вторник, июня 03, 2008

Elm, yoxsa əməl?

Bir çox islam alimləri bildirirlər ki, İslam üç təməl üzərindədir: Elm, əməl və ixlas (hər bir savab işi pak niyyətlə, yalnız Allah rizası üçün etmək).
Düzdür, İslamda elmə böyük əhəmiyyət verilir və qətiyyətlə deməliyik ki, İslam yeganə haqq olan elmdir. Çünki Allahdandır. Bu elmi inkar edən hər şey batildir.
Yalnız bu elm haqqı nahaqdan, halalı haramdan, zülmü ədalətdən ayırar, Allahın dostunu və düşmənini tanıdar. Yeri gəlmişkən, bir məsələyə aydınlıq gətirmək istərdim. Bir çoxları islamın elmə verdiyi dəyərə, o cümlədən "bir saatlıq elm 70 ilin ibadətindən üstündür" kimi hədislərə istinad edərək çalışırlar ki, namaz, oruc və digər vacib əməllərdən yayınmalarına bəraət qazandırsınlar.
Halbuki namaz da, oruc da, digər vacib ibadətlər də Allahın elmindəndir."Bir saatlıq elmin 70 illik ibadətdən üstünlüyü"nə gəldikdə isə bilmək gərəkdir ki, islam Peyğəmbəri (s) bu hədisdə vacib ibadəti yox, müstəhəb ibadəti nəzərdə tutmuşdur. Bir kimsə doktor, akademik titulu ala bilər, lakin halal və haramın fərqində deyilsə, zalıma tərif deyib, məzluma biganədirsə, fəxr etdiyi elmi dərəcə haqqı batildən ayırmaqda ona kömək etmirsə, deməli dünya üçün çalışmış, axirət üçünsə tədarük görməmişdir. Beləsinin elmi faydasız, özü isə ziyandadır.
İslamın elmə münasibəti haqqında danışarkən son zamanlar dillərə düşmüş bir ifadəyə də toxunmamaq olmur. Deyirlər ki, "Allahdan qorxmaq lazım deyil, Onu sevmək gərəkdir". Ilk baxışda haqq söz təsiri bağışlasa da batilə daha yaxındır. Şübhəsiz ki, insan onu yaradan Allahı hər şeydən və hər kəsdən, o cümlədən, nəfsindən, ata-anasından, ailəsindən daha çox sevməlidir. Çünki ən böyük sevgiyə layiq Odur. Lakin ilahi sevgi ilahi qorxunu inkar etməz, əksinə onu təsdiq edər (ilahi qorxu dedikdə, Allahın haqq və ədalətli olan əzabından çəkinmək nəzərdə tutulur). Allah-Təala Qurani-Kərimdə buyurur: "İnsanlardan qorxmayın, Məndən qorxun" («Maidə», 44).
Əslində qorxusuz qəlblə sevənlərin sevgisi, qəlbində Allah qorxusu olanların sevgisi yanında çox kiçikdir. Lakin bilmirlər, çünki bilmək üçün çatışmayan qorxu, qorxmaq üçün də çatışmayan elmdir. Hədislərdə buyurulur: "İnsanın Allahdan qorxması elm olaraq, özünü bəyənməsi də cahillik olaraq ona yetər. Hikmətin başı qorxudur". Insan çəkindikcə öyrənməyə, öyrəndikcə də daha çox çəkinməyə başlayır. İlahi xof olmayan qəlbdən Allaha sığınan İslam peyğəmbəri (s) əshabına deyərdi: "Mənim bildiyimi siz bilsəydiniz, az gülər, çox ağlardınız".
İslamda elm əməlsiz təsəvvür olunmur. Ən böyük alim belə bildiyinə əməl etmirsə və başqalarına öyrətmirsə, təbii ki, ziyandadır. Əlbəttə, bəndələrini tuta biləcəkləri yük qədər sınağa çəkən Allah-Təala şübhəsiz ki, başqa nemətləri kimi elm və hikməti də hər kəsə eyni dərəcədə verməmişdir. Birinin çox, digərinin az bilməsi təbiidir. Lakin bilməyən üçün bəraət deyildir. Çünki Quranda buyurulur: "Həqiqətən, onu doğru yola yönəltdik - istər şükür edən olsun, istərsə də nankor" («İnsan», 3).
Allahdan bizə bəxş edilən elmin yalnız Ona xatir sərf edilməsi diləyi ilə....
Allah amanında!

Yeganə Fərəc,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: