среда, июня 11, 2008

Qələbə aclığı, aclıq(ın) qələbəsi

Lənkəranın “Xəzər” komandası Azərbaycan kuboku uğrunda final oyununu qələbə ilə başa vurdu. Paytaxt növbəti qələbə sədaları ilə könül oxşadı. Rəbbimiz paytaxtımıza «Qarabağ!» sədaları ilə qələbə nəsib etsin! Amin!
Bakı şəhəri, Gənclik meydanı, 24 may 2008-ci il, saat 21:05. Metronun “Gənclik” stansiyasının girişləri, “Gənclik” meydanı “Xəzər” Lənkəran tərəfdarlarının izdihamına şahidlik edir. Rəqibi “İnter”i məğlub edərək kuboku başı üzərinə qaldıran “Xəzər” Ağasəlim Mircavadovun rəhbərliyilə növbəti qələbəsinə imza atdı.
Metroya daxil oluram. Gənclərin qələbəliyi, qalibiyyətə susamış qaliblərin sevinc sədaları. Kimisi bu sədalara qoşulub, o da bayramlaşır, kimisi sadəcə qatarının yola düşməsini gözləyir. Ətraf həm evinə tələsən və həm də postunda asayişə nəzarət edən polislərlə doludur. Meydandan metronun içinə nüfuz etmiş tərəfdarların qələbəliyi hər kəsin diqqətini cəlb edirdi. Bu səs-küyü qıraqdan sakitcə seyr edən polis nəfərlərinin özünü saxlaya bilməyib təbəssüm etmələri diqqətimi çəkdi. Onların da qalibiyyət ruhunda qərq olub hisslərinə hakim ola bilməmələri açıqca görünürdü. Bəlkə bu səbəbdən də hadisələrə müdaxilə etməyə lüzum görmürdülər (tərəfdarların özlərinin də ciddi və təhlükəli pozuntu törətməmələri də bir başqa mühüm səbəb sayıla bilər). Amma və lakin...
Qatarlar, platformalar, ümumi gediş-gəliş dəhlizi “ağ-yaşıl” rəngli azarkeşlərlə dolmuşdu. “Xəzər”-“Xəzər” sədaları arasında ara-sıra “Neftçi” səslənənlər də tapılırdı. Bu arada bir məqam diqqətimdən yayınmadı. Sıradan olan vətəndaşlar da, hansı ki, bu oyuna tamaşaçı olmadığı aydınca hiss olunurdu, başlarına və qollarına ağ-yaşıl sarqılar bağlamış təssübkeşləri təbəssümlə qarşılayaraq onları təbrik edirdilər. Bu insanların da “Böyük Qələbə”yə teşnəlikləri aydınca hiss olunurdu. Məmləkət insanının məğlubiyyətdən qaçmaq istəyi, bundan doymaları baxışlarından oxunurdu.
Saatlar 21:20-ni göstərir. Metronun qapalı məkanı gənclərin qələbə aurasında lərzəyə gəlir. Adamın damarında qanı donurdu. Ey kaş bu qələbələrə “QARABAĞIN da “QƏLƏBƏ” sədaları” qovuşaydı.
Mən belə fikirlərin həyəcanında ikən ani bir zehni dalğa bu qələbəliyə qələbə çaldı. Elə bu an ölkədə hərə bir həyəcanı yaşamaqda idi. Hər kəsin mənsub olduğu həyat tərzinin həyəcanı ona qələbə çalmaqda idi. Kimiləri kubok, çoxları seçki, kimiləri Evroviziya, kimiləri daha nələr, bəziləri də “ƏYYAMİ-FATİMƏ həyəcanını yaşamaqda idi (bu il 19 may-08 iyun aralığındakı günlər İslam Peyğəmbərinin qızı, 11 İmam anası Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadəti günlərinə təsadüf edir. Bu günlərdə əzadar olmaq bəyənilən əməllərdəndir. Əyyami-Fatimə - “Fatimə (s.ə.) günləri” anlamını ifadə etməkdədir).
“ƏYYAMİ-FATİMƏ”(s.ə.). Bu dəyəri tanımaq özü də “anti-dəyərlər” üzərində bir qələbədir. Əksəriyyətə 1 kq ət, hətta 1 ədəd çörək həyəcanı qələbə çalmaqdadır. Bu da anti-dəyərlərin dəyərlər üzərində qələbəsidir. Çün anti-dəyər (kasıblıq, fəqirlik) bir qapıdan girəndə dəyər (iman, inam) bir başqa bacadan çıxır. Bu qələbəyə qələbə çalmaq da olar. Bu öz əlimizdədir. Hər an, hər dəqiqə seçim qarşısında olan insan, seçimini Allaha xatir etməlidir.
Dəyərlərin Qələbəsi ümidilə Allaha əmanət olun!


Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



Комментариев нет: