" Bey svoix, çtob çujiye boyalis!" - " Özünkünü vur ki, başqaları qorxsun."
Hər bir millətin özünə xas, öz mentalitetinə uyğun xüsusiyyətləri var. Məsələn, Afrika xalqlarından keçmişdə adam əti yeyənləri olub, maraqlıdı indi görəsən necə dolana bilirlər. Təsəvvür edin, həmin qəbilələrdən birinə qonaqsınız və sizi nələr gözləyə bilər. Qoyun əti əvəzinə nəsə onlara məxsus mətbəxin məhsulu, sərin turşməzə ayran, mer-meyvə əvəzinə hər nəsə... Bunlar bir qırağa, məni heyrətləndirən öz millətimizdir. Koroğlular, Cavanşirlər, Cavad xanlar yetişdirən millətimiz, Dədə Qorqud boylarından boylanan Qazan xan, Qaraca Çoban, Beyrək yetişdirən obamızdır. Adlarını çəkdiyim ərənlər indi də görəsən fəxrlə deyərdilərmi: - Biz bu elin, bu obanın övladlarıyıq? Məncə deyərdilər, çünki, onlarla yanaşı keçəl həmzələr, yalıncıqlar da yetişib bu diyarda. Meydanı onlara buraxmazdılar hər halda.
Qədim ərənlər düşmənin basqınını xəbər vermək üçün, ocaq qalayardılar. Günümüzün "ərənləri" müharibənian qızğın yerində məclis qurub çal-çağır düzənləyirlər. Xalqın dar günündə igidlər, əli silah tutanlar yığışıb vətəni müdafiyəyə qalxardılar, düşmənə qan uddurardılar. Günümüzün "igid-ərənləri" yığışıb aldığı pulla qaz, işıq, su pulunu verib dolana bilməyən təqaüdçüləri, haqsızlıqdan cana gəlib başını qaldıranları, qeyrətinə, ismətinə sığınınanları əzməklə qürrələnirlər.
Qoy erməni dığası mavi ekrandan baxıb paxıllıqdan bağrı çatlasın. Hər yerdə su qıtlığı insanları yıxıb sürüdüyü bir vaxtda, Bakı su fontanları ilə yaş su içindədi. Seçmək olmur göz yaşlarından çəkilib, ya Kür suyundan. Qaranlıq dünyanı tutub getdiyi bir vaxtda, nəinki Bakının əsas küçələri, hətta səması da rəngbərəng işıqlarla alışıb yanır. Aldığı təqaüdü yavan çörəyə belə yetməyən vətəndaşlarımız üçün rəngarəng "süfrə" verilişləri. Rəngli televizoru olmayanlar 2 rənglə kifayətlənməli olurlar - ağ-qara. Gündə bir evdə qonaqlıq, yeyib içmək. Qoy partlasın erməni dığası, silah-sursat nəyə lazım, gülləsiz-filansız qırarıq onları. Televizorda kababı onlara göstərib özümüz yeyərik. Acından məcbur olub təslim olarlar.
İşdi birdən təslim olmasalar, kriminal verlişlərimiz işə düşər. Filankəs filanı ona əyri baxdığı üçün 12 dəfə bıçaqlamış, filan yerdə 10 manat pula görə taksi şoferini tikə-tikə doğradılar. Düşmənçiliyimizin amansız olduğunu onlara göstərmək üçün, iki qardaşın dava-dalaşını və ata oğul konfliktlərini yayımlayarıq kanallarımızda. Güc strukturlarımızın gücünü, təqaüdçü qadının qabırğalarından aldığı zərbələrdən ölümü ilə göstərərik. Nə olsun ki, neçə illərdi əməlli-başlı hazırlaşırlar, bizimkilər də boş oturmayıb axı. Vaxtaşırı məşqlər edirlər. Jurnalistlərin başında qoz əkərik, cürbəcür oyunlar, qruplaşmalar düzəldib tutarıq, buraxarıq və s. Necə deyərlər - " Bey svoix, çtob çujiye boyalis! "- " Özünkünü vur ki, başqaları qorxsun". Salam verənə zəhrimar, zəhrimar verənə can deyərək, əl tutana qapaz vuraraq, qapaz vurana baş əyərək strateji gedişlə dığaları çaş-baş edərik. Beləliklə Qarabağda bayrağımızın ucalması xəyallarını ölməyə qoymarıq. Yeri gəlmişkən, dolmanı, küftəni də unutmayaq. Mahnılarımızı mənimsəyirlər, heç qorxusu yoxdu saatda yüzünü yazıb, klipini çəkdirib internet məkanına sızdırarıq.
Bütün sahələrdə dığaları əzirik, maşallah... Qalıb bir müharibə. Ora da gedərik canları üçün. Amma nəsə yolumuz cəbhə bölgəsindən yan keçir hələ ki. Şəhərin yollarını o qədər abadlaşdırıblar ki, adam yoldan çıxmaq istəmir. Gözləyək o yanlara da yol çəksinlər...
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий