понедельник, июня 02, 2008

Allah eşqi ilə nurlanan qəm evi…

Yaşadığımız günlər «Əyyami - Fatimə»yə, yəni Mühəmməd Peyqəmbərin (s) əziz qızı Fatimeyi Zəhranın (s.ə.) şəhadət günlərinə təsadüf edir. Sual yarana bilər ki, niyə gününə deyil, günlərinə? Çünki, o Məsumun (s.ə.) şəhadət tarixi dəqiq məlum deyil. Daha dəqiq desək, bu tarixlə bağlı bir neçə rəy mövcuddur. Tarixçilərin bir qismi bu günün qəməri təqvimi ilə Cəmadiul-əvvəl ayının 13-ü, bəziləri isə Cəmadius-sani ayının 3-ü olduğunu (bu il müvafiq olaraq may ayının 19-u və iyunun 8-nə təsadüf edir) bildirirlər. Belə ki, bəzi hədislərdə Xanım Zəhranın (s.ə.) Peyqəmbərin (s) vəfatından 75 gün, digərlərində isə 95 gün sonra bu dünyadan köçməsi göstərilmişdir. Buna görə də göstərilən iki ən məşhur tarix arasındakı müddəti musəlman dünyası matəm saxlayır.
Tarixə nəzər salarkən bəzən çox təəccüb doğuran, bəzən kədərli, bəzən isə çox şərəfli məqamlarla rastlaşırıq. Maraqlıdır ki, haqqında yazmaq istədiyimiz Peyqəmbər (s) qızı Xanım Zəhranın (s.ə.) həyatı ilə yanaşı, şəhadəti hər üç məqamı özündə əks etdirir. Bəşərə nicat gətirən, son Peyqəmbər olan Mühəmməd (s) «Fatimə bədənimin parəsidir. Kim onu sevindirsə, məni sevindirib, kim ona pislik etsə, mənə pislik edibdir» kəlməsini onun haqqında söyləmiş, o Xanımın (s.ə.) dünya və axirət məqamını ümmətinə tanıtmışdı. Lakin, buna baxmayaraq Peyqəmbər (s) əbədiyyətə qovuşan kimi, o Həzrətin sözləri unudulur və Xanımın (s.ə.) haqları tapdalanır. Hətta vəziyyət o yerə çatır ki, müsəlman adına iddialı ünsürlər Xanımın (s.ə.) Peyqəmbər (s) izləri olan evinə icazəsiz girərkən, Xanım (s.ə.) qapı arxasında qalıb zədələnir və elə bu da onun bir müddətdən sonra şəhadətinə səbəb olur.
Necə kədərlənməyəsən, necə təəccüblənməyəsən bu nadanlığa? Lakin, eyni məsələyə digər prizmadan baxarkən şərəfli bir şəhadət səhnəsi görünür. Əyilməzlik, zəmanə zalımlarının sındıra bilmədiyi şücaət və iradəyə maliklik Xanımı (s.ə.) qalib edir. Sual əmələ gələ bilər ki, necə yəni qələbə? Bəs axı Xanım Zəhra (s.ə.) faktiki olaraq öldürülür, zalım insanlar isə illərlə hakimiyyətdə qalır? Doğrudur, zahiri qələbə zalımların olur. Amma Xanımın (s.ə.) vəsiyyətinə əsasən onu incidənlərin onun dəfnində iştirak etməməsi üçün Əlinin (ə) Xanımı (s.ə.) gecə ikən gizli dəfn etməsini eşidən zaman həmin «qələbə çalanlar» kor-peşman olur. Qəbri tapıb istəyir ki, Peyqəmbərin (s) yeganə yadigarı olan Fatimeyi Zəhra (s.ə) üçün cənazə namazı qılıb, savab yiyəsi olsun (əlbəttə Əli (ə) bunun qarşısını alır). Sual yaranır. Əgər bunlar həqiqi qalib idilərsə, bu halda nədən narahat idilər?
Qurani - Kərimin «Şəhidlərə ölü deməyin» çağırışı ən gözəl nümunədir ki, fiziki ölüm hələ həyatın başa çatması demək deyil. Və yaxud başqa bir misal. İmam Hüseynin (ə) şəhadətindən 14 əsr keçməsinə baxmayaraq, onun müsibəti hər zaman xatırlanır və onun qatillərinə hələ də lənət göndərilir.
Belə hadisələr İslam dünyasında zaman-zaman baş vermiş və həqiqi əqidə sahibi olan müsəlmanlar Allahın nəsib etdiyi sınaqlardan şərəflə çıxmışlar.
Xanım Zəhra (s.ə.) bugünkü gənc nəslə də böyük bir örnəkdir. Dünyada minlərlə bacılarımız Zəhra (s.ə.) yadigarını - hicabı yaşatdıqları üçün min cür əzab-əziyyətlə qarşılaşır. Əlbəttə, 14 Məsumun (ə.s.), xüsusilə Xanımın (s.ə.) həyatı ilə müqayisədə bu çox kiçik və dözülməsi asan olan məsələlərdi. Əbədi səadəti, Allahın razılığı və sevgisini qazanmaq üçün səbrlə silahlanıb, hər kəs bacardığı kimi zülmkarlarla mübarizə aparmalıdı. Ən azı dualarıyla.
Zalımlara zillət, vicdanlı insanlara hidayət, Xanım Zəhra (s.ə.) şəfaəti və hər iki dünyada Xanım Fatimeyi Zəhrayla (s.ə.) məşhur olmaq diləyi ilə…

Günay Həsənova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: