вторник, июня 17, 2008

Haqqa dəvət edən çağırış

"(Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: "Mən müsəlmanlardanam!"- deyən kəsdən daha gözəl danışan kim ola bilər?!" («Fussilət», 33)
Alimlərin təfsirinə əsasən bu ayə azan və onu icra edən şəxs barəsindədir. İslamda azanı icra edənə müəzzin deyilir. Hər namaz vaxtı müəzzin minbərə çıxaraq azan deyir. Bu zaman milliyyətindən, cinsindən, rəngindən, tutduğu mövqedən asılı olmayaraq müsəlman olan və Allaha ibadət edən hər bir kəs Kəbə evinə tərəf yönələrək namaz qılır. Peyğəmbərin (s) nur adlandırdığı Allahın təkliyini xatırladan bu şüar, insanları Allaha pərəstiş etməyə çağırır. Bu səsdə elə bir cazibə mövcuddur ki, istər namaz qılan olsun, istər qılmayan - onu eşidən hər bir kəsin qəlbində titrəyiş əmələ gəlir.
İmam Rza (ə) buyurmuşdur: "Allah Təala azanı bir çox səbəbə görə göstəriş vermişdir: ümmətin öyrənməsi və qəflətdə olanların oyanması, namaz vaxtının bildirilməsi, insanları Allaha tərəf pərəstiş etməyə dəvət və onları ibadət üçün həvəsləndirmə, iman yolunda cihad, unutqanlığa xəbərdarlıq bəxş etmək və digər".
İslamda ilk müəzzin Bilal Həbəşi olmuşdur. Məkkənin fəthində Peyğəmbər (s) Bilalı uca səslə azan demək üçün Kəbənin hündür bir yerinə göndərdi. Bu hadisədən sonra Bilal Həzrətin (s) müəzzini oldu. Peyğəmbərin (s) axır gününə kimi Bilalın könül oxşayan səsi hər azan vaxtı əks-səda verdi. Bilal, Həzrətin (s) vəfatından sonra daha azan demədi.
Belə rəvayət olunur ki, bir gün Həzrət Zəhra (s.ə) dedi: "Çox arzu edirəm atamın müəzzininin səsini eşidim."
Bilal Fatimeyi-Zəhranın (s.ə) onun azanını arzulamasını eşidəndə azan deməyə başladı və "Allahu Əkbər! Allahu Əkbər!" deyə səsləndi. Zəhrayi-Mərziyənin (s.ə) atası ilə bağlı xatirələri təzələndi və atasını yad etdikcə göz yaşlarını bahar yağışı kimi axıtmağa başladı. "Əşhədu ənnə Muhəmmədən Rasulullah"a çatanda isə xanım huşunu itirdi. Adamlar Bilala dedilər: "Sakit ol! Peyğəmbərin qızı dünyadan getdi". Həzrət Zəhra (s.ə) bir xeyli bu vəziyyətdə qaldı. Bilal azanı kəsib dalını davam etmədi. Xanım özünə gəldikdən sonra yenidən azanın davamını Bilaldan istədi. Amma Bilal üzr istəyib dedi: "Qorxuram ki, davam etsəm artıq sizdə taqət qalmaz". Xanım onun üzrünü qəbul etdi.
Azanın iki növü var: xəbərdarlıq azanı və namaz azanı.
Xəbərdarlıq azanı namazın ilkin vaxtını camaata çatdırmaqla yanaşı, bu azanı icra edən müəzzin öz cazibədar səsi ilə bəzi qafilləri, yəni yeyib-içməyə başı qarışanları, işrətlə (keflə) məşğul olanları və ya mənasız söz danışanları, vaxtını boş yerə israf edənləri oyadır. Necə ki, «Maidə» surəsinin 58-ci ayəsində buyurulmuşdur: "Siz (bir-birinizi) namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa olmalarındandır".
İkinci növ azan ibadət əhli üçündür ki, onlar azanı eşitdikdə namazın müqəddiməsini təşkil edən dəstamaz və bu kimi işləri yerinə yetirərək namaza hazırlaşırlar, məscidə gedirlər.
Bildiyimiz kimi, gündəlik namazlarda da azan demək savabdır. Əziz Peyğəmbərimiz (s) buyurub: "Hər kəs namaz üçün azan deməyib təkcə iqamə desə, həmişə onunla birlikdə olan iki mələk namazda ona iqtida etməzlər."
Azan elə bir nurdur ki, bu səs səmalarda ucalan vaxt asimanın qapıları açılar, dualar müstəcəb olar, şeytan o yerdən qaçmağa üz tutar. Mötəbər hədislərimizdə buyurulmuşdur ki, Allah Təala yer əhlindən müəzzinlərin azan sədası və gözəl ahənglə Quran tilavətinin avazının yüksəlməsindən başqa bir şey eşitmək istəməz.
Azan müsəlmanları vəhdətə çağırışdır ki, islam düşmənləri bunu heç vaxt istəməz. İngilis siyasi xadimlərindən biri parlament iclasında belə demişdir: «Nə qədər ki, Muhəmmədin adı minarələrin yüksəkliklərindən eşidilir, nə qədər ki, Kəbə öz yerindədir və Quran müsəlmanlara yol göstərən kitab kimi saxlanılır, bizim siyasətimizin islam ölkələrində möhkəmlənməsinə imkan yoxdur». («Təfsiri-nümunə» c.4,s.438)
Allah Təala bizə o günü nəsib etsin ki, hər azan vaxtı şəhərimizin bir-iki küçəsində yox, digər müsəlman ölkələrində olduğu kimi, hər guşəsində azan sədaları ucalsın.


Zemfira Nəsrullayeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


Комментариев нет: