вторник, июня 17, 2008

Belçika hökuməti kilsələri müsəlmanlara vermək istəyir

Səbəb, katoliklərin kilsələrə gəlməməsi ucbatından, onların istifadəsiz qalmasıdır
“Belçikanın Antverpen şəhərinin rəsmiləri müsəlmanlara öz məscidlərini istifadəsiz qalmış xristian kilsələrində qərarlaşdırmağı təklif edib”, - Daily Telegraph xəbər verir.
Antverpen şəhərinin mer müavini Filip Heylen (Philip Heylen) rəsmən bəyan edib ki, artıq şəhərin boş və istifadəsiz qalmış kilsə binalarından “tabu”nu götürməyin vaxtı gəlib çatmışdır.
“Kilsələr ibadət məqsədi ilə inşa edilib və boş qalmış binalarında dükan açmaq məqsədilə istifadə edilə bilməz. Müsəlman icmalarının nümayəndələri isə bizim bu ideyamızı müsbət qarşılayıblar”, - deyə hökumət rəsmisi bildirmişdir.
Qeyd etmək lazımdır ki, hazırda şəhərdə 36 məscid fəaliyyət göstərir ki, bunların da əksəriyyəti köhnə binalarda yerləşdirilib. Lakin ərazinin həddən artıq dar olması və ehtiyat çıxışların yoxluğu məscidlərin fəaliyyət imkanlarını məhdudlaşdırır. Yeni məscidlərin tikintisi isə hələ ancaq planlaşdırılma mərhələsindədir.
Lakin bəzi Antverpen müsəlmanları kilsələrin müsəlman icmalarına verilməsinin ölkə daxilində dini və etnik zəmində gərginliyin artmasına gətirib çıxara biləcəyindən narahat olduqlarını da gizlətmirlər. “Bu təhlükəli ola bilər və ancaq qıcığı artıracaq. İbadət yerlərinin ayrı olması daha yaxşıdır”, - deyə onlardan biri bildirmişdir.
Antverpendə 80 xristian kilsəsi var. Onların əksəriyyəti 19-cu əsrin ortalarında Roma Katolik Kilsəsi tərəfində inşa edilmişdir. Hal-hazırda ölkə əhalisinin sayının təqribən 75%-ni katoliklərdən ibarət olmasına rəğmən, kilsə rəhbərləri özləri etiraf edirlər ki, bu gün kilsələrə gələnlərin sayı 50 il öncə ilə müqayisədə xeyli azalmışdır.
Əslində Belçika kilsələrinin müsəlmanlara təhvil verilməsi fikri katoliklərin özləri tərəfindən irəli sürülüb. 2006-cı ildə onlarla kilsə ölkə sərhəddindən kənarlaşdırılmalı olan qeyri-leqal emiqrantlar tərəfindən sığınacaq yerlərinə çevrilmişdi. Kilsələrin ibadət məkanı kimi tikildiyini və hazırkı durumda perspektivlərini nəzərə alaraq, Antverpen rəsmiləri və kilsə xadimləri onların müsəlmanların istifadəsinə verilməsini daha məqsədəuyğun hesab edirlər.
Mənbələr: vokrusveta.ru, telegraph.co.uk


Leyla Abbasova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: