər. Bundan başqa hipnotizm, telepatiya da sehrin bir qolu hesab edilir. Qısası demək olar ki, sehrin mənası genişdir.

Bunu da deyək ki, insan iradəsinin gücünün genişliyi son zamanlar sübut olunmuşdur. Və müəyyən çalışmalar nəticəsində insanlara və mövcudatlara təsir göstərmək olar.

Bu da maraqlıdır ki, bu çalışmalar iki cür ola bilər . Belə ki, şəri cəhətdən icazə verilən çalışmalar pak nəfsi gücləndirər, qeyri-şəri çalışmalar isə şeytani qüvvələri gücləndirər. Və hər ikisinin qeyri-adi nəticələri ola bilər ki, birincisindəki müsbət, yaradıcı, ikincisində isə dağıdıcı olar.

Bir sözlə sehrlə və cadu ilə məşğul olmaq Allahın bəyənmədiyi əməllərdən sayılır. Uca Allahdan insanlara bu işlərdən uzq olma tofiqatını nəsib etməsini diləyirik.Amin!!!

Məşhədi Xanım

«Dəyərlər»

Комментариев нет: