Həm çox sevilən bir ziyalı, həm də bizlərə örnək olan bir mömin xəstələnmişdi. Qərara gəldim ki, mən də dostlarla birlikdə onun ziyarətinə gedim. Avtomobilə əyləşib yenicə yerimizdən tərpənmişdik ki, telefonum zəng çaldı. Zəng edən dostlarımdan biri idi. Çox narahat halda birbaşa bu gileylərini mənimlə bölüşməyə başladı: “Qardaş, bu nə işdir biz düşmüşük?! İndicə işdən gəlmişəm. Bir az dincəlmək istəyirdim ki, əsəblərim pozuldu. Sabah Xocalı soyqırımının 17-ci ilidir, kanallarımızda isə şoular, musiqi musabiqələri gedir. Axı belə şey olar? Bunun harası İslam mədəniyyətinin paytaxtı oldu?! Kanallarda dinə, imana yer vermirlər-vermirlər, heç olmasa faciələrimizə, şəhidlərimizin ruhuna hörmətlə yanaşsınlar!”.
Dostumun haqlı iradlarından sonra onu sakitləşdirməyə çalışdım və xudahafizləşdik. Yol yoldaşım, bir digər dostum isə bu yerdə gözəl bir ifadə işlətdi: “Kim hansı normaları qəbul edirsə, onu da təzahur etməsində təəccüblü nəsə yoxdur”. Bəli, doğrudan da efir məkanındakı öz verilişlərində imana, inanca, İslama 1 dəqiqə də yer ayırmayan TV-lərin belə addımları təəccüb doğurmamalıdır. Gəlib çatdıq 2009-un İslam paytaxtı Bakıdakı xəstəxanalardan birinə, hansı ki, qəhrəmanım müalicə olunurdu. Öncə qapıda nəzarətçinin məzlumanə baxışları bizi gözləyirdi: “(köhnə kişilər demişkən) 1 abbası ver, 10 dəqiqəliyə içəri buraxım”.
Hərgah kim isə birdən unudub xəstəsinin yanında çox əyləşsə, onu da xərcə sala bilər. Dəfəsi 1-2 manat olmaqla otaqların sanitarlar otaqları təmizləyərkən, dəfəsi neçə manat olmaqla iynələrin vurulması və üzü yüxarı bir sıra prosedurlada da eyni qayda tətbiq edilməkdədir. Xülasə, qapıçının bu ismarıclı baxışını anlayan qədim kişilərdən olan bir dostumuz onu razı saldıqdan sonra (əks halda ziyarətdən məhrum da ola bilərdik) daxil oluruq dəhlizə. Ürək xəstəliklərinin müalicə edildiyi şöbəyə daxil olduq. Gecə saatlarına rəğmən şöbənin düz ortasında bir neçə xəstə və yaşlı insan bir-biri ilə ucadan söhbət edirdi. Nə isə, palataya, xəstəmizin otağına giririk. Adama ilk təsir edən yenicə təmirdən çıxmış palatadan hələ də rəng qoxusunun gəlməsi olur. Hərçənd ki, dediyim ki, burada reanimasiyadan çıxarılmış ürək xəstələri müalicə olunurdu. Palatada ən sadə gigiyenik norma olan əl-üzyuyan belə yox idi. Mənə ən maraqlı gələn məsələlərdən biri isə ziyarətini etdiyimiz ziyalının xəstəxanadakı ilk günün təəssüratları idi: “Camaatın ünsiyyət tərzləri dəyişib. Reanimasiyadan sonra məlum oldu ki, ürəkdə ciddi bir problem yoxdur. Əlhəmdulillah ki, qan analizinin nəticələrinə görə infarkt əlamətləri yoxdur. Şükür. A kişi, sadəcə olaraq Tibb universitetində bilmirəm bu həkimlərə xəstə ilə ünsiyyət dərsi keçirlər, ya yox? Rəhmətliyin oğlu, reanimasiyadan xəstəni çıxaranda deməkdən ki, “Ay əmi, ay dayı, gözlərin aydın, səndə elə bir ciddi xəstəlik yoxdur. Hər şey normaldır. Balaca rahatsızlığın var, o da keçər”, birbaşa işçilərə çığırdı ki, “bu xəstəni aparın filan palataya”. A kişi, camaatın ünsiyyəti necə də pozulub!”.
Bəli, insanlarımız xöş ünsiyyəti çoxdan unudublar. Halbuki, bunun özü çox zaman bir məlhəm olur, necə ki, ağır xəstəyə həkiminin bir xoş təbəssümü kimi. Bəlkə də səbəb həqiqi Təbibdən uzaqlaşmağımızdır.
Allah bütün cismi və qəlbi mərizlərimizə şəfa nəsib etsin, inşəallah! Amin.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий