Bu kəlmə gün ərzində çoxumuzun evində rast gəldiyimiz kəlmədir. Suyu israf etmə, işığı israf etmə. Axı nə üçün israf etmək olmaz. İsraf sözünün İslamda özünəməxsus mənası vardır ki, o da insanın öz malını məntiqsiz surətdə istifadə etməsidir.
Başqa cür desək israf o deməkdir ki, malı lazımsız məqsədlər üçün istifadə etməyəsən, hətta əgər az olsa belə. Ancaq əgər malı lazımı yerə istifadə etsən, hətta əgər çox olsa belə, bu israf sayılmaz.
Belə ki, İmam Sadiq(ə) buyurur: «O kəs ki, Allah əmrinə itaətsizlik yolunda malını dağıtsa, bu israf olar və o kəs ki, Allah yolunda malını dağıtsa, o kəs təmkin sahibidir».
Həmin Həzrətdən(ə) yenə nəql olunur ki, hamı üçün xurma gətirməsini istədi və orada olanların bəziləri xurmanı yerir və çərdyini də uzağa atırdılar, bu zaman o həzrət buyurdu: "Bu işi görməyin ki, israfdır və Allah fəsadı sevmir".
Hədislərdə bu məsələyə çox diqqət olunubdur. Başqa hədislərdə oxuyuruq ki, Peyğəmbər(s) yoldan keçirmiş və onun tərəfdarlarından biri dəstəmaz almaqla məşğul imiş və suyu çox yerə tökürmüş. O Həzrət buyurub: «Ey Səyid, niyə israf edirsən?!». O cavab verdi: «Dəstəmaz suyunu da israf etmək olur?». «Bəli hətta əgər bulaq başında olsan belə».
«İsra» surəsinin 27-ci ayəsində Allah buyurur: "Həqiqətən, israfkarlar şeytanların qardaşlarıdırlar. Şeytan isə Allah nemətlərinin nankorudur."
Şeytanın Allah nemətlərinin nankoru olması aydındır. Çünki Allah ona fövqəladə istedad, güc və qüdrət vermişdi və o isə bunları insanları yollarından azdırmaqda istifadə etmişdi.
Ancaq israfçıların lənətlik şeytanın qardaşı olması ona görədir ki, onlar da Allah nemətlərinin nankorlarıdırlar, çünki mallarını lazımı yerlərə istifadə etmirlər.
Şəksiz deyə bilərik ki, Yer kürəsindəki nemətlər onun sakinləri üçün kifayətdir. Ancaq bir şərtlə ki, lazımsız yerə hədər olmasın. Çünki bu nemətlər məhduddurlar, onlardan düzgün istifadə olunmasa ziyan görə bilər.
Belə ki, bir məntəqənin nemətlərdən məhrum olması başqa məntəqələrin də mərhumiyyətinə gətirib çıxarar. Və ya bu günki insanların israfı gələcək nəsllərin məhrumiyyətinə səbəb ola bilər.
Quran bu məsələni şiddətlə pisləmişdir. Belə ki, Allah aşağıdakı ayələrdə buyurur:
"Allah israf edənləri dost tutmaz" («Ənam» surəsi, 141 və «Əraf» surəsi, 31)
"Bizim dönüşümüz Allaha tərəfdir və həqiqətən, həddi aşanlar (israfçılar) cəhənnəm əhlidirlər". ( «Ğafir» surəsi, 43)
"Və həddi aşanların (israfçılaın) əmrinə itaət etməyin!" («Şüəra» surəsi ,151).
"Onlara həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur." («Zariyat» surəsi, 34).
"Doğrudan da Firon yer üzündə özünü üstün tutan və israfkarlardan idi." («Yunis» surəsi, 83).
"Həqiqətən, Allah həddi aşanı və yalançını hidayət etməz". («Ğafur» surəsi, 28).
"Həddi aşanları isə həlak etdik" («Ənbiya» surəsi, 9).
Yuxarıdakı ayələrdən göründüyü kimi israfçılar lənətlik şeytanın qardaşları kimi təsvir olunublar.
Ayələrin təfsirlərindən belə məlum olur ki, dinimizin hökmlərində israfçılıq o qədər tənqid edilmişdir ki, hətta dəstəmaz suyunu israf etmək, bulaq başında olsan belə pislənmişdir və xurmanın çərdəyini tullamaq da israf hesab olunmuşdur. Ona görə də çalışaq bu müvəqqəti həyatımızda israfa yol verməyək. Öz təcrübəmizdən bilirik ki, bu çox çətindir, ancaq cəhd etmək və Allahdan bu yolda bizə güc və qüvvət verməyini diləməklə inşaallah ki, Qiyamət günü israfçı kimi Allahın qarşısına çıxmarıq. Amin !!!
«Dəyərlər»
Комментариев нет:
Отправить комментарий