четверг, июня 05, 2008

İnflyasiya nədir?

Son zamanlar bahalaşma günümüzün əsas məsələlərindən birinə çevrilmişdir. Belə ki, ölkəmizdə əmtəə mallarının, xüsusilə də ərzaq məhsullarının bahalaşması hamıya məlumdur. Ancaq bu bahalaşma təkcə bizim ölkə kimi inkişaf etməkdə olan ölkələrə xas deyildir.
Dünya Bankının hesablamalarına görə, dünyanın 33 ölkəsi ərzaq bahalaşması ilə bağlı sosial narazılıq və iğtişaşlarla üzləşə bilər. Bankın prezidenti xəbərdarlıq edib ki, ərzaq məhsullarında qiymətlərin artması yaxın zamanlarda qlobal böhrana səbəb ola bilər.
Son aylar Haiti, Burkina-Faso, vəziyyəti nisbətən yaxşı olan Misirdə’’çörək etirazları’’ adlandırılan iğtişaşlar baş verib. Hətta Londonun özündə əhali son vaxtlar qiymətlərin artmasından narazıdır.
Bəs bahalaşmanın səbəbləri nədir? Hər bahalaşma inflyasiyanın nəticəsidirmi? Bahalaşma və inflyasiyanın fərqləri nədir?
İnflyasiya termini latınca «inflatio» sözündən əmələ gəlib ’’hədsiz artırılma’’ mənasını verir.
İnflyasiya dedikdə əmtəə və xidmətlərin qiymətlərinin ümumi artımı formasında təzahür olunan tələb və təklifin tarazlığının pozulması başa düşülür. Lakin bu o demək deyildir ki, inflyasiya dövründə bütün qiymətlər artır. Bəzi əmtəələrin qiymətləri arta, digər əmtəələrin qiymətləri isə sabit qala bilər, bəzi əmtəələrin qiymətləri surətlə, digər əmtəələrin qiymətləri isə xeyli ləng arta bilər.
İnflyasiyanın ən ümumi ənənəvi tərifi belədir: bu, bir iqtisai kateqoriyadır ki, əmtəə qiymətlərinin və xicmətlərin artması və pul vahidinin qiymətdən düşməsi ilə səciyyələnir. Yəni inflyasiya baş verdikdə pulun alıcılıq qabiliyyəti aşağı düşür, o, qiymətsizləşir. Lakin qiymətlərin sadəcə artması inflyasiya demək deyildir. Qiymətlər məhsulun keyfiyyətinin yaxşılaşdırılması, istehsal xərclərinin artması - xammal və materialların bahalaşması ilə əlaqədar olaraq (məsələn, taxılın qiymətinin artması çörəyin bahalaşmasına səbəb olur), ümumiyyətlə əmtəələrə olan tələbin onların təklifindən çox olması və s. səbəblərdən də arta bilər. Ayrı-ayrı bazarlarda qiymətlərin artması hələ inflyasiya demək deyildir. İnflyasiya məcmu tələblə məcmu təklif arasındakı tarazlığın pozulması nəticəsində ölkənin bütün bazarlarında qiymətlərin ümumi səviyyəsinin artması deməkdir.
Ölkəmizdə ərzaq məhsulları getdikcə bahalaşsa da orta əmək haqqında heç bir real irəliləyiş nəzərə çarpmır. İnkişaf etmiş Qərb ölkələrində isə hər altı aydan bir əmək haqqında düzəlişlər edilir: inflyasiyanın artımının hər bir faizinə görə əmək haqqı yarım faiz artırılır.
Əvvəlki dövrlərdə inflyasiya fövqəladə vəziyyətlərdə meydana gəlirdi. Məsələn, müharibə vaxtı dövlət özünün hərbi xərclərini ödəmək üçün tədavülə külli miqdarda kağız pullar buraxırdı. Son 30-40 il ərzində isə bir çox ölkələrdə inflyasiya daimi xarakter daşıyır və təkrar istehsal prosesinin bir amilinə çevrilmişdir.
İl ərzində qiymətlər 10%-dən çox artmayanda buna mülayim, sürünən inflyasiya deyilir. Bəzi iqtisadi cərəyanlar belə inflyasiyanı iqtisadi inkişaf üçün hətta faydalı hesab edirlər.
İl ərzində qiymətlər 20%-dən çox artanda buna surətli yaxud, dördnala çapan inflyasiya deyilir. Belə inflyasiya iqtisadiyyatda ciddi gərginlik yaradır.
Tədavüldə pulların və əmtəələrin qiymətlər səviyyəsi son dərəcə artanda buna hiperinflyasiya deyilir.
İnflyasiyanın tarazlaşdırılmış və tarazlaşdırılmamış növləri olur. Tarazlaşdırılmış inflyasiya zamanı müxtəlif əmtəə qruplarının qiymətləri bir-birlərinə nisbətən sabit qalır. Tarazlaşdırılmamış inflyasiya şəraitində isə müxtəlif əmtəələrin qiymətləri bir-birinə nisbətən və həm də müxtəlif proporsiyalarda dəyişir.
Gözlənilən və gözlənilməyən inflyasiyaları da bir-birindən fərqləndirmək lazımdır. Gözlənilən inflyasiyanı müəyyən dövr üçün əvvəlcədən proqnazlaşdırmaq mümkündür. Bəzən də, o, ölkənin hakimiyyəti tərəfindən planlaşdırılır. Gözlənilməyən inflyasiya qiymətlərin birdən-birə siçrayışı ilə səciyyələnir ki, bu da ölkədə pul tədavülünə və vergi sisteminə mənfi təsir göstərir.
İnflyasiyanın mənfi təsirləri artıq hamımıza yaxşı məlumdur. İnflyasiya xalq təsərrüfatında sabitliyi pozaraq, həm də xırda şirkətlərə ciddi iqtisadi ziyan vurur. İnflyasiya vergilərdən daxil olan vəsaitləri qiymətsizləşdirir. İnflyasiya əhalinin əmanətlərini qiymətsizləşdirir, banklara böyük zərər yetirir. O, sanki əhalinin üzərinə vergi qoyur, nominal və eləcə də real əmək haqqının artım templərinin əmtəə və xidmətlərin qiymətlərinin kəskin artımından geri qalmasını şərtləndirir. İnflyasiyadan daha çox təqaüdçülər, sərbəst peşə adamları, işçilər zərər çəkirlər.
İnflyasiyaya qarşı mübarizə makroiqtisadi səviyyədə aparılmalıdır. Ölkə hökuməti köklü tədbirlər həyata keçirməklə ya onu aradan qaldırmalıdır, ya da ona uyğunlaşmaq lazımdır.


Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: