среда, июня 18, 2008

Həzrəti Fatimeyi-Zəhra (ə) və mən

Bismilləhir-Rahmənir-Rahim!

Fatimə! - Bu yalnız adi bir addır. Fatimə adı ilə çağrılan o qədər qız və qadın tanıyırıq ki. Əgər “Fatimə” yalnız bir ad kimi qeyd olunsa, bir neçə hərfin birləşməsindən ibarət sadə bir addır. Lakin bizim İslam mədəniyyətində, onun geniş və ilhamverici aləmində bu ad artıq yalnız adi bir ad deyil. Müqəddəslik və paklıq camalının aynası, əzəmət örtüyünün və saflığının inikası, bu dünyanın əvəzsiz müsəlman qadınları üçün bir örnək və nümunədir. Qaranlıq gecədə parlayan günəş, qadın həyatının əzabla, həqarətlə dolu tarixində işıqlı bir ulduzdur Fatimə (s.ə.)...
Bir müsəlman qızının, müsəlman qadınının nümunəsidir. Çalışqan və işgüzar, vəfalı və səliqəli bir qadın, inqilabi mübarizəyə qalxmış qadın, qəhrəman qadın, qəhrəmanlar anasının nümunəsidir.
Bütün bunlara görə bu ad İslam məktəbi, İslam mədəniyyəti çərçivəsində elə müqəddəs və ali bir ada çevrilir ki, onu yalnız pak bir qəlblə yad etmək olar.
Fatimeyi-Zəhra (s.ə.) kimdir?
Fatimeyi-Zəhra (s.ə.)! İlahi bir dinin dönməz imamlarının, rəhbərlərinin anası! Səbrli, xoşrəftar, mehriban bir həyat yoldaşı. Sözün həqiqi mənasında misilsiz bir möminə, elmli-bilikli bir qadın, ən mehriban bir ana, daima qaynayan bir çeşmə - “Kövsər” və danışan canlı Quran!
Fatimeyi-Zəhra (s.ə.) (Allahın və onun pak bəndələrinin salamı olsun ona)! Onun qısa və canlara od salan, ürəkləri dağlayan, lakin səmərəli həyatına, Allah yolunda və Allah üçün sürdüyü mənalı ömrünə nəzər salaq.
İslamın ilk illərində Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində böyük islam peyğəmbəri Rəsuli-Əkrəmin (s) evində dünyaya göz açmışdır. Hələ kiçik yaşlarında anası Xədiceyi-Kubranı (ə) itirən balaca Zəhra (ə), atasına sanki bir dayaq olur. Onun paltarlarını yuyar, bədxah insanlar tərəfindən atasının üstünə atılmış toz-torpağı onun saçlarından təmizləyər və üzünün tozunu balaca əlləri ilə silib gözlərinin yaşını tökərdi.
Balaca Fatimə çiyinlərinə düşən bu ağır məsuliyyətə dözdü. Hər vəchlə atasının xidmətində durub özünü onun kədərinə şərik etdi. Buna görə də Rəsuli Əkrəm (s) ona “atasının anası” deyə xitab edərdi. Bu bir qızın öz atası üçün fədakarlığının, candan keçməsinin ən yüksək nümunəsidir.
Bəli, bu qız adi bir qız deyildi. Peyğəmbər (s) buyurduğu kimi “Atasının anası” idi. Səbrli və vəfalı həyat yoldaşı, mehriban bir ana idi. Allah yolunda və ibadətlərində kamilliyin zirvəsi idi. Gündüzləri balaca əlləri ilə əl dəyirmanını fırladar, buğdanı un edib çörək bişirərdi ki, rəngi solmuş təmiz süfrəsində övladlarının çörəyi olsun. Axşamlar isə yorğun olmasına baxmayaraq, gecəni yarıdan sonra rüku və səcdədə olardı. Əziz oğlu Həsən Müctəba (ə) anasının pak və ürəkdən gələn ibadətləri haqqında belə deyir: “Cümə gecələrində görərdim ki, anam ibadət mehrabında durub Allaha dua və şükürlər edir, öz bəndəlik vəzifələrini yerinə yetirir. Bütün gücəni sabahadək rüku və səcdə vəziyyətində namaz qılır, Allaha dua və şükürlər edirdi. Sübh çağı daima mömin kişi və qadınların adlarını çəkir və əsla öz adını dilə gətirmirdi. Bir gün dedim: “Ana, niyə özümüz üçün dua etmirsən? Elə hey başqaları üçün dua edirsən?” Cavabında buyurdu: “Oğlum, əvvəl qonşu, sonra evin içi”.
Bəli, Fatimənin duası belə olmalı idi, yoxsa Allaha ibadət də yalnız özünü istəməyə çevrilmiş olardı.
Belə bəndəliyinə görə Allah Təalanın Həzrət Fatiməni (ə) nə qədər sevdiyini “Hədisi-Qüdsi”də olan bu hədisdən anlamaq kifayət edir: «Ey, peyğəmbərim, əgər sən olmasaydın, kainatı yaratmazdım. Əli (ə) olmasaydı, səni yaratmazdım. Həsən (ə) və Hüseyn (ə) olmasaydı, səni və Əlini (ə) yaratmazdım. Fatimə (s.ə.) olmasaydı, heç birinizi yaratmazdım».
Başqa bir hədisdə: “Dualarınızda Məni Fatimənin həqqinə and verin ki, duaları qəbul edim.”
Qurani Kərimin «Əş-Şura» surəsinin 23-cü ayəsində buyrulur: “Ya Peyğəmbər! De ki, mən sizdən bunun (risaləti təbliğ etmənin) müqabilində yaxınlarıma məhəbbətdən başqa heç nə istəmirəm”.
Rəvayətlərdə gəlmişdir ki, böyük İslam Peyğəmbəri (s) dəfələrlə: “Fatimə mənim bədənimin bir parçasıdır. Onu nə xoşhal edirsə, məni də xoşhal edir” - deyə söyləmişdir.
Başqa bir rəvayətdə bildirilir ki, bir gün Həzrət Peyğəmbər (s) Həzrət Fatimədən (s.ə.) soruşdu: «Bilirsənmi, sən niyə Fatimə adlanmısan?». Bu zaman Peyğəmbər (s) hüzurunda olan Əli (ə) maraqla soruşdu: «Niyə?» - «Ona görə ki, Allah Təala qızım Fatiməni (ə) və onun ardıcıllarını oddan uzaq və kənar etmişdir».(«Zəxarir-ül-ütba», səh.26 )
Allahın və onun Rəsulunun (s) böyük ehtirmla anıb sevdikləri bu xanımı biz necə də sevməyək?! Necə sevməyək ki, bütün cahana və öz qəhrəmanlıq səlnaməsini yazıb, hər kəsə örnək olan İmam Həsən (ə), İmam Hüseyn (ə) və Həzrət Zeynəb (s.ə.) kimi övladlar bəxş etmişdir?!
Xanımdan bizlərə əxləqı, izzəti, iffəti və hicabı yadigar qalmışdır. Hər bir müsəlman xanımının bunlara sahib çıxması vacibatdır.
Allahım! Məsum İmamlar (ə) anasından bizlərə qalan iffət və hicabımıza uzanan əlləri Həzrət Fatimə (ə) xatirinə Özün cəzalandır! Bizləri o Həzrətin (s.ə.) həyat yolunun davamçılarından qərar ver! Xanıma xatir bizləri cəhənnəm odundan uzaq elə! Xanım Fatiməni (s) anlayıb dərk etməyi bizlərə nəsib elə! Amin!

Babayeva Zəhra,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbi


Комментариев нет: