Dilənçilərlə üzləşərkən dindar, ya qeyri-dindar hər bir kəsin bəlkə də ilk ağlına gələn və cavabını bilmək istədiyi sualın: «Görəsən, İslam dinində dilənçilik bəyənilmişdir, ya yox?! Dinimizin dilənçilərə münasibəti necədir?» olduğunu desək, yəqin ki, yanılmarıq.
Burada biz məhz İslam dini nöqteyi-nəzərindən ətrafında çoxlu müzakirələr dolaşan, bəzilərində qıcıq, ikrah hissi, nifrət, aqressiya yaradan, bəzilərində isə əksinə mərhəmət, kömək etmək, yardımlaşmaq kimi humanist duyğular oyadan dilənmə, dilənçi və dilənilmişin haqqı və s. bu tipli məsələlərə toxunmaq istəyirik.
Hər şeydən əvvəl onu qeyd etmək lazimdir ki, İslam dininin bu mövzuda nəzəri mənfidir, daha doğrusu, dilənçilik mövzusu ətrafında səslənən suallar və ya dilənçilik haram hesab edilir. Yalnız xüsusi zərurət halında, yəni fəqir öz canını xətərdə gördüyü vaxt canını qorumaqdan ötrü başqasından bir şey istəyə bilər. Hər kimdən bir şey istənilsə, dərhal müsbət cavab verilməlidir. Allah-Taala Qurani-Kərimdə bu mövzuya işarə edərək belə buyurur:
«O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) var. Dilənən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün» («Məaric» surəsi, ayə 24-25).
İmkan daxilində dilənçini əliboş qaytarmamağa tövsiyə edilən digər bir ayə isə «Zuha» surəsinin 10-cu ayəsidir:
«Dilənçini də qapından qovma!»
Ayələrdə dilənçi ilə kobud rəftar eləmək, hər cür qaba münasibət, qapıdan qovmaq və s. kimi qeyri-insani münasibətlər pislənir.
Müfəssirlərin (təfsirçilərin) nəzərinə görə «dilənçi»də məqsəd 3 cür ola bilər:
1. Elmi və etiqadi sahədə bir şey bilmək istəyənlərdən üz çevirmə;
2. Maddi cəhətdən fəqirlikdə olub, qapına gələnləri qovma;
3. Hər iki məna nəzərdə tutula bilər.
Hədislərdə və rəvayətlərdə xalq arasında əl açıb dilənmək bir tərəfdən Allaha etimadsızlıq sayılır və dilənənin camaat içində zillətə düşməsinə səbəb olur. Digər tərəfdən isə insan dilənməklə sanki öz izzət və şəxsiyyətinə zərbə vurmuş olur. Necə ki, əziz İslam Peyğəmbəri (s) buyurur: «Allah-Taala bir şey var ki, onu ancaq Özü üçün bəyənir, bəndəsi üçün isə bəyənmir. Bəndənin kiməsə əl açmağını bəyənmir və bu, Allahın qəzəbinə səbəb olur. Lakin çox sevir ki, bəndəsi Ondan bir şey istəsin. Allah yanında Ondan bir şey istənilməsindən sevimli bir şey yoxdur. Elə isə sizlərdən heç biriniz hətta ayaqqabının bağı da olsa, Allahdan bir şey istəməkdən həya etməyin!»
Və ya başqa bir rəvayətdə: «Əhali arasında dilənməkdən çəkinin! Çünki dilənmək dünyada zillət və fəqirliyə, Qiyamətdə isə uzunmüddətli hesaba səbəb olur».
Eyni mövzuya Imam Sadiq (ə) da toxunmuşdur: «Allah rəhmət eləsin o bəndəyə ki, iffətli olub, dilənməkdən çəkinir. Çünki əhalidən dilənmək dövlətli olmağa yox, dünyada zillətliyə səbəb olur».
Dilənmək və ya başqasından hacət istəmək, nəticə etibarilə insanın şəxsiyyətinin alçalmasına, hörmət və ehtiramının aradan getməsinə, abır-həyasının itməsinə, fəqirliyin yaranmasına səbəb olur. Bu baxımdan dilənçiliyi pul qazanmağın asan yolu hesab edənlərə tutulan irad heç də yersiz deyil, çünki tez gəlir əldə etməyin, ehtiyacını tez bir zamanda ödəməyin ən pis nəticəsi insanın şərəf və heysiyyətinin alçalmasıdır. Həzrət Əli (ə) bu həqiqəti belə çatdırır: «İnsanlardan dilənmək gözəl danışan dili qüdrətsiz edir. Şücaətlinin qəlbini sındırır. Azad və qüvvətlini kölə yerində qərar verir. Abır-həyasını aparıb ruzisini batil edir».
Və yaxud başqa bir yerdə: «Uca qüllələrdən ən ağır daşları həml etmək mənim üçün camaatın yanında minnət çəkməkdən daha yaxşıdır. Camaat mənə deyir: “Qazanmaq ardır». Halbuki, ar və xəcalət dilənməyin zillətindədir».
Gerçəkdə hər kim Allahdan ehtiyacsızlıq istəsə, Allah onu bütün insanlardan ehtiyacsız edər. Bu səbəbdən hədislərdə təkidlə vurğulanır ki, hər kim əhaliyə qarşı özündə dilənmək qapısı açsa, Allah-Taala onun üzünə 70 fəqirlik qapısı açar, onlardan ən kiçiyi isə budur ki, geyinməyə bir şeyi olmaz. Bütün nemətlərin hamısı Allah tərəfindəndir və Allah tərəfindən gələn az nemət (halbuki, Allah çox-çox səxavətlidir) belə məxluqat tərəfindən gələn çox nemətdən möhtərəmdir.
Əl açılmalı şəxsin xüsusiyyətləri
İslam dininin dilənçiliyi bu qədər məzəmmət etməsinin səbəbi odur ki, məhz dilənmə sözün tam mənasında insanın vüqar və dəyərinin aradan getməsinə səbəb olur, fəqirlik və yoxsulluq qapılarını onun üzünə taybatay açır. Buna görə də insan bacardığı qədər camaatdan istəməkdən çəkinməlidir. Lakin əgər, doğrudan da, möhtacdırsa və başqasına ağız açmaqdan başqa yolu yoxdursa, İslamın göstərişi budur ki, hər kəsə ağız açma! Yəni bir şey istədiyin halda səni geri qaytaracağına qorxduğun bir kəsə əl açma! İmam Baqirin(ə) təbirincə: «Sənin əhli olmayan şəxsdən hacət istəməyin əfi ilanın ağzındakı bir dirhəmə ehtiyacın olduğu kimidir. Lakin ondan qorxursan».
Bir sözlə, hacətləri kərim və xoşxasiyyət insanlardan istəmək lazımdır, nəinki «oyunbaz» və ədəbsizlərdən. Çünki Həzrət Əlinin (ə) buyurduğu kimi: «Üzün suyu (abır-həya) donmuş suya bənzəyir. İstəmək onu əridir. Bəs diqqət et, gör, kimin yanında üzünün suyunu tökürsən!»
Mövzu ilə əlaqədar bir rəvayəti nəzərinizə çatdırırıq:
«Bir nəfər imam Həsənin (ə) yanına gəlir və onun müqabilində əyilib öz hacətini yerə yazır. İmam (ə) da onu müşahidə edirdi. O, ərəbcə belə yazır:
«Mənim yanımda heç bir şey qalmayıb ki, onu bir dirhəmə satıb hacətimi alam. Sizin mənim halıma nəzər salmağınız kifayətdir. Yalnız bir miqdar abır-həyam qalmışdı ki və onu hifz edirdim. İndi də sizi ona müştəri tapdım».
İmam Həsən (ə) öz xadimindən soruşur ki, yanında nə qədər pul vər. Ərz edir ki, 12 min dirhəm pul qalıb. Həzrət (ə) buyurur: «Onu bu fəqirə təqdim et». Xadim təəccüblənərək: «Hamısını ?!» Həzrət (ə) cavabında: «Ver! Allaha xatir yaxşı niyyətdə ol». Xadim pulları sailə verəndə Həzrət (ə) buyurur: «Bizi üzrlü bil. Bundan artıq bir şeyimiz yox idi».
Sonra belə məzmunda bir şer oxuyur:
«Tələsik yanımıza gəldin, sənə az pay çatdı. Əgər başqa vaxt gəlsəydin və bizə möhlət versəydin, səhlənkarlıq etməzdik. Bu az hədiyyəni al, sanki heç bir mal satmamısan və müamilə etməmisən. Sanki biz də sənin abır-həyanın müştərisi deyilik və onu almamışıq».
İnsanın fəqirə verdiyi sədəqə əvvəlcə Allahın əlinə çatır. Ona görə də sailə heç də minnət qoyub, onun şəxsiyyətinə zərbə vurmaq olmaz. İmam (ə) öz yüksək dərəcəli məqam və ruhiyyəsinə rəğmən saillə qarşılaşanda, ilk növbədə, hər nəyi vardırsa, verir, daha sonra isə az verdiyinə görə üzrxahlıq edir. Bu, ən gözəl örnəkdir.
«Həqiqətən, insanların sizə olan ehtiyacı sizin üçün Allah tərəfindən bir nemətdir»
Allah o qədər mərhəmətli və mehribandır ki, insanın hər bir əməlində ona sonsuz savablar yazmaq istər. İnsan kiçicik bir əməli ilə böyük savablara nail ola bilər. Biz həqiqi ehtiyacı olana kömək etməklə, maddi və mənəvi dəstək olmaqla Allahın razılığını qazana bilərik. «Kimsənin ehtiyacını ödəmək» dedikdə böyük maddiyyatın olması zəruri deyil. Hətta kiçik bir mənəvi dayaq da təsəlli üçün yetərlidir. Unutmayaq ki, biz kiməsə köməklik edib onun ehtiyacını ödəyə biliriksə, bu, özümüzə xas bir şey deyil, Allahın xüsusi lütfü və nemətidir. Bu səbəbdən həmin nemətin şükrünü yerinə yetirib insanlara qarşı daha mehriban və xeyirxah olmalıyıq. Bu, Allahın rəhmət nəzərini özünə cəlb etməyin ən gözəl yoludur. Qeyd edək ki, nemətlərin insanlar arasında bölüşdürülməsində İlahi nizam-intizam mövcuddur və varlı-yoxsul təbəqənin mövcudluğunun bir səbəbi də İlahi hikmətə söykənməsidir. Bu baxımdan fəqirlərin, dilənçilərin, yoxsulların ehtiyacının ödənilməsi bir növ imkanlıların öhdəsinədir. Gəlin, imkansızları əliboş qaytarmayaq, bacardığımız qədər onlara yardım edək. Maddi köməklik göstərə bilməsək də xoş sözlə, gözəl əxlaqla onları sevindirək. Əgər hər birimiz insanlığın necə gözəl bir nemət olduğunu başa düşsək, o zaman bizə kömək üçün müraciət edənlərin dəyərini bilər və onların bizə olan ehtiyaclarını da aləmlərin Rəbbinin bizlərə bəxş etdiyi ən əziz nemət kimi qəbul edərik. İlahi, bizə bu həqiqəti dərk etməyi və bu neməti layiqincə dəyərləndirməyi nəsib et! Amin!...
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinlə
Комментариев нет:
Отправить комментарий