Bu yaxınlarda Bakı şəhəri təntənəli olaraq İslam mədəniyyəti paytaxtı seçildi. Hər yerdə bunu bildirən plakatlar asılıb. Həqiqətən paytaxtımız vaxt olub ki, sözün həqiqi mənasında bu ada layiq olub. Belə ki, Azərbaycan da digər islam dövlətləri və millətləri kimi İslam mədəniyyətinə öz töhfələrini verib. Elm, incəsənət, memarlıq, ədəbiyyat və s.sahələrdə. Nəsrəddin Tusi, Nizami, Şeyx Şəhabəddin Sührəvərdi, Füzuli və ilaxır şəxslərin timsalında.
Mədəniyyət özü dəyişən, təkmilləşən tarixi kateqoriyadır. Buna görə də mədəniyyət də başqa ictimai hadisələr kimi inkişaf edir, get-gedə şaxələnir, yeni-yeni nailiyyətlər qazanır. Xüsusilə qloballaşan dünyada mədəniyyətlər bir-birinə yaxınlaşır, inteqrasiya edir. Bu qloballaşma əsrində yer üzündə İslama marağın artması, ona etiqad edənlərin kəmiyyətcə çoxalması, Azərbaycan xalqının da öz doğma dininə yeni tərzdə yanaşması – zamanın tələbinə çevrildi.
Bakının İslam mədəniyyəti paytaxtı seçilməsi fövqəladə böyük bir hadisədir. Çünki İslam mədəniyyəti digər mədəniyyətlərdən üstün mövqedə durur. Misal olaraq Qərb və İslam mədəniyyətlərini götürək. Bu böyük və kəskin fərqi qeyri-müsəlman alimləri öz əsərlərində xüsusilə qeyd ediblər. Qustav Lebon adlı bir fransız ziyalısı yazmışdır: ”Avropa məktəbləri beş əsr müddətində müsəlman alimlərinin kitabları ilə təmin olunurdu. Avropanı elm və əxlaqla tərbiyələndirib mədəniyyət cərgəsinə daxil edən də onlar idi. Müsəlmanların Avropa xristianlarını cəhalət girdabından xilas etdiklərini bəziləri etiraf etməyə çəkinirlər”.
Maks Mirkof İslam sivilizasiyasının əzəməti haqqında yazır: ”Şərq elmləri - İslam alimlərinin əsərlərinin tərcümələri – rəhmət yağışı kimi Avropanın quru və susuz çöllərinə yağaraq məhsuldar etdi”.
Bu xidmətlərdə Azərbaycanın da müəyyən rolu olmuşdur və malik olduğu islam mədəniyyətini dünyaya nümayiş etdirmək üçün fürsət əldə etmişdir.
Dünya sivilizasiyasında Azərbaycanın islam kimliyi və mədəniyyəti ilə tanınmasının zəruriliyini hələ ötən əsrin əvvəllərində ADR başçısı M.Ə.Rəsulzadə söyləmişdir. İslami dəyərlərin təzahürü dövlətçilik ənənələrindən başlayaraq cəmiyyətin bütün sahələrinə, xüsusilə mədəniyyətə doğru geniş nüfuz etdi. İslami təzahürlərin ən parlaq təntənəsi dövlətçiliyi təmsil edən atributlarda: bayraq, gerb, himndə özünəməxsus layiqli yer tutması idi. Bayraqda yaşıl rəngin İslamın rəmzi olması, gerbdə məşəlin alov hissəciklərindən Allah kəlməsinin yazılışı - bu təzahürlərdəndir. Azərbaycanda yaşamış mütərəqqi fikirli Axund Yusif Talıbzadə, Axund Əbuturab, Hüseyn Əfəndi Qayıbov, Səid Ünsüzadə, Məhəmmədkərim ağa Mircəfərzadə və b. xalqın mədəni dirçəlişi naminə böyük işlər görmüşlər.
Yaşadığımız əsr müsəlmanların oyanış əsridir. Müsəlmanları Allah yolunda sabitqədəm edəcək bir əsas amil var, o da vəhdətdir. Ümid edək ki, İslam mədəniyyətinin paytaxtı olaraq Bakının seçilməsi bu vəhdətə doğru atılmış bir addım və bu adı doğrultmaq üçün bir vasitə olacaq.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий