понедельник, июня 02, 2008

ALKOHOLLU IÇKILƏR XƏRÇƏNG XƏSTƏLIYINƏ SƏBƏB OLUR

Azərbaycanda isə bu törədicinin genişmiqyaslı istehsalına rəvac verilir

Avstraliyanın Nyu Saus Uels Xərçəng İnstitutunun (The Cancer Institute of New South Wales) mütəxəssisləri müəyyən ediblər ki, spirtli içkilərin qəbulu bağırsaq, boğaz nahiyəsi və ağız boşluğunda xərçəngin əmələ gəlməsinə zəmin yaradır.
Alimlərin qənaətinə görə, alkohol xərçəngin yaranma riskini bağırsaqda 50%, süd vəzisində 22%, qırtlaqda (boğazda) 40%, ağız boşluğunda isə 75%-dək artırır.
Əldə edilmiş nəticələr öncəki bir çox tədqiqatların nəticələri ilə tam ziddiyyət təşkil edir, belə ki, əvvəllər güman olunurdu ki, guya qırmızı çaxırın “qədərində” istifadəsi ürək xəstəliklərinin qarşısını alır və ümumiyyətlə, orqanizmə bir çox səpkilərdə müsbət təsir göstərir.
Buna müqabil olaraq, avstraliyalı həkimlər bildirirlər ki, alkoholun faydalılığı şişirdilib, gerçəkdə spirtli içkilərin qəbulunun heç bir təhlükəsiz miqdarı yoxdur. Alkoholun gündəlik qəbul edilməsi isə real təhlükəni daha da artırır. Onkoloqlar (xərçəngin tədqiqi ilə məşğul olan mütəxəssislər) iddia edirlər ki, insanın qida rasionunda alkoholun miqdarı mütləq (!) minimuma - yəni sıfıra enidirilməlidir. Qeyd etməliyik ki, Ümumdünya Səhiyyə Təşkilatının klassifikasiyasına görə alkohol I qrup kanserogenlər, yəni ən təhlükəli xərçəng törədiciləri sırasına daxildir. Onun hətta cüzi miqdarı hüceyrələri zədələyərək, xərçəng törəmələrinin yaranmasına gətirib çıxara bilər (news-medical.net).
Bəşər elminin alkohollu içkilərin zərərinə dair növbəti dəlili gündəmə gətirməsi fonunda Azərbaycanda genişmiqyaslı alkohollu içki istehsalına rəvac verilməsi olduqca qəribə (odioz) təəssürat doğurur. Məlum olduğu kimi, Rusiyanın pivə istehsalı üzrə «qabaqcıl» şirkətlərindən biri olan ASC “Baltika” ilə Brasseries Internationales Holding (Eastern) Ltd (BIH Eastern) arasında “Baku-Kastel” pivə zavodunun alınmasına dair saziş imzalanıb. Sazişə görə şirkət Xırdalanda yerləşən “məşhur” pivə zavoduna sahibliyi əldə edib və orada öz “məhsullarını” istehsal etməyi planlaşdırır. Şirkət Azərbaycan bazarına və istehlakçısına böyük ümidlər bəsləyir. Belə ki, şirkət prezidentinin bəyanatına əsasən, ASC hər il Azərbaycanda pivə bazarını 12-14% genişləndirməyi proqnozlaşdırır.
Dünyanın sabaha planlarından silmək istədiyini bizim sabahımızda görmək arzusunda olanları düşündükcə Darvin atavizmlərinin, ən azı, kimlərinsə təfəkküründə yer aldığına ciddi şəkildə inanmağa başlayırsan...
İstinadlar: health.intermedia.com.ua, news-medical.net, day.az.
P.S. Görən, istehsalçılar “Pivənin/alkoholun həddən artıq qəbulu səhhətinizə ziyan vura bilər” xəbərdarlığında təhlükəsiz həddin olmadığını biləndən sonra bu sözlərin yerinə nə yazacaqlar?...

Leyla Abbasova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: