понедельник, июня 09, 2008

Risk etməyə dəyərmi?

“Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti … sizə haram edildi. Bu əməllərin hamısı Allaha qarşı itaətsizlikdir…” (Maidə surəsi, ayə 3)
Məhz bu ayəyə əsaslanaraq bütün müsəlmanlar öz qidalarında Allahın haram buyurduğu donuz ətindən qətiyyən istifadə etmirlər. Çünki hər bir İlahi qadağa İlahi bir məsləhətə və hikmətə söykənir. Etiraf olunmalıdır ki, bu qadağalara əməl olunmaması bütün bəşəriyyət üçün çox təhlükəli nəticələrə gətirib çıxara bilər. Donuz ətinin çox dadlı, faydalı olduğunu iddia edənlər əslində bu İlahi qadağanın mahiyyəti barədə ciddi düşünməlidirlər. Artıq bu gün donuz ətinin insan orqanizminə zərərlərinə dair inkaredilməz elmi-tibbi faktlar mövcuddur. Bu faktlardan bəzilərini sizin nəzərinizə çatdırırıq:
1. Məlumdur ki, donuz əti çox yağlıdır və yeyilərkən bu yağ qana keçir. Qandakı artıq yağ isə arteriya damarlarının sərtləşməsinə, qan təzyiqinin yüksəlməsinə “infarkt” xəstəliyinin yaranmasına səbəb olur. Bundan başqa, donuz yağının tərkibində “sutoksin” deyilən zərərli maddələr mövcuddur. Orqanizmə daxil olan bu zərərli maddələrin xaric olunması üçün limfa liflərinin həddindən artıq fəaliyyətdə olması lazımdır. Lakin bunun nəticəsində, xüsusilə, uşaqlarda limfa düyünlərinin iltihabı və şişməsi halları müşahidə olunur. Xəstə uşağın boğaz hissəsi qeyri-normal (anormal) bir şəkildə şişərək, “donuz”a bənzəyir. Bu səbəbdən də həmin xəstəliyə “donuz xəstəliyi (svinka)” adı verilib.
2. Donuz ətində həddindən artıq kükürd vardır. Yeyilərkən orqanizmin artıq miqdarda qəbul etdiyi kükürd qığırdaq, oynaq və sinir hüceyrələrinə təsir edərək oynaqlarda iltihaba, kirəcləşməyə və onurğa sütununun iltihabı kimi xəstəliklərə, bir sözlə dayaq-hərəkət aparatının sıradan çıxmasına səbəb olur.
3. Donuz əti ilə qidalanmaq həddindən artıq böyümə və inkişafla nəticələnir. Çünki donuz ətində böyümə hormonu vardır və yeyilərkən bu hormon toxuma şişləri və iltihablarına səbəb olur. Nəhayət, burun, çənə, əl-ayaq sümüklərinin qeyri-normal (anormal) şəkildə böyüməsinə və orqanizmin yağlanmasına səbəb olur.
Donuz ətinin insanda yaratdığı xəstəlikləri araşdırarkən məlum olub ki, donuz ətində yüksək dərəcədə böyümə hormonu, histamin, imidoval, xolesterin və s. zərərli maddələr vardır ki, bu da “dermatit” (dəri iltihabı) və digər iltihab prosesləri, ürək-damar xəstəlikləri, dayaq-hərəkət aparatının sıradan çıxması və s. xəstəliklərə gətirib çıxarır. Böyümə hormonun ən mənfi təsiri “xərçəng” xəstəliyinin inkişaf etməsinə zəmin yaratmasıdır. K.V. Bobrişevin “Tak leçit Boq” (“Allah bu cür müalicə edir”) adlı kitabında nəşr edilmiş elmi arayışda donuz əti ilə qidalanan insanların “xərçəng” kimi dəhşətli bəla ilə xəstələnmə mexanizmi barədə belə məlumat verilir:
“Dünya alimləri donuz hüceyrələrini əsaslı surətdə tədqiq etdikdən sonra belə bir yekdil rəyə gəlmişlər: yağlı donuz hüceyrəsi mədə şirəsində həll olmur, lakin insan orqanizmində yığılaraq sonradan bədxassəli şişə çevrilən yad cismi təşkil edir” (K.V. Bobrişev “Tak leçit Boq”,Kiyev “A.S.K”, “Kniqa-servis”, 1996).
Digər bir xəstəlik “ensefalit” (baş beyin iltihabı) xəstəliyinin virusu qansoran həşəratlar vasitəsilə donuzlardan insanlara ötürülür. Yoluxucu ensefalit virusu üz və ətraf əzələlərinin qıc olmasına, iflicə, udma və tənəffüs pozuntularına, huşun itirilməsinə, psixi pozuntular və s. kimi ağırlaşmalara, əksər hallarda ölümə səbəb olur.
Donuzlar barəsində tibbi-bioloji məlumatlar
Alimlərin çoxsaylı tədqiqatları nəticəsində donuzların öyrənilməsi ilə əlaqədar tibb-biologiya elmlərinə aid məlumatlar olduqca maraqlıdır. Hüceyrə və molekulyar səviyyələrdə aparılan müasir tədqiqatlarda sübut olunub ki, donuz toxumalarının strukturu (kimyəvi tərkibi) insan toxumalarının strukturlarına çox yaxındır. Bu cür bioloji yaxınlıq meymunlarla da əlaqədar müşahidə olunur. Lakin məsələ burasındadır ki, başqa heyvanlarla müqayisədə insanla donuzun qan tərkibi, həzm fiziologiyası, hər şeylə qidalanma mexanizmi və s. çox oxşardır.
Müasir tibb elmi sübut edir ki, doğuşdan sonra qadının süd vəzlərindən xaric olan və uşağın immun sisteminin formalaşmasında mühüm rol oynayan süd, balaverən donuzun südü ilə, demək olar ki, eyni aminturşu tərkibinə malikdir. Donuzlar insanlara xas olan xəstəliklərlə xəstələnir və elə insanları müalicə etmək üçün istifadə olunan təxminən eyni dozalı dərman preparatları ilə müalicə oluna bilərlər. Buna görə də yeni yaradılan dərman preparatlarının ilk dozasını donuzlar üzərində sınaqdan keçirirlər.
Donuz ətinin zərərləri barədə daha dolğun təsəvvürə malik olmaq üçün “Lekarstva iz Bojyey apteçki” (“İlahi əczaxanın dərmanları”) adlı kitabda nəşr edilmiş təmiz (pak) və natəmiz (murdar) ətlər barəsində müasir elmi məlumatları əhatə edən informasiyanı qeyd etmək lap yerinə düşərdi. Amerikalı alimlər təcrübə məqsədilə əvvəlcə təmiz (pak) heyvanların, sonra isə donuzun əzələlərindən ətdə olan bütün substansiyaları (əsas maddələri) çıxararaq acıpaxla əkinlərini gübrələmişlər. Təcrübə nəticəsində müəyyən olunmuşdur ki, pak heyvanların ətindən çəkilmiş şirə bitki əkinlərinin artımına mane olmamışdır, donuz ətindən elə həmin texnologiya əsasında çəkilmiş şirə isə əkinlər üçün zərərli olmuşdur (Jan Şuls, Edita Uberquber “İlahi əczaxananın dərmanları”, MÇP “Anfas”, Kiyev, 1994) .
Bu sahədə tədqiqat aparan alimlər təcrübələrə əsaslanaraq belə qənaətə gəliblər ki, insanlara donuz əti ilə qidalanmaq, donuzların orqan və toxumalarının transplatasiya etmək qəti qadağan olunmalıdır, çünki bu zaman gen mutasiyası təhlükəsi qaçılmazdır. İnək, qoyun, toyuq və s. ətlərdən fərqli olaraq donuz ətindəki parazitlər hətta emal prosesində belə məhv olmurlar. Əgər məhv olsaydılar belə, transplantasiya prosesində praktik olaraq canlı toxumalar köçürüldüyündən donuz orqanlarının köçürülməsi zamanı donuz parazitləri məhv olmurlar. Bu cür əməliyyatlar nəticəsində insanlarda “hannibalizm” yarana bilər. Bu, həm də ona görə təhlükəlidir ki, bir fərdin özünəbənzər digər bir fərdi yeməsi ilə həzmetmə prosesində xromosomlar qida məhsullarının mənimsənilməsi nəticəsində ötürülürlər. Bu zaman irsi əlamətlər ötürülür, yəni aydın olur ki, donuz ətini yeməmək kimi İlahi qadağaya əməl etməmək insanların genetik kodunda müəyyən dəyişikliklər və mutasiyalar yarada bilər.
Əslində, bu, bütün bəşəriyyətin böyük bir təhlükə altında olması deməkdir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, yuxarıda sadalanan elmi-tibbi faktlara insanlar nədənsə etinasız yanaşır və müxtəlif növlü qidaların hazırlanmasında donuz ətindən geniş surətdə istifadə edirlər. Hal-hazırda donuz əti istehsalı Birləşmiş Ştatların iqtisadiyyatının həyati əhəmiyyətli bir hissəsidir. Amerikanın donuz ətlərinin ən müvəffəqiyyətli satış bazarı Yaponiya, Meksika, Kanada və Karib hövzəsi ölkələridir. Amerika donuz əti istehsalçılarının bu qədər böyük nailiyyətləri digər tərəfdən bütün insanlığın təhlükədə olması deməkdir. Etiraf olunmalıdır ki, donuz əti yeməklə insanlığa, mənəviyyata vurulan zərbə sağlamlığa dəyən zərbədən qat-qat artıqdır. Belə olan təqdirdə ağıllı insan donuz ətindən yeməklə əldə etdiyi ötəri ləzzət naminə öz həyatı ilə oynayarmı? Necə fikirləşirsiniz, həyatımızla bu cür risk etməyə dəyərmi?

Nübar Lalayeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: