вторник, июня 03, 2008

Hamı idmançı olsa, basılmaz vətən

Yollar dünyada çoxdur, sayı-hesabı yoxdur. Bir yol var ki dünyada, onu getmirsən əbəs. Getdiyin zaman da hiss edirsen ki, kələ-kötürlüklərlə zəngin olan asfalt örtüyün üstü ilə deyil, sanki şüşənin üstündə gedirsən. Əslində isə bu yol təmiz 500 markalı sementdən hazırlanmış betondur. Bəli, söhbət milyonlarla manata başa gəlmiş, bəzi sakinlərin həyətlərinin, hamamlarının, qarajlarının, hətta evlərinin ortasından keçən, yeni salınmış "Zığ şosesi"ndən gedir. Yol doğrudan da əla çıxıb. Yola söz ola bilməz. Deyilənə görə dünyanın heç bir yerində bu yolun analoqı mövcud deyil, elə siftəsi Bakıda inşa edilib. Belə də olmalıdı, axı dünyanın heç bir yerində bu qədər "bol" sement və digər maddi resurslar yoxdur. Nə olsun ki sementin qiyməti, ümumiyyətlə tikinti materiallarının qiyməti hər ay həndəsi silsilə ilə artır? Hərə bir cür dolanmalıdır, yoxsa yox? Nə isə heç kəs bu suala cavab vermək məcburiyyətində deyil. Elə-belə soruşurdum.
Qayıdaq yolumuza. Düzü Cəmşid Naxçıvanski adına hərbi litseyin yanından hava limanına qədər necə getdiyimi hiss etmədim, elə bil təyyarə ilə gedirsən. Adamın heç ruhu da incimir. Ancaq yolu ortadan ayıran bardür diqqətimi çox çəkdi, çünki bir metrəyə yaxın hüdürlüyü var idi. Qəribədir, görəsən sakinlər yolun bu tərəfindən o biri tərəfə necə keçirlər?
Sonradan öyrənə bildim ki, sakinləri də ən çox narahat edən məsələ elə budur. Hərbi litseydən köhnə öküzün dairəsinə qədər yolda bir dənə də olsun piyada keçidi yoxdur. Cavan oğlanlar magistralı ortadan bölən hündür bardürün üstündən bir təhər dırmaşıb yolun o biri tərəfinə aşıb keçirdilər. Çarəsiz qalmış uşaqlar, qadınlar və yaşlılar mənzillərinə, işə, məktəbə ya taksi ilə getməlidirlər, ya da ki, piyada bir neçə kilometr yol qət etməlidirlər.
Deyirəm tikinti şirkətindəki fərasətə bax aaa. Öz işi ilə yanaşı, insanların sağlamlığının da qeydinə qalır, daha bundan artıq nə istəyirdilər ki?! Pulsuz idmanla da təmin edilirsən. Nə qədər marşrutlardan düşüb birbaşa evə girmək olar, millət ona görə belə sürətli templə kökəlir də. Necə də gökəlməsin - "ətdən bol", "çörəkdən bol".
Adam gərək hər çeyi nəzərə alsın, mədəsini düşündüyü vaxt sağlamlığını unutmasın. Sən fərdi olaraq unutsan da, qorxma kütləvi surətdə bunu təmin edən tapılacaq. Sonra deyirlər ki, kimlərsə planlaşdırılmış şəkildə bazara od vurub, yanğınsöndürənlər də o küləkli havada ocağın istisinə yığışıb, səhərə kimi oturub ocağın közündə kartof basdırması eləyib yeyirmişlər. Görünür bazarı yandıran da elə-belə adam deyil, əlini-qolunu rahat yellədə bilənlərdəndi. Özü də millətini yaman fikirləşir. Adam görüb ki, bazar 8-ci kilometr qəsəbəsində yaşayış binalarına çox yaxın yerdədi, bazarı yandırıb və məqsədi də pis olmayıb yəqin. İstəyirmiş ki, insanlar təmbəlləşməsinlər, uzaqdakı yarmarkalardan istifadə etsinlər. Bir az bədənləri açılsın. Bu da idmandı, özü də çox faydalıdır. Belə pulsuz və kütləvi idman növləri, arıqlama vasitələri ilə təmin edildikdən sonra nəyə lazımdı axı boş-boş dərmanlara, "trenajorlara" artıq pul xərcləmək.
Ümumiyyətlə hamı idmançı olsa, basılmaz vətən.

Tural Ağamirzəzadə
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: