среда, июня 11, 2008

Quran və biz

Vəlisini unudan ümmətə xatırlama

İstər fərdi, istər ictimai, istərsə də ali olsun, ehtiyac dolu varlıqdır insan. Tarix boyu insanların dilindən düşməyən bir mövzu olmuş - "gərəklər"... Filosofların belə nəzər-diqqətindən kənarda qalmayan bir mövzu. Gərəkləri kim müəyyən edəcək? İnsan oğlunu düşündürən suallar: nə etməli, niyə və necə etməli? kimi suallar. İstər fərdi, istərsə də ictimai sahənin "nə etməli"si var. Məsələ burdan başlayır. Nə etməlini kim müəyyən etməli? Allah, yoxsa insan?
İlk öncə insan anlamalı ki, nə etməlini yalnız bir varlıq müəyyən etməlidir. Əgər desək nə etməlini insan müəyyən etməli, onda unutmamalıyıq ki, Məmməd də, Vəli də insandır. Yəni nə? Məmmədin nə etməlisi və Vəlinin nə etməlisi. Təzadın başlanğıcı insanın nə etməlini müəyyən etməsidir. Əgər "nə etməlini" insan müəyyən edərsə, altı milyard yarım «nə etməli müəyyən edən» var. Artıq insanın ictimai varlıq olduğu unudulur. İnsan müəyyən etdiyi halda Epikorosların, Diogenlərin ortaya çıxması təbiidir. Bəzən vicdanın bahasına olsa belə, həzz dalınca, bəzən də sadələşmək üçün "sadə it" həyatını yaşayacaqsan. Yəni unutdun insan oluşunu.
Dəyərlər sistemi insan nə etməlisi baxımından nisbidir. Amma insan olma baxımından dəyərlər nisbi deyil. Çünki insan doğum və ölüm paraleli arasında nə etməliyə sahibdir. İnsan deyərkən bu iki paralel unudulmamalıdır. Nə ilk öncəki paralelin arxasını görmək, nə də sonrakı paralelin arxasına baxa bilmək qabiliyyəti olmayan insan hansı "nə etməli" iddiasındadır?
İnsanın "nə etməli"si, məxluq olduğuna görə, Xaliqindən keçir. Quran toplumun nə etməlisini müəyyən etmək üçün nazil olub. Əfsuslar olsun "İslam toplumu" unudub hətta İslamın sosial nə etməlisini. Dilində hər gün dediyi "biz" kəlməsini belə. Hər gün namazında «biz Sənə ibadət edirik, biz Səndən kömək diləyirik». "Bizi doğru yola yönəlt" - dediyi cümlələrdə olan bizi unutdu. Unutdu "bizin" içində olan Fələstin nə etməlisini. Quranın özü də bilmədən vərəqüstü olduğunu qəbul etdi. Unutdu Quranın həyatiçi kitab olduğunu. Bu unutmalarla nə etməlisini müəyyən etmək üçün Xaliqinin seçdiyi höccəti qeybdə niyə saxladığını belə unutdu. Ümumi insan toplumu Xaliqini, İslam toplumu isə Xaliqinin kəlməsini unutdu.
"Niyə İslam toplumu bəzən dırnaq arasına belə girməkdən çəkinmədi"- sualının cavabı Quranın həyat tərzindən kitab halına keçməsidir. Quran bəzək halında satılmaq üçün deyil, İslam toplumunu formalaşdırmaq üçün nazil olub. İslam toplumu o topumdur ki, Quranın əmrlərinə muxatib ola. Hələ təzə dil açmağa başlayan sosyalogiya elmi İslam haqqında "fakt" kəlməsini işlədir. "İslam" o qədər ümumiləşdi ki, terroristə də, dəvə musabiqəsiylə başı qarışanlara da İslam toplumu deyilir.
Quran İslamı dırnaq arasından çıxartmaq üçün nazil olub. Unutqanlıqla dolu yaşayan toplum altı gün keçməmişdi ki, unutdu Quranın rəhbər anlayışını. Unutdu ona əmanət qoyulan Quranı və Quranın vücuhunu, nəzairini, nəsxini, mənsuxunu, möhkəmini, mütəşabihini anladan «vəli» kəlməsinin mənasını. Unutdu ona əmanət qoyulan Quranın "və"sini.
Əvvəli cəhalət, sonu nisyan olan insan elminin aciz qaldığı Quran həqiqətini kim açıqlayacaq. Quran diliylə desək, "Unutmayanlardan soruşun". İnsan unutqandır. Allah bizə heç vaxt unutmayan itrəti ya lütf etməli, ya da lütfü inkar etməlidir. İkincisi Quran məntiqinə ziddir.
İmamət Allahın lütfüdür. Nə etməlini Allah müəyyən edir. İnsan-Allah rabitəsi Allahın xəbərinə əsasəndir.
Dünya həyatında nə etməli daim var. Yaratdığını yaradılandan gözəl bilən daim məxluqa lütfünə əsasən xəbərini çatdırmalıdır. "Yaradan bilməzmi yaratdığını? O lətif və xəbirdir".
Son demək istədiyim bir söz var: «Ey insan, Quranı həyat tərzindən uzaqlaşdırmaq istəyənlərlə mücadilə meydanında özünü müəyyənləşdir».

Elmin Ağayev,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



Комментариев нет: